Hamı onu şoumen, teleaparıcı kimi tanıyır. Şəxsən ünsiyyətdə olmasan, onun milli azadlıq hərəkatındakı iştirakı adamın ağlına belə gəlməz. Söhbət televiziya kanallarından tanıdığımız aparıcı Kamran Həsənlidən gedir.
Bəlkə də çoxları, xüsusən də gənc nəsil bilmir ki, Kamran Həsənli vaxtilə Azərbaycan Xalq Cəbhəsi təşkilatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub.
Modern.az saytının əməkdaşı Əbülfəz Elçibəyin 24 iyunda qeyd ediləcək 80 illik yubileyini nəzərə alaraq Kamran Həsənli ilə söhbətləşib.
– Hamı sizi şoumen, aktyor, jurnalist kimi tanıyır. Ancaq çoxları bilmir ki, Kamran Həsənli həm də hərəkatçı olub.
– Mən uşaq yaşlarımdan siyasətlə məşğul olmağa başlamışam. Vaxtilə babalarımızı Sovet dövründə repressiyaya məruz qoyublar. Rəhmətlik anam Səmayə xanım orta məktəbdə müəllim olub. Atam da ağlarla qırmızıların arasında olan siyasətdən, turançılıqdan, türkçülükdən mənə danışardı. Mən uşaqlıqdan belə böyümüşəm.
Biz düz şəhərin mərkəzində yaşayırdıq. Bizim məhəllədə 142 mənzil var idi. Bu, 142 ailə demək idi. O zaman evlər bir-birinin içində idi. Orada cəmi 2 azərbaycanlı ailəsi var idi. Orada rusca danışılırdı. Musiqi düşüncəsi tamam başqa idi. Orada insanlar caza, roka, klassik musiqilərə qulaq asırdılar. Onlar hind kinolarına getmirdilər. Onlar üçün hind kinolarına getmək təhqir sayılırdı.
– Ruslarla ermənilər qalırdı orada?
– Ruslar, ermənilər, yəhudilər, almanlar qalırdılar. Ora “internasional kaşa” idi. Mənə ailəmdə deyirdilər ki, onlardan ağıllı olmalıyam. Mənə deyirdilər ki, onlar nə qədər kitab oxuyursa, sən onlardan iki dəfə artıq oxu, onlardan geri qalma. Mən də kitabları rusca oxuyurdum.
Sonra Bülbül adına məktəbdə oxudum. Biz orada Sovet rejiminin tüğyan etdiyi dövrlərdə -1970-ci illərin sonunda milliyyətçi təşkilat yaratdıq. Bəxtiyar Vahabzadənin “Gülüstan” əsərini yazıb divara vururduq, səhər tezdən məktəb açılanda onu çıxardırdılar. Biz yenə axşamlar o əsəri divara vururduq.
– Necə oldu ki, milliyyətçi təşkilat yaratmağa qərar verdiniz?
– Heydər Əliyev o zaman rayonlardan olan insanların da Bülbül adına məktəbdə təhsil almasını tapşırmışdı. Rayonlardan, bölgələrdən milliyyətçi düşüncədə olan insanlar da bu məktəbə gəlməyə başladılar. Biz – Bakıda olan milliyyətçilər də onlara qoşulmağa başladıq.
Düzdür, biz romantikaya qapılmışdıq. Elə bilirdik ki, milliyyətçilik çox asan şeydir. Romantika davam etdi. Sonra mən konservatoriyaya daxil oldum. 1980-ci illərin sonunda hərəkat başlayanda mən konservatoriyanı bitirmişdim. Amma orada dayaq dəstəsi yaratdıq və onun sədri oldum.
– Bəs bu qədər ictimai aktiv idinizsə, izlənilmirdiniz?
– 1980-ci illərin ortalarında Sovet rejimində yumşalma siyasəti başlamışdı. Artıq Lenin, Stalin, Brejnev haqqında siyasi lətifələr danışılırdı. Həmin vaxtlar Sovet qırmızı almaya bənzəyirdi – üstü qırmızı içi ağ.
Sovet dövründə milis çox zaman bu cür işlərə baxmırdı. Milis kriminala baxırdı. Heç bir izlənmənin şahidi olmamışam. Bəlkə də izlənilmişəm, amma bundan xəbərim olmayıb. Yəqin ki, konservatoriyada izlənilmişəm.
O zaman Sovet İttifaqında qalmaq üçün Azərbaycanda referendum keçirildi. Bütün məntəqələrdə referendumun nəticələri saxtalaşdırıldı. Bircə konservatoriyada biz sandığın başının üstündə dayandıq. Oradan çıxan nəticə bu oldu ki, Azərbaycan Sovet müstəmləkəsində qalmaq istəmir.
Bu dayaq dəstəsinə müəllimlər də dəstək olurdu. Açıq-aşkar bizə qoşulmasalar da. Onlar bizə müstəqillik istdədiklərini deyirdilər, amma aktiv şəkildə bizə qoşulmurdular. Litvada isə müəllimlər də, yaşlı müəllimlər də belə proseslərə qoşulurdu.
Bizim ayrıca otağımız var idi, artıq konservatoriyanın girişində Leninin şəklini çıxarıb yerinə Azərbaycan bayrağını vurmuşduq.
– Həmin vaxta qədər Əbülfəz Elçibəyi qiyabi də olsa tanıyırdınız?
– Mən Əbülfəz Elçibəyi hərəkatda tanımışam. Ona qədər isə tanımamışam.
– Heç adını da eşitməmişdiniz?
– Düzü, heç adını da eşitməmişdim.
– Çox qəribədir. Amma Elçibəy artıq kifayət qədər tanınırdı.
– Sovet vaxtında bir çox şeylər qara sular altında idi. Bizim heç kimlə kontaktımız yox idi. Başımızı aşağı salıb mübarizəmizi aparırdıq.
– Bəs Elçibəylə ilk tanışlığınız necə oldu?
– İlk tanışlığımız AXC qərargahında oldu.
– Təəssüratlarınızı bölüşmənizi istərdik.
– Çox böyük təəssüratdır. Mən dayaq dəstəsinin sədri olduğuma görə sədr kimi qərargaha gedib-gəlirdim. Məni həmin dayaq dəstəsindən AXC Ali Məclisinin nümayəndəsi seçmişdilər.
Mənim Elçibəylə ilk görüşüm heç zaman yaddan çıxa bilməz. Mən uşaqlıqdan tarix aşiqiyəm. Ən çox sevdiyim tarixçi də Lev Qumilyovdur. Lev Qumilyovun kitablarını oxumuşam. Dili bir az çətindir, tarixi terminologiyalar üstünlük təşkil edir.
Amma mən onları uşaqlıqda oxumuşdum və əsərlərini sevirdim. Azərbaycanda Qumilyovdan danışmağa tərəf müqabili tapa bilmirdim. Mən danışmağa başlayanda görürdüm ki, insanlar Qumilyovu oxumayıblar. Heç oxumaq məcburiyyətində də deyildilər.
Qumilyovu oxuyanda başa düşürsən ki, nələr baş verir. O, çox böyük alim olub. İlk dəfə Əbülfəz Elçibəylə söhbətimiz zamanı bəlli oldu ki, o da Qumilyovu oxuyub və yaxşı bilir. Mən elə bilirdim ki, Elçibəy sırf Azərbaycan türkcəsində oxuyub, danışa bilir. Amma gördüm ki, Elçibəy həmin kitabları oxuyubsa, deməli, rus dilini də mükəmməl bilir. Bildim ki, o, rus dilini bizdən də yaxşı bilir. Həmin söhbətdən sonra bir-birimizə isti münasibət yarandı. Hətta onun ətrafındakılar məni qısqanmağa da başladılar.
Elçibəy isə deyirdi: “Siz başa düşsəniz ki, bu danışdıqlarımızın nə qədər xeyri var, bizi anlayarsınız”.
O zaman milliyyətçi romantikaya qapılmışdıq. Elə bilirdik ki, müstəqillik qazanan kimi hər şey düzələcək.
Ondan sonra mən tamamilə aktivləşdim. Hətta 1991-ci ildə keçirilən parlament seçkilərində dairə seçki komissiyasının sədri seçildim.
Elə seçildim ki, oradakılar heç biri mənim cəbhəçi olduğumu bilmədi. Rus dilli, şəhər tipajlı bir adam, 06 maşında… Ona görə elə bilirdilər ki, mən partiya işçisiyəm. Müavinim corab zavodunun partkomu idi. Digər müavinim isə Raykomdan olan nümayəndə idi. Ona görə elə bilirdilər ki, mən Kommunist Partiyasının üzvüyəm.
– Yenə saxtakarlıq aşkarladınız?
– Seçki zamanı Xalq Cəbhəsinin nümayəndəsi var idi. Adı Gündüz idi, mikrorayonda sahə həkimi idi. Bir də başqa adamlar namizəd idi, univermaq direktorları kimi nüfuzlu adamlar. Tahir Salahov da namizəd idi. Elə oldu ki, seçkinin nəticələrinə görə Gündüz qalib gəldi. Axşam bülletenləri saymağa başladıq. Artıq möhür vurulurdu. Böyrümdə olan partiya işçisi bildirdi: “Kamran sən bilirsən ki, kim qalib gəlib? Qalib Gündüzdür”. Mən isə dedim ki, “lap yaxşı, möhürləyin getsin, aparıb Mərkəzi Seçki Komissiyasına verəcəyəm”. Bunlar etiraz etdilər: “Kamran sən nə danışırsan, qalib Gündüzdür ee”. Mən isə “qalib kimdirsə, o da deputat olmalıdır. Sizin etdiyiniz isə cinayət işidir, seçkilərin nəticələrini saxtalaşdırmaq istəyirsiniz” dedim.
Nə isə, protokola qol çəkdik, qalib Gündüz idi. Amma 2-3 gündə sonra bizim dairənin nəticələrini ləğv etdilər.
Nə isə, bir sözlə, aktiv idim. Amma AXC 1992-ci ildə hakimiyyətə gələndə, mən istefa verdim.
– AXC 1989-cu ilin 16 iyulda yarandı. Yarananda ondan nələr gözləyirdiniz?
– Mən gözləyirdim ki, Xalq Cəbhəsi bütün intellektual insanları bir yerə yığacaq, ayrı-seçkiliyə son qoyulacaq. Amma başa düşürdüm ki, AXC bir partiya deyil, siyasi çətirdir. Burada bütün spektrdən olan qüvvələr azadlıq üçün bir araya yığışmışdılar. Ona görə də, onlar 1992-ci ildə hakimiyyətə gələndə etiraz etdim. Dedim ki, AXC partiya kimi seçkilərə gedə bilməz.
Ona görə də, mən istefa verdim.
– İstefa məsələsinə 2-ci dəfədir ki, vurğu edirsiniz. Bu barədə suallarımız olacaq. Gəlin, indi lenti yenə geri fırlayaq. Siz AXC təşkilatında Elçibəyin millətlərarası münasibətlər üzrə müşaviri olmusunuz. Bu qədər “qocamanlar” ola-ola necə oldu ki, sizin kimi gənc müşavir oldu?
– Elçibəy məni çox istəyirdi. Ən azından Qumilyovu dərindən bildiyimə görə. Hər şey Qumilyovun fikirləri ətrafında apardığımız müzakirələrdən başladı. Biz türk etnosundan söhbətlər edirdik. Bir dəfə bizim iclasımız oldu. Mən bir çıxış etdim. “Niyə Turanda türk etnosu bu gündədir?”, “Bu gün düşdüyümüz akamatik fazadan çıxış yolu necədir?” kimi suallara cavablar axtarırdıq.
Mənim çıxışlarım Elçibəyin xoşuna gəlirdi, o, məni əvvəllər mədəniyyət məsələləri üzrə müşavir təyin etmək istəyirdi. Çünki konservatoriyanı bitirmişdim. Lakin sonda məni millətlərarası münasibətlər üzrə müşavir təyin etdi. Səbəbkar Qumilyov idi.
– AXC yaranandan bir müddət sonra təşkilat daxilində parçalanmalar oldu. Liberal qanad və millətçi qanad bir-birini ittiham etməyə başladı. Siz hansı qanadda təmsil olunurdunuz?
– Heç birində. Mən intriqaların heç birində iştirak etməmişəm.
– Söhbət intriqalardan getmir, ideoloji olaraq hansına yaxın idiniz?
– İdeoloji olaraq AXC-yə qoşulmağımın məqsədi Azərbaycanın müstəqilliyinin qazanılması idi. Azərbaycan müstəqil olandan sonra mən gedib öz işimlə məşğul olmaq istəyirdim. Amma vətəndaş kimi borcum idi ki, hərəkatda iştirak edim. Özü də mən evin tək oğlu idim, imkanımız da yaxşı idi. Buna baxmayaraq, mən mitinqlərdə, 20 Yanvar ərəfəsindəki barrikadalarda olmuşam. Həbsdə də olmuşam.
Yenə istefa söhbətinə qayıdıram. Bizim məqsədimiz müstəqillik idi. O da qazanıldı. Hakimiyyətə gəlmək isə başqa məsələ idi. Hakimiyyətə gəlmək üçün təcrübə, idarəçilik bacarığı, səriştə lazım idi. Bu, milliyyətçi romantika deyil.
– Yəqin ki, 1988-ci ilin noyabr mitinqlərində də xalqın arasında idiniz.
– Təbii ki. Elə bir mitinq olmayıb ki, ora getməyim. Hamısına da əlimdə bayraq gedirdim.
Məşhur yallı var e, indi də göstərirlər. Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtdığı zaman. Orada yallının içərisində olanlardan biri mənəm. Bunun təşəbbüskarı da mən idim, çünki musiqiçi idim, ağlıma belə ideya gəlmişdi.
O zaman Paşa adında biri var idi, ona dedim ki, gəlin yığışıb yallı gedək.
– Həbsiniz nə zaman olmuşdu?
– 20 Yanvar hadisələrindən sonra Əbülfəz Elçibəy bizə tapşırmışdı ki, qərargaha gəlməyək. Biz isə gənc idik, beynimiz qanlı idi. Daha başa düşmürdük ki, dünyanın ən güclü ordusu Bakıya gəlib.
Elçibəy istəyirdi ki, bizi qorusun. Çox humanist adam idi. Elçibəyin daxilində milliyyətçiliklə kosmopolitizm birləşmişdi. İnsana çox böyük dəyər verirdi.
Bizdə bir Sveta xanım var idi. Əbülfəz Elçibəy ona “İşıq xanım” deyirdi.
Nə isə biz qərargaha gəldik. Rus əsgərləri də orada gəzirdi. Onlar bizi indiki Rəşid Behbudov küçəsinə çıxartdılar. Orada AXC-nin Nəsimi qərargahı var idi. Zirzəmi kimi bir yer idi. Biz o qərargahın bayıra baxan damından bayrağı çıxarıb, üstünə qara lent bağlayıb yenidən yerinə asmışdıq. O zaman da üçrəngli bayraq qadağan idi.
Rus hərbçilər üstümüzə qışqırırdılar. Mənim həbsim axıra kimi olmayıb. Bizi Rəşid Behbudov küçəsinə çıxartdıqdan sonra insanlar etiraz etdilər. Təsəvvür edin, əli avtomatlı əsgərlərə tüpürən kim, kaskalarına qapaz vuran kim, söyən kim. 22-23 yanvar idi. Həmin əsgərlər məcbur olub bizi buraxdılar.
Amma mən həbsxanaya düşmədim. Hərbçilər deyirdilər ki, bizi “Qara şəhər”dəki qadın türməsinə aparacaqlar. Sonra da oradan Krasnodara-filan göndərəcəkdilər.
– Bəs 20 Yanvar gecəsi harada idiniz?
– 20 Yanvar gecəsi 2 barrikadada olmuşam.Biri Salyanski kazarmanın qabağında idi.Biz oranı mühasirəyə almışdıq ki, əmr olunsa, əsgərlər oradan çıxa bilməsinlər. Əlimiz boş dayanmışdıq orada. Heç bilmirdik əli silahlılar çıxsa nələr edəcəkdik.
Sonra bir “Vilis” gəldi, içəri keçmək istədi. Biz onu saxladıq, içindən əsgəri çıxartdıq. Onu döymək istəyirdilər. O yazıq da tir-tir əsirdi. O cür qorxan adam görməmişdim. Rus əsgər idi, gördüm ki, o ağarıb. Etiraz etdik ki, onu döyməsinlər.
Sonra indiki Prezident Administrasiyasının qarşısına, postumuza gəldik. Kamil Şahverdiyev, Murad Məmmədov və naxçıvanlı dostum Qasımla bir yerdə idik. Orada meyitlər gəlməyə başladı. Mən burada bir adamın jestini xüsusilə qeyd etmək istəyirəm.
O zaman 06-mı “Baksovet” tərəfə qoymuşdum ki, guya tankların qarşısını kəssin. Mənim maşınımdan başqa “Moskviç” və bir “Jiquli” də var idi. Tanklar gələndən sonra bildim ki, maşınları əzib keçiblər.
Həmin ərəfədə AXC liderləri tribunadan çıxışlar edirdi. Tanklar gələndə isə bir nəfər də lider qalmamışdı. Heç kim qalmamışdı, bir nəfər lider yox idi. Orada biz səsgücləndirici qoşmuşduq. “Azadlıq” radiosunu tutduq. O zaman Mirzə Xəzər danışırdı. Və Rəmişin “Bayatı Şiraz”ını buraxdılar. Artıq meyitlər gəlirdi. Bizə əmr edirdilər ki, radionu söndürək. Orada bir milis mayoru var idi. O milis mayoru Sovet hökuməti tərəfindən bizim əleyhimizə göndərilən dəstənin içində idi. Bu məqamda milis mayoru ora çıxdı. Azərbaycanca çox pis danışırdı. O dedi: “Uşaqlar, səs eləməyin”. Sonra rus hərbçilərə rusca dedi: “Ey Sovet əsgərləri, sizə müraciət edirəm! Siz bu gün alçaqsınız. Mən bu işə təhkim olunmuşam. Amma artıq bu rütbə mənə lazım deyil”. Sonra rütbəsini çıxarıb yerə atıb qışqırdı: “Siz alçaqsınız. Atəş aça bilərsiniz Uşaqlar “azadlıq!””. Biz də səsimiz batana qədər “azadlıq!” qışqırdıq. Həmin Sovet milis mayoru idi bizi yönəldən. Əsl milli qəhrəman o idi!
– Rus idi?
– Rus deyildi, bizim kimi qara idi. Adını da bilmirəm. Səhər saat 5-də tanklar geri döndü. Onların yerinə əsgərlər gəldi. Amma hiss olunurdu ki, bu, bir neçə gün qabaqkı əsgərlər deyil. Onlar başa düşmürdülər ki, nə baş verib.
– Elçibəy sizin üçün birinci lider idi, bəs ikinci kim idi?
– Xeyr. Elçibəy mənim üçün birinci lider olmayıb. Mənim üçün birmənalı hərəkat lideri azadlıq düşüncəsidir. Mənim çox etirazlarım, tənqidlərim olub. İndi də eləyəm. Mən Sabirin, Cəlil Məmmədquluzadənin nəvəsiyəm. O zaman da tənqidi yanaşırdım. Orada əyalətçilik var idi, mən isə buna etiraz edirdim. Siyasətçi kübar, aristokrat olmalıdır. Təbii ki, Elçibəy belə idi.
– Yəni demək istəyirsiniz ki, Elçibəyin ətrafındakılar kübar deyildi?
– Bəli. Onlar çox hay-küyçü, əyalətçi düşüncəsində olan insanlar idi. Əksəriyyətində Sovet psixologiyası var idi. Onlar heç müstəqilliyin nə olduğunu anlamırdılar. Onlar vəzifə tutmaq istəyirdilər “biz gələcəyik, hər şey yaxşı olacaq” düşüncəsində idilər.
– Yəqin ki, bu məsələləri Əbülfəz bəylə də danışmısınız.
– Dəfələrlə. Ali Məclisdə tənqidi çıxışlarım da olurdu. Mənə qarşı da tənqidi çıxışlar olurdu. Mənim liderim azadlıq düşüncəsi idi.
– Hər halda, Əbülfəz Elçibəyin bəyənmədiyiniz tərəfləri də olardı. Nə idi bunlar?
– Bunlar bəyənmədiyim tərəf deyildi. Əslində bunlar onun üstünlüyü idi. Siyasətdə isə bu məqamlar siyasətçiyə güc vermir. Mən onu tənqid edə bilmərəm. Amma siyasətdə bəzən qəddarlıq, daha da prinsipiallıq lazımdır.
– Əbülfəz Elçibəy çıxışlarınıza nə reaksiya verirdi?
– Heç nə! O, istənilən düşüncəyə açıq idi. Qışqıran da olsa, deyirdi ki, hamının fikri var. Deyirdi: “O sizə faktlar, arqumentlər gətirir. Deyir ki, əyalətçilik Paris kommunasını hara gətirib çıxardı. Siz də kontur-arqumentlərinizi deyin”.
– Dediniz ki, 20 Yanvar gecəsi tanklar Bakıya girəndə bir nəfər də hərəkat lideri tribunada yox idi. Halbuki, o zamana qədər xalqı SSRİ imperiyasına qarşı səsləyən həmin şəxslər idi. Heç ondan sonra sizin AXC haqqında fikirlərinizdə dəyişiklik oldumu?
– Əlbəttə ki, dəyişdi. Deyirəm axı, 1992-ci ildə həmin o zümrə hakimiyyətə gələndə mən istefa verdim.
– Amma gəlin, nəzərə alaq ki, Əbülfəz bəy də 20 Yanvar gecəsi meydanda deyildi.
– Olmamalı idi. Lider o cür təhlükəli anlarda meydanlarda olmamalıdır. Lider toxunulmazdır. Biz özümüz onu qaçırdıb kənara apardıq. Hərəkat verən beyin olmalıdır. Yuli Sezar olmasaydı, Roma ordusu qallara qalib gələ bilməzdi. Amma bəzi xırda liderlər var idi ki, onlardan söhbət gedir. Onlar sona qədər orada olmalı idilər.
– Niyə AXC-nin hakimiyyətə gəlməsinə qarşı idiniz?
– Mən Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsinin əleyhinə deyildim. Mən AXC adlı o təsisatın hakimiyyətə gəlməsinə qarşı idim. O siyasi çətir idi, bura müxtəlif ideologiyada olan insanlar yığışmışdı. Sağçı, solçu, mərkəzçi və sair. Hamısı da azadlıq aşiqi olan şəxslər idi.
Hakim partiyanın üzvləri isə bir ideologiyada olmalıdır. Müxtəlif ideologiyalı təşkilat isə partiya deyil. Mən deyirdim ki, əvvəl partiya yaranmalıdır, spektrlər bölünməlidir. Və xalq da liderini seçməlidir. Düşüncəmə görə, inqilab edib hakimiyyətə gəlmək doğru deyil. Partiyanın adı Xalq Cəbhəsi ola bilməz.
– Siz adın üzərində dayanırsınız, amma mahiyyəti demirsiniz. Fərz edək ki, AXC yox, başqa bir ad olacaqdı, yenə də hakimiyyətə gəlməli deyildilər?
– Başqa ad olsaydı o saat parçalanacaqdı. O ad götürülən kimi, sürətli şəkildə parçalanma olacaqdı.
– Onsuz da parçalanma oldu.
– Bəli. Amma çoxu da özlərinə Xalq Cəbhəsi adını götürdü. Heç olmasa, başqa ad götürün də. Mən o vaxt da bu çıxışları edirdim. İndi siyasətlə məşğul deyiləm deyə, danışdıqlarım hamısı mənim üçün romantik xatirələrdir.
Mən yaradıcı adamam, siyasətçi deyiləm. Buna görə də, Əbülfəz Elçibəyin mənəvi tələbəsiyəm. İstəyirəm ki, efirdən psixoloji durumumuzda nə əskiklik varsa, onu göstərim. Bizim toplumun bəzi mental psixoloji problemləri var.
– Dediniz ki, Əbülfəz bəyin mənəvi tələbəsisiniz. O da mental məsələlərlə bağlı sizin düşüncələrinizi bölüşürdü?
– Sizə deyim ki, Əbülfəz bəy bu məqamlarda çox dərinə getdiyimi deyirdi. Bildirirdi ki, elə şeylər var ki, onu vaxtından əvvəl demək olmaz. O deyirdi ki, belə şeyləri qarşındakı toplumun anlayacağı dildə anladın.
Mən də deyirdim ki, siyasətçi deyiləm. Amma bəy özü məndən də kəskin mövqedə idi.
Belə bir sual verək. AXC liderləri nələri vaxtından əvvəl dedi?
– Heç bir şey vaxtında deyilmədi. Heç vaxtından əvvəl də deyilmədi. Hamısı vaxtından sonra deyildi. Geridə qalmış düşüncələr idi. Tez deməyə isə intellekt lazımdır. Əbülfəz Elçibəy intellekti. Tez demək odur ki, sən 22-ci əsrin təfəkkürü ilə deyirsən. Biri də var ki, 17, 14, 7-ci əsrin zehniyyəti ilə danışasan.
O zaman mən deyirdim ki, elm adamı, alim dindən danışa bilməz. Elə indi də deyirəm.
Deyirəm ki, Adəmlə Həvvaya inanan adam alim ola bilməz. Arxeologiya, paleontologiya var. Alimin tapıntılardan xəbəri yoxdursa, biabırçılıqdır. Alim dini düşüncə ilə danışa bilməz.
– AXC-də də belə alimlər var idi?
– Var idi. Biz dayaq dəstəsi yaradanda, o hərəkata bir nəfər də nə müəllim, nə alim qoşuldu. Amma Litvada konservatoriyanın Xalq Cəbhəsinin dayaq dəstəsinin rəhbəri konservatoriyanın rektoru Landsbergis idi. Rektor müstəqillik, azadlıq düşüncəsi olan bir təşkilatın rəhbəri idi. O, sonra Litvanın prezidenti oldu.
Bizdə isə adi müəllimlər də hərəkata qoşulmurdu. Biz müəllimlərə yalvarırdıq ki, qoşulsunlar. Onlar isə “Səs eləməyin, biz Kommunist Partiyasının üzvləriyik, amma sizə də rəğbətimiz var” deyirdilər. Baxın, bizim psixoloji problemlərimizdir.
Mən nişanlı idim. Mən nişanlımla 27 mayda Azərbaycan bayrağını konservatoriyaya sancdım. Camaat nişanlısı ilə gəzməyə, restorana gedirdi, mən isə bu işlərlə məşğul idim.
Mən nişanlımla gözlədim ki, gəlib o bayrağı oradan çıxarmasınlar. Mən nişanlımı evə ötürəndən sonra konservatoriyadan xəbər etmişdilər ki, bəs bura bayraq asılıb. Hərbçilər gəlib onu çıxarmışdılar.
Hələ gəlib məni komendaturaya da apardılar. Məni kimlər ələ vermişdi? Bəlkə də həmin müəllimlər ki, bundan əvvəl tərəfimizdə olduqlarını bildirirdilər.
Məni komendaturaya apardılar. Elə bildim ki, tutacaqlar məni. Orada Belarusdan olan biri məni danışdırdı. Mənə dedi ki, oğul, səndə bu bayraqlardan yenə var?
Sən demə onun oğlu da, Belarusda Xalq Cəbhəsinin üzvü olub. Mənə dedi ki, sənə Belarusun bayrağını verəcəyəm. Verdi də.
Mənim toyum 1989-cu ildə olub. Başımızın üzərində Azərbaycan bayrağı asılmışdı. Çıxarmaq istəmişdilər, etiraz etmişdik.
– 1992-ci ildə AXC-dən istefa verəndən sonra yenidən bu təşkilat sıralarına qayıtmaq haqqında düşünmədiniz ki?
– Düşündüm və 1996-cı ildə yenidən AXC-yə qayıtdım. Amma artıq onlar hakimiyyətdə deyildilər, AXC-də də əvvəlki aktivlik yox idi. Mən də aktiv deyildim. Milliyyətçi romantika səngimişdi. Buna görə də, mən üzümü sonradan jurnalistikaya tutdum.
– Elçibəy Kələkidə olanda yanına getmişdiniz?
– Bəli, getmişəm, ziyarət etmişəm. O, bizim ağsaqqalımız idi. Onunla söhbət edəndə istəyirdin ki, bitməsin. Maraqlı lətifələr danışardı, zarafatlar edərdi.
– Bəs Bakıya qayıdandan sonra görüşləriniz oldumu?
– Demək olar ki, yox. Çünki mən artıq televiziyalar üçün proyektlər yazmağa başlamışdım.
– Bu gün Azərbaycan cəmiyyətinin Elçibəyə münasibəti sizcə normaldırmı?
– Münasibət müxtəlifdir, belə də olmalıdır. İstənilən tənqidin həmişə hər yerdə yeri var.
– Elçibəy Türkiyədə müalicə olunanda yanına getmişdiniz?
– Xeyr.
– Niyə?
– Vaxt az olurdu.
– Vəfat xəbərini eşidəndə ağladınız?
– Gəlin açıq danışaq. Yalandan deyə bilərəm ki, isterikada idim, özümü zəncirləyirdim. Sadəcə böyük təəssüf hiss keçirdim. Bildim ki, Azərbaycan böyük oğlunu itirdi. Göz yaşı ancaq cənazə başında oldu. Gözüm orada doldu.
– Sualı belə qoyaq: Əbülfəz bəyin ətrafında olanlar onun qiymətini layiqincə verdilərmi?
– Xeyr. Əksinə oldu hər şey. Əbülfəz Elçibəyin əleyhinə olanlar Elçibəyin qədrini daha çox bilirdilər. Nəinki ətrafında olanlar.
– Elçibəyi hansı liderlə müqayisə edərdiniz?
– Nelson Mandela, Lex Valensa, Vatslav Havel.
– Elçibəyin məzarını ziyarət edirsiniz?
– Çox az. Buna görə özümü danlayıram. Çünki bu, mənim şəxsi tənbəlliyimdən irəli gələn bir şeydir. Uşaqlıqdan bu şey məndə var. Bu da mənim mənfi cəhətlərimdən biridir.
Paylaş: