Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı ilə danışıqlar prosesinə “sadiqliyi” və “konstruktiv mövqe” sərgiləyəcəyi ilə bağlı əvvəllər dediklərinin, həmçinin onunla bağlı gözləntilərin üstündən qara bir xətt çəkdi. Daxildə dayaqları zəifləyən hökumət başçısı “Qarabağ klanı”nın nümayəndələri olan sələflərindən, “müharibə partiyası”nın üzvlərindən daha uzağa gedərək, faktiki olaraq, Azərbaycanı müharibəyə təhrik etdi. Yaranmış yeni şəraiti Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində təhlil edib.
Strateq.az həmin müsahibəni oxuculara təqdim edir:
– Eldar bəy, Paşinyanın çıxışına münasibətiniz necədir? Ermənistanın hökumət başçısı bununla nə demək istəyirdi?
– Əvvəlcə, bu çıxışa qısaca bir şərh verək. Ona görə qısaca deyirəm ki, burada bir yenilik yoxdur. Son dövrlərdə Paşinyanın sərsəm, heç bir məntiqə sığmayan, bir-birini təkzib edən bəyanatları səslənir. Paşinyanın BMT-dəki çıxışı da həmin o sərsəm bəyanatların sırasında növbəti bir haldır. Bircə onu qeyd edim ki, Paşinyan son dövrlərdə dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər onların adından danışıqlar aparmaq üçün ona mandat verməyiblər, ona görə də Azərbaycan gərək birbaşa Dağlıq Qarabağla danışıqlara gedə.
Təbii ki, bu, çox məntiqsiz mövqedir. Ona görə ki, Dağlıq Qarabağda Ermənistanın qoşunları yerləşdirilib, hətta Paşinyan öz oğlunu da hərbi xidmətə məhz Dağlıq Qarabağa göndərib. Əgər Ermənistanın qoşunları Dağlıq Qarabağda yerləşibsə, təbii ki, bu münaqişə Ermənistanla Azərbaycan arasındadır. Deməli, Ermənistan bu danışıqlarda bu konfliktin əsas səbəbkarı və iştirakçısıdır. Ona görə də Paşinyanın bəyanatları çox məntiqsizdir.
Ancaq eyni zamanda əgər Paşinyan deyirsə ki, Qarabağ erməniləri ona onların adından danışmaqla bağlı mandat verməyiblər, elə isə nə haqla deyir, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz?! Bu adamın son bir aydakı bəyanatlarını götürsək, bütün bəyanatlar məntiqsiz, bir-birinə ziddir və bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqları, demək olar ki, alt-üst edir. Ona görə də bu bəyanatın təhlilinə o qədər də çox vaxt aparmağın tərəfdarı deyiləm.
– Bəs sizin diqqətinizi çəkən hansı məqamlardır?
– Burada əsas məsələ gedən çox ciddi siyasi prosesdir. Bu prosesin də sonunda Azərbaycan ordusunun işğal olunmuş Azərbaycan ərazilərini azad etməsi üçün yaranmış böyük imkanlardır. Buna diplomatiyada “imkanlar pəncərəsi” deyirlər. Məncə, biz bu haqda söhbət etməliyik. Ona görə ki, artıq nə Paşinyanla, nə Ermənistan XİN başçısı ilə Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan nəticə gözləmək, onu şərh etmək və s. bunlar hamısı artıq mənasız görünür.
– Yəni Paşinyan BMT tribunasından təhdidlə danışandan bir neçə saat sonra keçirilən nazirlərin görüşünə ehtiyac qalmamışdı?
– Mən hesab edirəm ki, bunlar artıq tamamilə mənasız görüşlərdir. Paşinyanın “Dağlıq Qarabağ ətrafındakı 7 rayon artıq Dağlıq Qarabağa birləşdirilib” və həmçinin “Dağlıq Qarabağ 7 rayonla birlikdə Ermənistanla birləşməlidir” məzmunlu məlum bəyanatlarından sonra artıq Minsk Qrupunun həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin görüşlərinə nöqtə qoymaq lazımdır. Paşinyan faktiki olaraq bütün dünyaya açıq bəyan edir ki, Azərbaycanın güc tətbiq etməkdən, işğal olunmuş torpaqlarını azad etməkdən başqa çıxış yolu yoxdur. Paşinyan bunu bizim əvəzimizdən bütün dünyaya bəyan və sübut edir. Odur ki, bizim əsas müzakirələrimiz gərək bunun ətrafında getsin.
Mən hesab edirəm ki, Azərbaycanın bu konflikt yaranandan bəri daim beynəlxalq hüquq normalarına görə öz torpaqlarını güc tətbiq etməklə azad etməyə tam hüquqları çatır. BMT-nin nizamnaməsində bu haqda böyük bir bölmə var. Beynəlxalq qaydalara görə, gərək işğal faktını BMT təsdiqləsin. Sonra gərək işğalçıya müəyyən vaxt verilsin, ona diplomatik təzyiqlər göstərilsin. Həmçinin işğalçıya qarşı iqtisadi sanksiyalar tətbiq edilə bilər. Sonda isə bütün bu səylərin heç bir nəticəsi olmayanda hər bir dövlət güc tətbiq edib öz torpaqlarını azad edə bilər.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi deyir ki, biz bütün o mərhələlərdən artıq keçmişik. İşğal faktını BMT Təhlükəsizlik Şurası təsdiq edib, işğalçının qarşısında tələb qoyub ki, torpaqlardan çıxsınlar. Azərbaycan diplomatik və iqtisadi sanksiyalar da tətbiq edib. Lakin bunların heç bir nəticəsi olmadığı üçün Azərbaycan BMT nizamnaməsinə əsasən, güc tətbiq edib torpaqlarını azad edə bilər.
– Hazırda bu addımı atmaq üçün şans yarandığını deyə bilərikmi?
– Beynəlxalq hüquq normalarına görə, Azərbaycanın buna haqqı çatır, ancaq bunu reallaşdırmaq üçün bir neçə başqa şərtlər də lazımdır. Mən ən azı 3 şərt qeyd edə bilərəm ki, biz ona da nail olmalıydıq. Birincisi, biz Azərbaycan ordusunu gücləndirib, modernləşdirib torpaqları azad etməyə qadir olduğunu ortalığa qoymalıydıq. 1994-cü ildə son döyüşlər və ermənilərin şiddətli hücumları Tərtər istiqamətində oldu, Azərbaycan ordusu bütün bu hücumları dəf elədi, sonda “atəşkəs” imzalandı. Ancaq o dövrdə belə bir təsəvvür yaranmışdı ki, Azərbaycanla Ermənistan arasında hərbi paritet mövcuddur. Bu pariteti sındırmaq, Azərbaycan ordusunu moderinləşdirmək üçün bizim imkanlarımız yalnız 2000-ci illərin ortalarında böyük neft gəlirləri gələndən sonra oldu. 2016-cı ilin aprel döyüşləri zamanı artıq bu, bir fakt kimi ortalığa qoyuldu.
İkinci şərt bu idi ki, Ermənistanın arxasında daim Rusiya dayanırdı. Rusiya Ermənistana hərbi təhlükəsizlik qarantiyasını verirdi, eyni zamanda Rusiyanın dəstəyi ilə o torpaqların işğalı davam edirdi.
Bu şərtlərin də dəyişməsi çox vacib idi ki, Rusiya bu məsələdə ya neytral mövqe tutsun, ya da ədalət tərəfindən çıxış etsin. Uzun illərdir bu, baş vermirdi. Ancaq son illərdə Azərbaycanla Rusiyanın yaxınlaşması prosesi getdi və əksinə, Rusiya-Ermənistan münasibətlərində çox ciddi problemlər yarandı, Paşinyan hakimiyyətə gələndən sonra isə bu münasibətlər artıq düşmənçilik səviyyəsinə qalxır. Ona görə ki, Paşinyan hakimiyyəti, faktiki olaraq, Putinin özünə ən böyük düşmən saydığı Aleksey Navalnı modelidir. Onun dəst-xətti də, verdiyi bəyanatlar, suallar da tamamilə eynidir. Ona görə də Ermənistanda belə bir hakimiyyətin möhkəmlənməsi, faktiki olaraq, Putin hakimiyyətinə ən böyük təhlükədir. Ona görə də Rusiya-Ermənistan münasibətləri addım-addım pisləşməyə davam edir və bu da Azərbaycana Qarabağ məsələsində Rusiya amilini neytrallaşdırmaq üçün yaxşı imkanlar yaradır.
Üçüncü şərtə gəldikdə, ümumiyyətlə, dünya ictimaiyyətini inandırmaq lazım idi ki, ermənilər danışıqlar yolu ilə o torpaqları azad etməyəcəklər, bu danışıqlar imitasiya xarakteri daşıyır. Bunu Amerika, Avropa, bütün dünya anlamalı və qəbul etməli idi ki, Azərbaycanın güc tətbiq etməyə nəinki hüququ çatır, eyni zamanda artıq başqa yolu da yoxdur. Bu, çox vacibdir. Ona görə ki, biz hərbi əməliyyatları keçirəndə həm o əməliyyatlar uğurlu olmalıdır, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qəbul olunmalıdır. Bu məsələdə də artıq çox ciddi dəyişikliklər baş verir. Çünki Ermənistanın əvvəlki hakimiyyəti komsomol və partiya məktəbini keçmiş, siyasi intriqalarda çox təcrübəli olan Köçəryan və Sərkisyan hakimiyyəti daim dünyanı aldadırdı ki, danışıqlar aparırıq, razılaşmaya yaxınıq və s. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra açıq bəyan etdi ki, 7 rayon da artıq Dağlıq Qarabağa “birləşib” və Dağlıq Qarabağ da həmin 7 rayonla birlikdə Ermənistanın tərkibinə daxil olmalıdır. Demək olar ki, Paşinyan bizim əvəzimizə bütün dünyanı inandırdı ki, Azərbaycanın güc tətbiq etməkdən başqa yolu qalmır.
Bütün bu prosesə baxanda biz görürük ki, artıq “imkanlar pəncərəsi” deyilən anlayış indi yaranıb. Həm Azərbaycan ordusu tam üstünlüyünü sübut edib və torpaqları azad etməyə qadirdir, həm Rusiya Ermənistan üzərindəki hərbi qarantiyasını artıq aradan qaldıra bilər, eyni zamanda beynəlxalq ictimaiyyət də başa düşür ki, Paşinyanın verdiyi bəyanatlarla hansısa sülh danışıqları aparmağın mənası yoxdur. Bizim üçün bu proses çox önəmlidir. Yoxsa Minsk Qrupunun həmsədrləri harada görüş təşkil etdilər, bizim xarici işlər naziri erməni həmkarı ilə harada danışdı, nə etdi, bunlar artıq mənasız xarakter daşıyır.
– Eldar bəy, Putinin Bakı səfəri ərəfəsində və üstəlik, BMT sessiyasının davam etdiyi bir vaxtda Ermənistanın hərbi təyyarələri Qarabağ səmasında təlim uçuşları həyata keçirdilər. Azərbaycan indiki durumda nə etməlidir?
– Sizin sualınız həmin o “imkanlar pəncərəsi” mövzusunun davamıdır. Siz nəzərə alın ki, bu imkanlar indi formalaşır, indi yaranır. Yuxarıda üç şərti sadaladım. Amma bu “imkanlar pəncərəsi” müəyyən müddətdən sonra bağlana da bilər. Nə mənada? Ermənistanda hakimiyyət dəyişikliyi baş versə və Rusiyaya yaxın bir siyasətçi hakimiyyətə gəlsə, təbii ki, Rusiyanın mövqeyi yenidən sərtləşə bilər. Hesab edirəm, nə qədər ki, mümkündür, Azərbaycan bu “imkanlar pəncərəsi”ndən istifadə etməlidir və çox ciddi, cəsarətli addımlar atmalıdır. Ən azı Ermənistanda parlament seçkiləri keçirilənə qədər bu imkanlar mövcud olacaq. Ermənistanda daxili çəkişmələr, daxili böhran daha da dərinləşəcək. Ona görə də biz bu “imkanlar pəncərəsi”ndən maksimum istifadə etməliyik.
– Azərbaycan Ermənistan qırıcılarını vurmalıdırmı?
– Bir qırıcını vurmaq, əslinə qalsa, bizim üçün məqsəd deyil. Bizim məqsədimiz bütün işğal olunmuş torpaqları azad etməkdir. Bu məqsəd, bu uğura nail olmaq üçün təbii ki, həm hər, həm də diplomatiya sahəsində ciddi planlar olmalıdır. Hesab edirəm ki, belə planlar var, hazırlıq gedir. Ona görə ki, aprel döyüşləri özü də kəşfiyyat döyüşləri idi. Adətən, böyük hərbi əməliyyatlardan öncə kəşfiyyat döyüşləri aparılır ki, düşmənin potensialını daha yaxşı öyrənmək, onun güclü və zəif yerlərini daha yaxşı bilmək üçün. Bu mənada hansısa bir təyyarəni vurmaq, yaxud vurmamaq prinsipial əhəmiyyət kəsb eləmir.
– Necə bilirsiniz, Rusiya prezidenti Bakı səfərində Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyəcəkmi?
– Putin hakimiyyətinin bir xüsusu var – bu, ümumiyyətlə, bütün böyük diplomatik təcrübəyə malik olan dövlətlərin yanaşmasıdır – onlar əsl niyyətlərini elə yaxşı pərdələyirlər ki, hansısa hakimiyyət yıxılanda, məğlub olanda başa düşür ki, onu bura aparan yol yarım il-bir il bundan əvvəl başlamışdı. Ona görə də indi Rusiya ilə Ermənistan arasında müəyyən hansısa pozitiv jestlər edilirsə, mən şəxsən bunu aldadıcı addımlar kimi qəbul edirəm. Ona görə ki, Nikol Paşinyanın qurduğu hakimiyyət Putin hakimiyyətinin bir nömrəli düşmənidir. Əgər Rusiya özünə düşmən bildiyi bir hakimiyyətə hansısa bir jest edəcəksə, bu, onların başının altına yastıq qoymaqdan başqa bir şey deyil. Mən bu qüvvələr – Putin və Paşinyan hakimiyyəti arasında barışıq olacağını gözləmirəm, normal münasibətlərin formalaşacağına inanmıram.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
Paylaş: