O, elmi bütün məşğuliyyətlərdən cəlbedici sayır: “Mən özümü həmişə elm adamı kimi hiss etmişəm və elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan”. Kitaba olan marağın azaldığı bir vaxtda Bakının mərkəzində gerçəkləşdirdiyi “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab evi layihəsi dediklərinin əyani sübutudur. Bu nümunəvi kitab evində əlaçı tələbələrə kitabların pulsuz verilməsi nəzərdə tutulub, amma… Amma həmsöhbətim özü də təəssüflə etiraf edir ki, bu gün, ümumiyyətlə, oxumaq istəyən azdır…
Beləliklə, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Ekspress”ə maraqlı müsahibəsini təqdim edirik.
– Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması ilə bağlı məsələ yenidən gündəmdədir. Milli Məclisin Hüquq məsələləri və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli hesab edir ki, Azərbaycanın KTMT–də iştirakına baxılması məqsədəuyğun olardı. Azərbaycanın KTMT–yə əvvəlcə müşahidəçi statusuyla qoşula biləcəyi barədə eyhamlar da səsləndirilir. Sizin fikrinizcə, Azərbaycan indiki durumda KTMT – yə üzv ola bilərmi və bu, bizə nə verə bilər?
– Əvvəla, onu bildirim ki, Azərbaycanın KTMT-yə qoşulub-qoşulmaması ilə bağlı dövlətin rəsmi mövqeyi səsləndirilməyib. Doğrudur, bununla bağlı Azərbaycanda müxtəlif fikirlər var. Amma səhv etmirəmsə, bu məsələni birinci dəfə Əli Hüseynli gündəmə gətirib. Hesab edirəm ki, bu fikri səsləndirməklə ictimaiyyətin mövqeyini öyrənmək istəyiblər.
Digər tərəfdən, bu, ağlabatan, inandırıcı məsələ deyil. Müharibə şəraitində yaşayan iki dövlətin eyni hərbi təşkilatda təmsil olunmasını təsəvvürünüzə gətirirsinizmi? Məsələn, NATO üzvləri arasında belə dövlətlər yoxdur.
Mən həmişə demişəm, hansısa təşkilata üzv olmaq problem deyil, ən başlıcası, gərək, niyyətini biləsən. Gərək, əvvəlcədən yaxşıca götür-qoy edək ki, KTMT-yə qoşulmaq Azərbaycanın xeyrinədir, ya ziyanına. Biz müstəqil dövlətik və müstəqil də qərar qəbul etməliyik, heç kim bizi zorla hər hansı quruma dartıb apara bilməz.
Əgər, Azərbaycanın KTMT-də üzvlüyü bizə xeyir gətirəcəksə, bu təşkilata ilk yarananda üzv olmalıydıq. Amma indi istəsək belə, üzv ola bilmərik. Çünki hazırda Ermənistan da bu qurumda təmsil olunur və təşkilatın Nizamnaməsinə görə, başqa bir dövlət üzv olmaq istəyərsə, üzv ölkələrin hamısının razılığı olmalıdır. Belə bir durumda isə Ermənistan buna veto qoya bilər.
– Elə erməni siyasətçilər də Azərbaycanın KTMT – yə ehtimal olunan üzvlüyünü əngəlləmək üçün indidən öz narahatlıqlarını bildirirlər. Onlar bu məsələylə bağlı “Ermənistan veto hüququndan istifadə etməlidir” fikrini irəli sürürlər…
– Təbiidir. Ermənistan Azərbaycanın KTMT-də təmsil olunmasına bir şərtlə razılaşar: Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” tanısın. Bu isə heç vaxt ola bilməz.
Məsələnin başqa bir tərəfi də var. Əgər, təşkilat yeni yarananda üzv olmaq istəsəydik, qurumu yaradanlar ya hər iki dövlətə “yox” deməliydi, ya da hər iki dövləti üzvlüyə qəbul etməliydi. Ancaq bunun baş verməsi, müharibə şəraitində olan iki ölkənin KTMT-də olması qurumu yaradanlara da sərf etməzdi.
– Amma bəzi deputatlar Qarabağın azad olunması qarşılığında Azərbaycanın KTMT – yə üzv olmasında heç bir təhlükə görmədiklərini bildirirlər…
– Açığı, məsələyə bu qədər qeyri-ciddi yanaşılacağına inanmıram.
– Məlum olduğu kimi, sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri olacaq. Bu, iki ölkə prezidentlərinin bu ayda keçirilən ikinci görüşləridir. Sentyabrın əvvəlində baş tutan, indisə ayın sonunda keçiriləcək görüşləri rəsmi Bakı ilə Moskva arasında dialoqun intensivləşdiyinin göstəricisi hesab etmək olarmı? Rusiya prezidentinin bu səfərindən Sizin gözləntiləriniz nədir? Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa yeniliklər ola bilərmi?
– Bu görüşlərin Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa ciddi yeniliklər gətirəcəyinə inanmıram. Sentyabr ayının əvvəlində Azərbaycan və Rusiya prezidentləri Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş müzakirələr aparıblar. Amma Dağlıq Qarabağ problemi Azərbaycan üçün çox aktual olduğundan, bu mövzu daim müzakirəyə çıxarıla bilər.
– Bir neçə gün əvvəl Putin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşmüşdü. Amma bu görüş Paşinyanın ümidlərini puça çıxardı. Elə bundan dərhal sonra Moskvada “mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” kimi sərsəm bəyanatla çıxış etdi. Sizcə, bu cür bəyanatlar Qarabağ danışıqlarına son qoya bilərmi?
– Azərbaycan prezidenti kimi, Ermənistanın baş nazirinin də Rusiya prezidenti ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin müzakirə edildiyi bəlli məsələdir. Paşinyan bu danışıqlarda təzədir. Mənim fikrimcə, Putin belə görüş-söhbətlərdə hələlik problemlə bağlı onun fikirlərini öyrənir. Ancaq əminəm ki, Paşinyan ictimaiyyətə yönəlik “mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” bəyanatını Putinlə görüşdə də səsləndirib.
– Münaqişənin həllindən danışarkən, “bunun həllinin açarı Rusiyadadır” fikri irəli sürülür. Problemi kim həll etməlidir?
– Bu məsələylə bağlı mənim özümə də çoxlu suallar verirlər: “İlham müəllim, Putinin dostu kimi niyə ondan Qarabağ münaqişəsini həll etməsini istəmirsiniz”. Həmişə də eyni cavabı təkrarlamalı oluram: axı, mən Putinlə bir siyasətçi, dövlət başçısı kimi deyil, daha çox tələbə yoldaşı kimi ünsiyyətdə oluram. Bu cür siyasi müzakirələr aparmaq mənim səlahiyyətimdə deyil. Düzdür, Putinlə hər dəfə görüşəndə bu haqda da danışırıq, ona şəxsi mövqeyimi çatdırıram. Bir azərbaycanlı kimi, Qarabağ problemi təbii mənim də dərdimdir. Ancaq bu söhbətlər qeyri-rəsmi xarakter daşıyır. Rəsmi söhbətləri rəsmi adamlar aparmalı olduğundan, onunla hansısa məsələ ilə bağlı rəsmi söhbət apara bilmərəm.
Ancaq bir azərbaycanlı kimi, səlahiyyətim olsa da, olmasa da özümə borc bilirəm ki, əlimdən nə gəlirsə, onu edəm. Yenə deyirəm: əgər bununla bağlı mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm. Bir də Qarabağ problemi bir adamın səlahiyyəti ilə həll olunan məsələ deyil, axı. Digər tərəfdənsə, bu problemlə bağlı hansı işləri görməliyəm və görürəm, kim bilməlidirsə, o adam bilir.
O ki qaldı münaqişənin açarının Rusiyanın əlində olmasına, həqiqətən, Suriya hadisələrindən sonra böyük dövlətlər bu məsələdə bir az geri çəkiliblər. Faktiki olaraq, böyük dövlətlər özləri münaqişənin həllinin açarını Rusiyanın ixtiyarına veriblər.
Görünür, böyük dövlətlər fikirləşirlər ki, bu problem Rusiyaya bağlı məsələdir. Rusiyanın münaqişə olan yerlərdə öz gücünü göstərməsi səbəbindən də fəallıq göstərmirlər.
– Bəlkə elə bu səbəbdən də Minsk qrupu münaqişənin həllində zəiflik göstərir. Bəziləri artıq bu qrupun fəaliyyətsizliyini görüb ona ehtiyac olmadığını bildirir. Siz necə fikirləşirsiniz?
– Minsk qrupu yarananda Ədalət Partiyasının sədri İlyas İsmayılov demişdi ki, bu qrupdan heç nə gözləməyə dəyməz. Zaman da göstərdi ki, Minsk qrupu həmsədrlərinin işi yalnız bölgəyə gəlib-getməkdən ibarətdir. Perspektivdə də Minsk qrupunun münaqişənin həlli ilə bağlı hansısa addım atacağına inanmıram.
– Siz hüquq sahəsində nüfuzlu alim, tanınmış iş adamısınız. Rusiyanın bir sıra aparıcı elmi qurumlarında təmsil olunursunuz. Rusiya –Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində müəyyən əməyiniz var. Sizcə, bu gün Rusiya ilə Azərbaycan arasındakı əlaqələr yetərlidirmi? Əgər yetərli deyilsə, Siz bu inkişaf perspektivini necə görürsünüz?
– İndiki dövrdə Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. İki ölkə arasında istər iqtisadi, istərsə də siyasi əlaqələr çox güclüdür.
– Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti dayandırıldıqdan sonra Moskvada azərbaycanlıların yeni diaspor təşkilatının yaradılacağı gözlənilirdi. Ancaq bugünədək yeni qurumun yaradılması, nədənsə, yubanır. Bununla bağlı hər hansı bir məlumatınız varmı?
– Var, təbii ki. ÜAK-ın fəaliyyətinin ləğvindən sonra Rusiyada yeni diaspor təşkilatının formalaşdırılması ilə bağlı birbaşa Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən bu sahədə işlərə başlamışıq. Detalları tam açıqlamaq istəmirəm, bircə onu deyə bilərəm ki, uğurlu nəticə əldə ediləcək.
– Son dövrdə Rusiya-Türkiyə arasında bütün istiqamətlərdə tarixdə görünməmiş yaxınlaşma var. Bu əlaqələrin inkişaf etdirilməsində Sizin də müəyyən əməyinizin olduğundan məlumatlıyıq. Bu barədə bəlkə bir qədər ətraflı danışasınız?
– Rusiya-Türkiyə münasibətləri Putin hakimiyyətə gələndən sonra istiləşməyə başlayıb. Rusiya prezidentinin Türkiyəyə səfərindən öncə Dumanın bir qrup deputatının Türkiyəyə, eləcə də Türkiyə deputatlarının Rusiyaya səfərlərini mən təşkil etmişdim. Təbii ki, bütün bunlar Putinin razılığı əsasında olub. Rusiya – Türkiyə münasibətləri nə qədər yaxşı olsa, bundan Azərbaycan da xeyir görə bilər. Bizim məqsədimiz də budur ki, Türkiyə Rusiya vasitəsi ilə Ermənistana təsir edə bilsin. Qarabağ münaqişəsinin həllində Türkiyənin də sözü olsun.
– Zaman-zaman Azərbaycanda ölüm hökmünün bərpası məsələsi gündəmə gəlir. Necə düşünürsünüz, bu cəza növü bərpa olunmalıdırmı və niyə?
– Başa düşürəm ki, hazırkı dövrdə ən dəhşətli, ən ucuz və iyrənc cəza növü olan ölüm cəzasının əleyhdarı kimi çıxış etmək daha rahatdır. Lakin bu cəza növünün əleyhinə çıxış edən ən görkəmli alim və mütəfəkkirlər bu mövqelərinin düzgünlüyünə müəyyən dərəcədə şübhə ilə yanaşdıqlarını ifadə ediblər. Mən isə əxlaqi baxımdan ölüm cəzasını inkar edərək, prinsipcə, bu cəzanın faydasız, ədalətsiz olması, müasir reallığımızda isə, təəssüf ki, hələ də rast gəldiyimiz amansız qətl cinayətləri ilə mübarizədə ona ehtiyacın olmaması ilə bağlı irəli sürülən fikirlərə daha dərin şübhə ilə yanaşıram.
Əxlaqilik nöqteyi-nəzərindən ölüm cəzasını inkar etməklə yanaşı, bu cəza tədbirinin ən yüksək qorxu yaratma xassəsinə malik olduğunu təsdiq edirik. Çünki real ictimai həyatda əxlaq prinsipi ilə yanaşı, sağlam düşüncə prinsi də hökmranlıq edir. Ona görə də ağırlaşdırıcı hallarda törədilən və ağır nəticələrlə müşayət olunan qəsdən adamöldürmə cinayətlərinə görə qeyri – müəyyən müddətə ölüm cəzasının saxlanılmasını məqsədəuyğun, ədalətli və deməli, əxlaqi olduğunu qeyd edirik.
– Siz postsovet məkanında ən gənc elmlər doktoru olmusunuz və doktorluq dissertasiyanız “Azadlıqdam məhrumetmənin effektliyi və onun artırılması yolları” adlanır. Azadlıqdan məhrum olan insan, doğrudanmı, islah oluna bilər?
– Mən sovet dövründə sübut etmişəm ki, azadlıqdan məhrum olunan şəxsi islah etmək olar. Bilirsiniz, o vaxt yalnız sovet ədəbiyyatı oxuyur, ondan yararlanırdıq. Sovet dövründəki islah əmək müəssisələrində azadlıqdan məhrum olunan insanları əməyə cəlb edirdilər. Amma indi bu, çox çətin məsələdir. Elə bir şərait yoxdur ki, islah əmək müəssisələrində onları əməyə cəlb etsinlər. Əmək olmayan yerdə islahdan söhbət gedə bilməz. İnsan özü özünü islah etməlidir.
– Elmi bütün məşğuliyyətlərdən cəlbedici sayırsınız. Nüfuzlu bir elm adamı kimi, bu gün Azərbaycan elminin vəziyyəti Sizi qane edirmi?
– Bəli, mən özümü həmişə elm adamı kimi hiss etmişəm və edirəm, elmi nailiyyətlərimdən daha çox ləzzət alıram. Hər dəfə yeni kitabım çıxanda, inanın ki, çox böyük zövq alıram. Sualınızın ikinci hissəsinə gəlincə, tam səmimi cavab verəcəyəm: təəssüf ki, məşğul olduğum sahə üzrə vəziyyət yaxşı deyil (Gözünü masanın üstündəki kitablara zilləyib susur).
– Və belə bir vaxtda Siz regionda bir ilkə imza ataraq, Bakıda “Hüquq ədəbiyyatı” kitab evini açdınız…
– Həmin kitab evinə başqa ölkələrdə çap olunmuş kitabları gətizdirirəm. Əlaçı tələbələrə, professorlara kitablar böyük güzəştlərlə verilir. Yetər ki, tələbə oxuduğu ali məktəbdən əlaçı olmasını təsdiqləyən sənəd gətirsin. Amma nədənsə kitaba maraq azalıb və bu hal getdikcə artır. Bu gün əksəriyyət elmin ləzzətini bilmir, bunu dadmaq istəmir. Mən ona görə oxumuram ki, desinlər, güclü alimdir, ona görə elmlə məşğul oluram ki, bundan özüm zövq alıram.
– Rəhbərlik etdiyiniz Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının faəliyyəti barədə nə deyə bilərsiniz? Qarşıda hansı tədbirləriniz var?
– Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası oktyabrın 8-də “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirəcək. Tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Bolqarıstan və eləcə də digər Avropa dövlətlərindən tanınmış hüquqşünaslar iştirak edəcək. Hazırda həmin tədbirin təşkilatçılığı ilə məşğuluq.
Paylaş: