Bədrəddin Quliyev: “Bütün türk dünyasını Qarabağ probleminin həllinə səfərbər etməliyik” “Avropa ilə ünsiyyətin yalnız bir dili var, bu da “demokratiya dilidir”
“Türkiyənin Afrin əməliyyatı türk dünyasına sevinc bəxş etməkdədir”
Son günlər Yaxın və Orta Şərq regionunda baş verən olaylar, Türkiyənin Afrin əməliyyatı, Ermənistan və PKK arasında genişlənən əməkdaşlıq, Qarabağ probleminin həlli istiqamətində atılan diplomatik addımlar, Avropanın bu problemə münasibəti və s. Azərbaycan insanını düşündürən əsas problemlər sırasındadır. Moderator.az olaraq Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə söhbətimizdə bu məsələləri şərh etməyə çalışdıq.
-Bədrəddin bəy, bu günlərdə Avropadan səfərdən qayıtmısınız. Səfərlə bağlı düşüncənizi bilmək istərdik. Səfərin məqsədi, məramı nədən ibarət idi?
-Səfərimiz Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində idi. Səfər əsnasında Danimarka, Norveç və İsveçdə olduq. Bundan öncə isə Balkanlarda olmuşduq. Səfərimizin məqsədi Avropadakı Azərbaycan diasporları, eləcədə türk toplumlarının, təşkilatlarının Avropa ilə əlaqələrini öyrənmək, Avropa ilə milli maraqlar aspektində münasibət qurmağın mümkün yollarını araşdırmaq idi. Biz öyrənməyə çalışdıq ki, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı hansı mövqedən çıxış etsək Avropada daha uğurlu və effektiv alınar.
-Müşahidələriniz əsnasında hansı qənaətə gəldiniz?
-Gördüklərimizdən gəldiyim qənaət bundan ibarətdir ki, Azərbaycanın dərdləri, problemləri ilə bağlı məsələləri Avropa cəmiyyətinə doğru, düzgün bir şəkildə çatdırmaq lazımdır. Sevindiricidir ki, Avropadakı türklər, türk toplumları Avropa cəmiyyətinə inteqrasiya edə bilib. Onların bəzisi Avropa dövlətlərinin həyatında fəal iştirak edir. Bələdiyyələrdə, partiyalarda, yerli hökumətlərdə, ölkənin ictimai-siyasi və mədəni həyatında təmsil edilir. Avropanın aparıcı partiyaları ilə yüksək əlaqələr qurur.
Şərq tərəfdaşlığı formatında Avropa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. NATO Parlament Assambleyası səviyyəsində də Azərbaycanın ərazi bütövlüyü tanınır. Avropa Şurası səviyyəsində də Qərb ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Demək istədiyim odur ki, Avropa ilə münasibətləri elə qurmaq lazımdır ki, cəmiyyətimiz bundan divident götürə bilsin.
- Sizcə belə bir divident əldə etmək üçün Avropa ilə hansı "dildə” danışmaq daha məqsədəuyğundur?
-Avropa cəmiyyətinin dili "demokratiya dilidir”. Onlarla dil tapmaq üçün demokatiya müstəvisində sistemli iş aparmaq lazımdır. Bu, vacib və birmənalıdır.
-Avropa ilə əməkdaşlıq istiqamətində atılması gərəkən ilk praktiki addım nə olmalıdır və ya nə ola bilər?
-İlk etab olaraq ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üçün addım atmaq lazımdır. Bununla bağlı konkret mövqe ortaya qoyulmalıdır. Dünyanın 168 ölkəsi ÜTT-nin üzvüdür. Baxın, Ermənistan Şərq tərəfdaşlığı sazişini imzalayıb. 286 paraqrafdan 256 paraqrafa qoşulub. Azərbaycan ÜTT-ə daxil olmaq üçün bütün müvafiq qurumlarda, eləcə də vergi və gömrük sahəsində ciddi islahatlar aparmalıdır. Şəffaflığı artırmalıyıq ki, bu təşkilata üzv ola bilək.
168 ölkə ÜTT-nin üzvü olsa da, Azərbaycan bu gün də sözügedən təşkilatın üzvü deyil.
Doğrudur, bu məsələdə bəzi obyektiv çətinliklər var. Məsələn, ÜTT-ə daxil olmaq üçün tələb olunan şərtlərdən biri bundan ibarətdir ki, bu quruma üzv olan dövlət istisnasız olaraq bütün dövlətlərlə əməkdaşlıq etməlidir. Qarabağ probleminə görə Azərbaycan Ermənistanla bütün əlaqələri kəsib. Lakin Azərbaycan hökmən ÜTT-ə daxil olmalı, özünü buna hazırlamalıdır.
Əgər biz dünyanın bir parçasıyıqsa, dünyadan öz problemlərimizin həlli ilə bağlı kömək umuruqsa, deməli, onlarla əməkdaşlıq etməliyik. Həm Azərbaycanda, həm də Avropadakı soydaşlarımız arasında vətənpərvərlik ruhu yüksək olmalıdır. Təəssüflə qeyd etməliyəm ki, gedənlərin bir qismi narazı elektoratdır. Son vaxtlar isə ora gedənlərin arasında savadlı mütəxəssislər də var. Onlar Avropa cəmiyyətində mütəxəssis kimi tanınır, orada yaşayır və orada fəaliyyət göstərirlər. Onların Avropadakı fəaliyyəti, statusu ölkəmizin maraqları baxımından daha faydalıdır.
-Sizcə Avropa və Azərbaycan arasındakı əlaqələrin inkişafını təmin etmək üçün ölkəmizin bu dövlətlərdəki səfirliklərinin üzərinə hansı missiya düşür?
-Şübhəsiz, səfirliklərin də bu məsələdə üzərinə ciddi öhdəlik düşür. Ümumiyyətlə, Avropa dövlətlərinin, onların önəmini nəzərə alıb bu ölkələrdə yüksək vətənpərvərliyə və bacarığa malik kadrların fəaliyyətinə diqqəti artırmaq lazımdır. Avropa mühitində fəaliyyət göstərməli olan şəxslərin yüksək təfəkkürü, akademik biliyi olmalıdır ki, Azərbaycanı həmin dövlətlərdə layiqincə təmsil edə bilsin.
Bütün bu fəaliyyətin mənbəyi isə təbii ki, Azərbaycan, doğma vətənimizdir. Dünya bizi türk olaraq tanıyır. Biz də dünyada bu ad altında fəaliyyət göstəməliyik. Çünki biz türkük. Azərbaycanlı deyəndə isə sanki belə anlaşılır ki, yeni bir millət ortaya çıxıb. Biz oğuz türkləriyik və Türkiyə türkləri ilə eyni boydanıq. Oğuz türkü olaraq istəyir Süleyman şah, istəyir Ərtoğrul, istəyir Osmanlı, istəyir Murad olsun - hamısı bizimdir. 36 sultanlığın hamısı bizik. Yaşadığımız ərazilər – Azərbaycan, Cənubi Azərbaycan, Suriya, İraq və s. oğuz türklərinin yaşadığı ərazidir. Balkanlar da türklərin vətənidir.
Ölkədən kənarda olanda ziddiyyətlərdən uzaq şəkildə, yalnız milli maraqları əsas götürüb fəaliyyət göstərmək lazımdır. Bunu Türkiyə türkləri çox gözəl bacarır və bu məsələdə onlardan öyrənməli olduğumuz çox şeylər var. Türkiyə türkləri partiyalar xətti ilə də hərtərəfli fəaliyyət göstərir. MHP-nin, CHP-nin, AKP-nin ayrıca xətləri mövcuddur. O yerdə ki, söhbət dövlət maraqlarından gedir, onların hamısı bir bayraq altında birləşir. Dövlət, millət məsələsində onlarda ayrı-seçkilik yoxdur. Eyni prinsipləri mən özümüzdə görmək istəyirəm.
-Müşahidələrinizin nəticəsi əsasında konkret olaraq hansı addımlar atmağı düşünürsünüz? Atılması gərəkən addımlarla bağlı müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək niyyətindəsiniz, yoxsa bir partiya olaraq proseslərin mərkəzində dayanıb lazımi addımları özünüz həyata keçirmək fikrindəsiniz?
-Biz partiya olaraq bu xətti aparmaq niyyətindəyik. Çünki dövlət təmsilçilərinə bundan öncə də bu fikirləri bildirmişəm. Biz milli ruhun inkişafına nail olmalıyıq. Hər bir sahədə milli ruh hakim olmalıdır. Yalnız belə olan halda istər Qarabağ, istərsə də digər taleyüklü məsələlərdə uğura nail olmaq olar. Biz müəyyən etməliyik ki, millət olaraq nə istəyirik və buna hansı yolla nail ola bilərik. Əgər biz sadəcə gözləmə mövqeyində dayanacayıqsa, o zaman proseslər bundan sonra da uzanıb gedəcək. Biz partiya olaraq həm Türkiyə, həm də Avropadakı əlaqələrimizi daha da gücləndirmək niyyətindəyik. Məqsəd Azərbaycanın maraqlarının daha geniş və effektiv şəkildə təmin edilməsidir. CHP-nin Avropa ilə geniş əlaqələri var. Bu yaxınlarda Avropa Birliyinin üzvü olan partiyaların hamısı CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdülər. Biz Türkiyə, oradakı partiya liderləri, təşkilatlarla münasibətlərimizi inkişaf etdirməliyik. Yəqin hamı xatırlayır ki, Avropa Şurasında Azərbaycanla bağlı məsələ müzakirə olunan zaman Dəniz Baykal başda olmaqla, bir neçə nəfər ölkəmizin əleyhinə səs vermişdilər. Bu cür olayların bir daha yaşanmaması üçün əməkdaşlığın genişlənməsinə ciddi ehtiyac var.
-Azərbaycanda türklük ruhunun yüksəldilməsi üçün hansı addımlar atılmalıdır?
-Düşünürəm ki, türk xalqlarının Azərbaycanda qurultayını keçirmək lazımdır. Azərbaycanı türkçülüyün mərkəzinə çevirmək lazımdır. Regionumuzda yaxın gələcəkdə ciddi, strateji dəyişikliklər gözlənilir. Biz milli ruhi daha da gücləndirməliyik. Bu gün Türkiyə Suriyada əməliyyat aparır, öz sərhədlərindən kənara çıxır. Türk dünyası ilə bağlı Qərb dairələrində müxtəlif planlar mövcuddur. Bizi parçalamaq, torpaqlarımızda kürd-erməni dövlətləri yaratmağa çalışırlar. Tarixi Azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaratdılar. Mosul və Kərküklə bağlı da Qərbin çirkin planları mövcud olub və bu gün də var.
Sevindirici haldır ki, Türkiyə getdikcə güclənir. Türk dünyasının yenidən yüksəliş dövrü başlayır. Istər ABŞ, istər anqlo-sakslar, istərsə də Rusiya Türkiyə ilə hesablaşmağa məcbur olur. Belə bir zamanda bizim də güclü olmağımız, türk dünyası olaraq Türkiyə ilə həmrəylik sərgiləməyimiz, problemlərin üstünə birlikdə getməyimiz olduqca vacibdir. Biz Qarabağ probleminin həllinə bütün türk dünyasını səfərbər etməliyik. Bunun üçün isə milli ruha, türkçülüyün inkişafına, həmrəyli zəruridir. Milli ruhu hakim etmək lazımdır. Və bütün bunları kiminsə xatirinə deyil, xalqın, millətin xatirinə həyata keçirmək lazımdır.
-Türkiyənin Suriya əməliyyatına Azərbaycan və digər türk dövlətələrinin dəstək verməsi ümumtürk maraqları baxımından nə dərəcədə əhəmiyyətlidir?
-Türk toplumu baş verənlərdən sevinc duymalıdır. Çünki bizim hamımızın varlığı baxımından Türkiyənin önəmi olduqca böyükdür. XVIII əsrdən bəri anqlo-sakslarla rusların gizli ittifaqı türklərin çökdürülməsinə hesablanmışdı. Qacarlarla Osmanlı çökəndən sonra bizim bəlalarımız başladı. Bu gün isə türkün qalxma dövrü başlayıb. Bu gün Türkiyə öz sərhədlərinə sığmır. Heç kimin diktəsini qəbul etmir və özü-öz ətrafındakı problemləri həll edir. Biz hamımız Türkiyənin yanında olmalıyıq.
Bu günə qədər Qərbin maraqları fonunda Türkiyənin, Pakistanın və İranın üstünə gedilirdi. Hansı ki, bunların üçü də müsəlman dövlətidir. Bizim regionumuzda demək olar ki, bütün iri güclərin maraqları mövcuddur. Belə olan halda biz Türkiyəni bütün mümkün vasitələrlə dəstəkləməliyik. Biz bir olmasaq, təklənsək, baş verənlərin qarşısında aciz olacayıq. Bu strateji güc mərkəzlərinin qarşısında yalnız birliklə dayanmaq olar.
-Afrin əməliyyatı Türkiyənin terrora qarşı mübarizə çərçivəsində ölkə xaricində belə qətiyyətli addımlar atmağa qadir olduğunu göstərdi. Sizcə Türkiyə bu cür anti-terror əməliyyatını eyni qətiyyətlə Qarabağda erməni-PKK terroristlərinə qarşı reallaşdıra bilərmi?
-Qarabağda PKK dəstələrinin təlim keçməsi, terrorçuların hazırlanması ilə bağlı məsələlər Türkiyə mediasında hallanmağa başlayıb. PKK ilə erməni terror təşkilatlarının əməkdaşlığı, bir-birlərini dəstəkləməsi hər kəsə məlumdur. PKK və onun havadarlarının İran və Azərbaycanla bağlı da müəyyən planları mövcuddur. Neçə ildir ki, Ermənistanın əhalisi üç milyona yaxın olaraq qalıb. Halbuki, Ermənistandan kənara xeyli müddətdir ki, köç başlayıb. Və bu köç davam etdikcə PKK tərəfdarı olan kürdlərin Ermənistana cəlb edilməsi prosesi gerçəkləşir. Buna görə də Türkiyə Qarabağda anti-terror əməliyyatı aparmaqda maraqlıdır. Biz də çalışmalıyıq ki, Türkiyənin regiondakı gücü artsın, digər güclər isə zəifləsin. Bu, bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri olmalıdır.
Seymur Əliyev
Paylaş: