Ukraynalı araşdırmaçı, tarixçi, bloqer Filipp Ekozyansın oxu.az saytına müsahibə verib. Strateq.az az müsahibəni oxuculara təqdim edir:
– Xahiş edirəm, milliyyətcə erməni olan bir şəxs olaraq bu sualıma cavab verin. Siz Dağlıq Qarabağın Azərbaycan torpağı olması fikri ilə razısınız?
– Dağlıq Qarabağ şübhəsiz Azərbaycan Respublikasının ərazisidir. Tarixən bura İranın ən böyük əyaləti olan Azərbaycan torpaqlarıdır. Əhalinin böyük əksəriyyəti müsəlmanlar, bir hissəsi isə xristianlar olub (təkcə ermənilər yox). Sadə xalq barəsində danışsaq, fikrimcə, genetik olaraq biz hamımız birik, xalqların bölünməsi süni şəkildə aparılıb və bu bizlərə yalnız ziyan vurur. Təəssüf ki, bu zərəri bu gün Dağlıq Qarabağda bütün sahələrdə hiss edirik.
– Siz açıq şəkildə bəyan edirsiniz ki, Qarabağ Azərbaycan Respublikasının torpağıdır. İki xalqın mənşəyinə dair öz tarixi mülahizəniz var. Bu cür fikirlərə görə problem yaşayırsınızmı? bu gün Ermənistanda və erməni diasporunda mübahisə olunan bu məsələni açıq etiraf etmir.
– Cavab verməli oluram, problem yaşayıram, amma bu, müvəqqətidir. Öz həyat təcrübəmə əsasən bilirəm ki, həqiqət hamıdan çox ondan qorxanlara lazımdır. Əminəm ki, tezliklə çox şey dəyişəcək. Mən bunu boş sözlər olaraq demirəm və sonda faktlar hər şeyi həll edəcək. Bu gün tutduğum mövqeyə görə mənə nifrət edən və məni qınayanlar vaxt gələcək işimdə ən yaxın köməkçilərim olacaqlar.
– Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inanırsınızmı?
– Bəli.
Sülh planının təxminən nə vaxt işə düşəcəyini deyə bilərsiz? Və ya siz münaqişənin hərb yolu ilə həllindən danışırsız?
– Mən dəqiq vaxt söyləyə bilmərəm,. Onu bilirəm ki, biz bir-birimizi bağışlamalıyıq. Məhz bağışlamaq. Bizim başqa yolumuz yoxdur, çünki biz birlikdə yaşamalıyıq. Nə qədər ağır olsa da, bağışlamaq lazım gələcək. Mənim xalqıma bunu etməyə saxta tarix imkan vermir. Məhz budur bizim yolumuzdakı əngəl, bizim ağrımız. Mən bu ağır daşdan xilas olmaq üçün əlimdən gələni edirəm. Azərbaycanlılara bunun üçün nə lazımdır, bilmirəm. Bunu yalnız azərbaycanlılar özləri bilirlər.
– Bağışlamaq barəsində yalnız təqsir olanda danışmaq olar. Biz ermənilərin nədə müqəssir olduğunu bilirik. Bəs azərbaycanlıların ermənilər qarşısında günahı varmı? Məgər onlar erməniləri öz torpaqlarından qovublar?
– Təkrar edirəm, mən bilirəm ki, ermənilərin azərbaycanlıları bağışlamasına nə mane olur, onu bilirəm – tarixi həqiqətlərin təhrif olunması, tarixin saxtalaşdırılması.
Ola bilər ki, virtual aləmdən ayrılsalar, ermənilər anlayacaqlar ki, azərbaycanlıların onların qarşısında günahı yoxdur. Bəlkə də, yox. Mən ermənilər haqda üçüncü şəxsdə o səbəbdən danışıram ki, burada söhbət bütöv bir xalqın fikrindən gedir gedir (təkcə mənim yox). Bəlkə azərbaycanlılar anlayacaqlar ki, sadə erməni xalqının yalnız bir təqsiri var – onlar aldadılıblar. Ola bilsin ki, bu da nəticə verməyəcək. Bu suallara cavab vermək üçün zaman, müəyyən yol keçmək lazımdır. Bu məsələdə tək mənim fikrim yetərli deyil.
– Əgər münaqişənin həlli sizdən asılı olsaydı, ilk olaraq hansı addımı atardınız?
– Bağışlayın, mən bunu ciddi sual kimi qəbul etmirəm.
– Niyə? Mənə maraqlıdır ki, siz münaqişənin həlli yolunda ilk hansı addımların atılmasını vacib hesab edirsiniz. Məsələn, ATƏT-in Minsk Qrupunun problemin həllinə öz yanaşması var, vasitəçi olmaq istəyən digər tərəflərin də müxtəlif təklifləri var. Siz nə təklif edərdiniz?
– Əvvəlcə Qarabağın hər iki dili bilən Azərbaycan və erməni icmasının hörmətli və nüfuzlu ağsaqqallarını toplamaq lazımdır. Onlara imkan yaratmaq lazımdır ki, jurnalistlər və digər üçüncü tərəflər olmadan bir neçə gün və ya həftə vasitəçisiz söhbət etsinlər. Onlara yemək hazırlayıb, qulluqlarında durmaq lazımdır. O vaxta qədər ki, onlar qərar verib ictimaiyyət qarşısına çıxsınlar və son qərarlarını açıqlasınlar.
– Fikirlərinizə dərin hörmətlə qeyd etmək istərdim ki, Qafqaz ənənələrinə uyğun olaraq ağsaqqalların rəyini dinləmək, bəlkə də, ən yaxşı yol olardı. Lakin günümüzün reallığını nəzərə alaraq, bu, sizə imkansız kimi görünmürmü?
– Xeyr. Yalnız bu, reallıqdır. Siyasətçilərin təklif etdiyi qalan hər şeyin reallaşmaq ehtimalı azdır.
– Siz, həqiqətən, düşünürsünüz ki, münaqişə başlayandan bu qədər müddət sonra bir-birini görməyən və bir- birinə nifrət edən insanları barışdırmaq olar?
– Mən inanıram, əminəm, bir an belə şübhə etməmişəm. Bütün tarixə nəzər salsaq, düşmən xalqların barışdığını görərik. Bizdə də belə olacaq.
– Şəxsən siz bunun üçün nə etməyə hazırsınız? Siz Ermənistana gedib sadə xalqa, hakim dairələrə Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmalı olduğunu və yeni münasibətlər qurmağın vacibliyini deyə bilərsinizmi?
– Mən mövcud vəziyyətdə nəyin edilməsini vacib sayıramsa, onu edirəm. Dağlıq Qarabağ xüsusi hadisədir (bu ifadəmə görə sizdən üzr istəyirəm, başa düşürəm ki, bu, sizin üçün doğma torpaqdır, lakin söhbət Dağlıq Qarabağın üzləşdiyi çox ciddi bir problemdən – sistemdən gedir).
Çox uzaq tarix deyil, Osmanlı İmperiyasında faciə baş verdi, ondan öncə İranda iki dəfə, XVIII və XIX əsrlərdə faciə ilə qarşılaşdıq. Əgər bizi fəlakətə sürükləyən və ayıran sistemi məhv etməsək, bütün dünya Dağlıq Qarabağ olacaq. Onu əlavə edə bilərəm ki, ermənilərin və azərbaycanlıların təhlükəsizliyinin əsas qarantı yalnız ermənilər və azərbaycanlılardır. Biz qonşuyuq. Biz bizə hamıdan yaxınıq.
Paylaş: