Xəbər lenti

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyen Trend-ə müsahibə verib. 
Moderator.az həmin müsahibəni təqdim edir.
 
- Azay müəllim, Siz iyulun 5-dən 13-nə kimi Almaniyanın paytaxtı Berlin şəhərində səfərdə oldunuz. Bizdə olan məlumata görə, səfər çərçivəsində ATƏT Parlament Assambleyasının 27-ci illik sessiyasında iştirakla yanaşı, sessiyadan əvvəl və sonra bir sıra görüşlər keçirmiş və tədbirlərə qatılmısınız. İlk növbədə, bu görüşlər və tədbirlər barədə məlumat verərdiniz, sonra isə biz illik sessiya barədə söhbətimizi davam etdirək.
 
- Doğrudur, 5-6 iyulda Berlində bir sıra hökumət və parlament rəsmiləri ilə ikitərəfli görüşüm oldu və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələləri müzakirə etdik. Keçirilən görüşlər mətbuata qapalı olduğundan bu barədə ətraflı məlumat vermək istəməzdim. Yalnız bu görüşlərin faydalı olduğunu və orada müzakirə olunan məsələlərə Almaniya tərəfinin anlayışlı və müsbət münasibətini qeyd edə bilərəm.
 
Bundan başqa, ATƏT PA-nın illik sessiyası başa çatdıqdan dərhal sonra Almaniyanın 3 il bundan əvvəl təşəbbüsü və ATƏT PA-nın təşkilati dəstəyi ilə ənənəvi olaraq keçirilən “Laynsvayler seminarı”na qatıldım. 11-12 iyulda baş tutan iki günlük seminarda 12 ölkədən 20 deputat, ATƏT PA-nın prezidenti və baş katibi daxil olmaqla, 7 nəfər büro üzvü də iştirak edirdi. “Ən yaxşı təcrübəni bölüşmək və milli azlıqların hüquqlarını qorumaqla etnik münaqişələrin qarşısını necə almaq olar” mövzusuna həsr olunmuş seminarda çox maraqlı təqdimatlar və müzakirələr oldu.
 
Azərbaycan üçün önəmli təqdimatlardan biri “Münaqişələrin həllində Aland adaları təcrübəsi” idi. İsveç və Finlandiyanın parlament üzvlərinin təxminən 100 il bundan öncə hər iki ölkə arasında böyük bir münaqişəyə çevrilmiş Aland adaları məsələsini sülh yolu ilə necə həll etdiklərini bizə danışdılar. Bilirsiniz ki, o zaman adada referendum keçirilmiş və isveçdilli əhali 95% səslə adanın İsveçə birləşdirilməsinə səs vermişdi. Finlandiya da öz növbəsində, səsvermənin legitimliyini şübhə altına alaraq Millətlər Liqasına şikayət etmiş və Millətlər Liqasının müdaxiləsindən sonra Aland adalarına Finlandiyanın tərkibində yüksək muxtariyyət verilmiş, sonda İsveç də bunu qəbul etmişdi. Həm İsveç hökuməti və xalqının, həm də Finlandiya hökuməti və xalqının müdrikliyi və uzaqgörənliyi sayəsində münaqişə qanlı mərhələyə keçməmiş və sülh yolu həll olunmuşdu. İndiyə kimi hər iki tərəf qəbul olunmuş anlaşmaya əməl edir və məmnun görünür.
 
Bir sıra ümumi oxşarlıqları nəzərə alaraq, Aland adaları təcrübəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür. Bu fikri mən Ermənistan nümayəndələrinin daxil olduğu seminar iştirakçılarının diqqətinə çatdırdım və təklif etdim ki, gələn il “Laynsvayler seminarı”nı məhz bu mövzuya həsr edək. Təklif ümumən bəyənildi və əgər hər hansı bir kənar müdaxilə olmasa, bu tədbiri gələn il Laynsvaylerin özündə təşkil edəcəyik.
 
- İndi də keçək ATƏT PA-nın 27-ci illik sessiyasının gedişinə, orada qəbul olunan qərarlara. Ümumiyyətlə, Berlin sessiyası nə ilə yadda qaldı?
 
- İlk növbədə onu deyim ki, Berlin sessiyası çox önəmli bir mövzuya - “ATƏT öhdəliklərinin icrası: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Azərbaycan nümayəndə heyəti olaraq, başda Bahar Muradova olmaqla, bütün müzakirə olunan məsələlərdə fəal iştirak etdik və ölkəmizin maraqlarını maksimum müdafiə etməyə çalışdıq.
 
Bilirsiniz ki, ATƏT öhdəliklərinin icrası məsələsi daima Azərbaycan üçün aktual olub və biz hər zaman bir çox ATƏT öhdəliklərinin yerinə yetirilməməsindən, qəbul olunan qərarların kağız üzərində qalmasından ciddi narahatlığımızı ifadə etmişik. Bu baxımdan Berlin sessiyası bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.
 
Qısa olaraq onu deyim ki, 27-ci sessiya ATƏT ərazisində olan bütün problemlərə və çağırışlara kompleks və obyektiv yanaşma sərgiləyə bildi. Yekun olaraq qəbul etdiyimiz Berlin Bəyannaməsində münaqişələr, beynəlxalq terrorizm, silahlara nəzarət, nüvəsizləşdirmə, miqrasiya, qaçqın və məcburi köçkün, insan hüquqları, milli azlıqlar və digər bu kimi problemli məsələlərin həllində qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətinin vahid platformadan çıxış etməsi və birgə səylərinin artırılması haqqında razılığa gəlindi. Berlin Bəyannaməsi ATƏT-in Nazirlər Şurasına baxılmaq üçün göndərildi. Ümid edirəm ki, bu ilin dekabrında Milanda bir araya gələn ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Parlament Assambleyasının qəbul etdiyi qərarlara və tövsiyələrə adekvat yanaşacaq və mümkün qədər onları nəzərə alacaq.
 
- Sessiya çərçivəsində ATƏT PA müəllifi olduğunuz qətnamə layihəsini müzakirə edərək yekdilliklə (Ermənistan xaric) qəbul etdi. Bəzi beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın və “qarayaxma kampaniyası”nın davam etdiyi bir vaxtda bunu Azərbaycanın ciddi uğuru hesab etmək olar. Qətnamə Azərbaycana nə verəcək?
 
- Bilirsiniz ki, ötən il iyulun 8-də Minksdə “ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu”nun yaradılması haqqında irəli sürdüyüm təşəbbüs 17 ölkə tərəfindən dəstəkləndi və belə qrup təsis edildi. Qrup yaranandan sonra növbəti əsas vəzifə onun dayaqlarını möhkəmləndirmək, qrupa Parlament Assambleyası səviyyəsində rəsmi dəstəyi təmin etmək və bu barədə ayrıca bir qətnamənin qəbul olunmasına nail olmaqdan ibarət idi. Bu kontekstdə bir məsələni ilk dəfə olaraq mətbuata açıqlamaq istərdim. Qrup yaranandan dərhal sonra Ermənistan və onun havadarları qrupun əleyhinə işlər aparmağa və onun legitimliyini zədələməyə çalışdılar, hətta ATƏT PA-nın prezidenti və baş katibinə məndən şikayət də etdilər. Onları narahat edən o idi ki, niyə qrupun əsasnaməsində yeni üzvlərin qəbulu üçün “Helsinki prinsiplərinə, xüsusilə ölkələrin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edən ölkələr üzvlüyə qəbul oluna bilər” müddəası əsas müddəa kimi əks olunub. Yəni işğalçı Ermənistan başa düşür ki, o bu müddəlara əməl etmədiyinə görə İpək Yolu Qrupuna daxil olmaq şansı sıfırdır. Ona görə də Ermənistan və onun kimi düşünən bəzi ölkələr qrupa qarşı ciddi iş aparırdılar.
 
Buna görə də gələcəkdə mümkün destruktiv addımların qarşısını almaq, İpək Yolu Qrupuna davamlı siyasi dəstəyi təmin etmək, eyni zamanda Azərbaycanın qədim İpək Yolunun bərpası istiqamətində irəli sürdüyü çoxsaylı təşəbbüsləri dəstəkləmək məqsədilə tərəfimdən hazırlanan “Nəqliyyat yolları və dəhlizlərinin inkişafı, o cümlədən tarixi İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda əlaqəliliyin təşviqi” adlı qətnamə layihəsi ATƏT PA-nın Berlin sessiyasına təqdim edildi. Sevindirici haldır ki, Ermənistandan başqa bütün ölkələr tərəfindən qətnamə layihəsi yekdilliklə dəstəkləndi və Berlin Bəyannaməsinə daxil edildi. Qətnamə bütövlükdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bütün regional nəqliyyat və tranzit layihələrini, xüsusilə “Şərq-Qərb və Şimal-Cənub” ticarət və nəqliyyat dəhlizlərini tam olaraq dəstəkləyir, Çinin müəllifi və Azərbaycanın da maraqlı olduğu “Bir kəmər, Bir Xətt” təşəbbüsünün əhəmiyyətini vurğulayır, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun yaranmasını alqışlayır və qrupa tam dəstəyini ifadə edir. Bundan başqa, qətnaməyə işğalçı Ermənistan tərəfindən bir sıra düzəlişlər təklif edildi. Düzəlişlərin əsas mahiyyəti Ermənistanın düşdüyü izolyasiyadan və özünütəcriddən çıxması üçün müəyyən əsaslar yaratmaqdan ibarət idi, lakin mən buna etiraz etdim və onların heç bir düzəlişi qəbul olunmadı. Sonda isə sənəd bütövlükdə səsə qoyularaq qəbul edildi.
 
Hesab edirəm ki, ATƏT PA-da belə bir mühüm qətnamənin qəbulu ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin, Azərbaycan diplomatiyasının uğuru, etirafı və dəstəklənməsidir.
 
- Azay müəllim, Berlində həm də rəhbərlik etdiyiniz “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu”nun növbəti iclası olub və bildiyimiz qədər orada da maraqlı qərarlar qəbul olunub. Bu qərarlar hansılardır?
 
- İyulun 8-də Berlində İpək Yolu Qrupunun növbəti iclası keçirildi və qeyd etdiyiniz kimi, bir sıra vacib qərarlar qəbul edildi. İlk növbədə onu deyim ki, həmin gün Qrupun yaradılmasının 1 ili tamam olurdu və biz bu əlamətdar günü təntənəli şəkildə qeyd etdik.
 
Bundan başqa, Fransanın üzvlük haqqında müraciətinə baxıldı və Fransa konsensusla üzvlüyə qəbul edildi. Beləliklə, üzv ölkələrin sayı 23-ə çatdı.
 
Təşkilati məsələlər çərçivəsində İsveçrənin nümayəndə heyətinin üzvü və ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər komitəsinin sədri Filippo Lombardi və Avstriyadan olan deputat Roman Hayder qrupun sədr müavinləri seçildilər.
 
Önəmli qərarlardan biri də o oldu ki, İpək Yolu Qrupunun 2019-cu il üzrə tədbirlər planı təsdiq edildi, Belarus və İsveçrə parlamentlərinin müraciətləri nəzərə alınaraq, müvafiq olaraq gələn ilin aprel və sentyabr aylarında bu ölkələrdə müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi haqqında qərar qəbul edildi.
 
Bundan başqa, ilk dəfə idi ki, Rusiya nümayəndə heyəti qrupun işinə maraq göstərərək Berlin iclasında müşahidəçi qismində iştirak etdi. Ümumiyyətlə, Berlində keçirilən iclası və qəbul olunan qərarları çox yüksək qiymətləndirirəm və bütün bunları Qrupun fəaliyyətinə və missiyasına artan marağın təzahürü hesab edirəm.
 
- Son sualı vermək istərdim. Bir müddətdir ölkə gündəliyini zəbt edən və dövlətçiliyimiz əleyhinə yönələn Gəncə hadisələri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
 
- Bu terror hadisəsi haqqında Berlində olarkən mətbuatdan öyrəndik və çox böyük üzüntü və narahatlıqla qarşıladıq. İstər Gəncənin icra başçısı Elmar Vəliyevə atılmış güllə, istərsə də iki polis polkovnikimizin xəncərlənərək şəhid edilməsi Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına, inkişafına, sabitliyinə və nəhayət, Qarabağ uğrunda apardığı qanlı mücadiləyə atılan güllə, arxadan vurulan xəncər idi. Bunun başqa adı yoxdur.
 
Bu terrorun kənardan idarə olunduğu, milli maraqlarımızın qorunması və təminatında dövlətimizin sərgilədiyi prinsipial və dönməz siyasətin sarsılması üçün həyata keçirilməsi də heç kimdə şübhə doğurmur. Bu hadisənin müqəddəs İslam dininə və bu dinə həqiqi bağlı olan müsəlmanlara heç bir aidiyyəti yoxdur. Cənab Prezident keçirdiyi müşavirədə terrorun törədilməsi səbəbi və onun arxasında duran məkirli qüvvələr haqqında ciddi mesajlar verdi. Əminəm ki, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da müəyyən edəcək. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduğu cəzalarını alacaqlar.
 
Bu gün Azərbaycanda sabitliyin pozulması və hər hansı bir qarşıdurmanın olması yalnız Ermənistanın marağındadır və onun xeyrinədir. 1988-1993-cü illərdə torpaqlarımızın işğal edilməsinin əsas səbəblərindən biri də məhz həmin dövrdə ölkədə hökm sürən anarxiya və siyasi sabitliyin olmaması idi. Biz o dövrü yaxşı xatırlayırıq və hələ də unutmamışıq. Təəssüflər olsun ki, indi də buna cəhd edən və 90-cı illərin əvvəllərində baş vermiş mənfi halların təkrarlanmasında maraqlı olan qüvvələr var.
 
Yeri gəlmişkən, bu hadisəyə ermənilərin reaksiyası da çox düşündürücü idi. Belə ki, Gəncədə iki polis polkovnikinin şəhid edildiyi günün sabahısı, yəni iyulun 11-də Berlində Ermənistan nümayəndə heyətinin üzvü mənə yaxınlaşaraq Gəncə hadisələri ilə maraqlandı. Elə bil bu adam bir gün öncə Azərbaycan Ordusunun gücündən və aldığı silahların Ermənistan üçün ağır nəticələr verə biləcəyindən qorxu və səksəkə ilə danışan, Azərbaycandan ATƏT-ə şikayət edən erməni nümayəndə heyətinin üzvü deyildi. Mən onun gözlərində bu terror hadisəsinin Azərbaycanda qarışıqlığın, Ermənistanda isə sanki nicat yolunun başlanğıcı olduğu ilə əlaqədar sevinc hissini gördüm. O, sevinc hissini heç gizlətmirdi və bu hadisədən çox məmnun görünürdü.
 
Azərbaycan xalqı, ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də dövlətimizə sədaqət nümayiş etdirdilər və cinayətkarların tutulması və zərərsizləşdirilməsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Təmizləmə işi bu gün də hüquq-mühafizə orqanları tərəfindən uğurla davam etdirilir və əminəm ki, dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti və planı indiyədək olduğu kimi bundan sonra da puç olacaq.
 
Mən fürsətdən istifadə edib Elmar Vəliyevə tezliklə sağalmağı arzulayır, iki şəhid polis polkovnikimizə isə Allahdan rəhmət diləyirəm

 




Ana səhifəyə qayıt        Baxış: 468          Tarix: 16-07-2018, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma