Xəbər lenti

 

"Ermənistan hökuməti "Amulsar" qızıl yatağının istismarı zamanı ekoloji normalara məhəl qoymayacaq".

Bu barədə “Report”a bunu rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

O, Ermənistanın bunun üçün lazımi maliyyə vəsaitlərinə malik olmadığını bildirib: "Ermənistan kiçik və kasıb ölkə olduğundan ekoloji normalara fikir veriləcəyini, istehsalatın zərərsiz olması üçün ciddi layihələr həyata keçiriləcəyini gözləmək yersizdir. Tullantılar olacağını, çirkab sularının çaylara axıdılacağını hamı dərk edir. Bunların olmaması üçün külli miqdarda vəsait qoyulmalıdır, amma həmişəki kimi, bununla heç kim məşğul olmayacaq”.

Ekspert yoxsul ölkələrdə hasilat işləri görülərkən əhalidən icazə alaq kimi qaydaya əməl olunmadığını söyləyib: “Mədənləri işlədirlər, lazımi adamlara rüşvət verirlər, sonra da yerli sakinlər kütləvi öləndə bunun səbəbini bilən olmur. Məncə, Ermənistanda da eynilə belədir”.

Y.Mixaylov "Amulsar" yatağı ilə bağlı Ermənistan ekoloqlarının həyəcan təbilini haqlı olaraq çaldıqlarını vurğulayıb: “Axı, ekoloji təhlükəsizliyini təmin etmək üçün qəbul olunduğu kimi, yatağın istismarına dair müvafiq texnoloji əsaslandırma həqiqətən də heç yerdə dərc olunmayıb, heç kim tərəfindən açıqlanmayıb. Odur ki, yerli əhali də, ekoloqlar da narahatdır. Məncə, onlar haqlıdırlar”.

"Amulsar" qızıl yatağının istismarı nəticəsində yaranacaq çirkab sularının Azərbaycan ərazisinə də çatıb fəsadlar törədə biləcəyini istisna etməyən rusiyalı ekspert yatağın istismarında iri biznesin lobbiçilik fəaliyyətinin mühüm rolunu diqqətə çatdırıb: “Qızıl hasilatı bahalı işdir, odur ki, bununla yalnız iri maliyyəyə sahib olanlar məşğul ola bilər. Güclü iqtisadiyyata və siyasi potensiala malik olmayan bir ölkə iri beynəlxalq şirkətlər qarşısında acızdir. Məncə, məhz buna görə Paşinyan başqa cür danışmağa başlayıb. Artıq bundan sonra sözügedən yataqda qızıl hasilatının əleyhdarlarına qarşı təzyiqlərin artmasını gözləmək olar”.

Qeyd edək ki, "Amulsar" qızıl yatağı ilə bağlı məsələ uzun müddətdir Ermənistan ictimaiyyətinin və siyasi dairələrinin gündəmindədir. Hələ 2016-cı ildə prezident Serj Sarqsyan ABŞ-a işgüzar səfəri zamanı “Lydian Armenia” şirkətinin icraçı direktoru Hovard Stivensonla görüşərək həmin yatağın istismarı ilə bağlı müzakirələr aparmışdı. Amerikalı sahibkar yatağın istismarına dair sərmayə proqramında lazımi ekoloji norma və tələblərin nəzərə alındığını israrla vurğulayırdı.

Lakin "Amulsar" kəndinin sakinləri yatağın istismarının mümkün fəsadları ilə bağlı narahatlıq keçirərək Avropa Yenidənqurma və İnkişaf Bankının ombudsmanına məktub yollayaraq kənddə qızıl yatağının istismarını, habelə siano istehsalı müəssisəsinin inşasını ehtiva edən layihənin beynəlxalq sənədlərə və ekoloji normalara uyğun gəlmədiyi üçün maliyyələşdirilməsini dayandırmağı tələb ediblər. Həmçinin yerli sakinlər yataqda mədən tikintisinə qarşı bir neçə etiraz aksiyası keçiriblər. Bu il iyulun 13-də keçirilən aksiya nəticəsində yolların bağlanması yataq ərazisində ekspertiza işlərini əngəlləmişdi.




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 30-08-2019, 22:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma