Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Artsrun Ovannisyan. Yəqin ki, bu adamı 44 günlük müharibə dövründə bir çoxlarımız yaxından tanıdı. Öz “qələbə sevincli” dezinformasiyaları ilə nəinki Azərbaycanda, hətta düşmən ölkədə də ciddi təpkilərə məruz qalan bu adam Səddam Hüseynin yalançı sözçüsünü xatırladırdı.
Ermənistanın məğlubiyyəti bütün çılpaqlığı ilə ortaya çıxandan sonra öz vəzifəsindən istefa edən Ovannisyan bir müddət ortalıqda görünmədi. Nəhayət dünən “Sputnik Ermənistan”a müsahibə verən yalançı qəhrəman bir sıra məsələlərə aydımlıq gətirib: niyə yalan danışmasından tutmuş, məğlubiyyətlərinin əsl səbəbinə qədər. Bizim üçün ən maraqlı nüans Ovannisyanın kürəkəninin də 44 günlük savaş sırasında öldürülməsi oldu. Erməni də olsa, etiraf etməliyik ki, cəbhədəki vəziyyəti dəqiqliyi ilə bildiyi halda kürəkəninin savaşa getməsini əngəlləməməsi bizim bəzi rəsmilərimizə örnək ola biləcək davranışdır.
Bir sıra maraqlı məqamlara aydınlıq gətirən müsahibəni Ovqat.com oxucularına təqim edirik.
- Cənab Ovannisyan, Qarabağ müharibəsi başa çatdıqdan sonra siz sosial şəbəkələrdə sərt tənqid obyektinə çevrildiniz. Hətta sizə hücum edənlər də oldu. Bütün bunlara sizin münasibətiniz necədir?
- Əminəm ki, tənqidçilərimin əksəriyyətinin mənimlə uzunmüddətli şəxsi hesabları var. Facebook-da məni tənqid edənlərin keçmişi, kiminlə əlaqəli olmaları və s. kimi məqamlar, mənim fikrimcə, bu cür münasibətin əsl səbəbidir. 2012-ci ildən 2015-ci ilə qədər də müəyyən dairələr mənim informasiya siyasətimi sevmirdi. Rəhbərimin nüfuzdan salınması üçün sifariş verildi (söhbət keçmiş müdafiə naziri Seyran Ohanyandan gedir - Red.), Aprel döyüşlərindən sonra bu ziddiyyətlər daha da dərinləşdi.
Digər səbəb siyasidir. Siyasi məsələlərin həlli üçün məndən istifadə etməyə çalışırlar, mən isə siyasətdən uzağam. Əlbəttə, elə adamlar da var ki, onların mənə mahiyyəti üzrə sualları var. Amma onlara nüansları və detalları izah edərkən hər şeyi başa düşməyə başlayırlar.
-Bizə də izah edə bilərsiniz?
-Mən təbliğat ittihamlarını ciddi hesab etmirəm, çünki müharibə zamanı başqa cür olmur. Əlbəttə, səhvlər, yoxlanılmamış və ya təsdiqlənməmiş məlumatlar olur. Ancaq təbliğat ona görə təbliğatdır ki, xalqın ruhunu diri saxlasın. Müharibə zamanı dostlarımı, qohumlarımı, kürəkənənimi itirdim. O günlərdə boğazda qəhərlə efirə çıxırdım və dostlarımdan, tanışlarımdan çoxsaylı zənglər alırdım: səhər biz əsgərimizi döyüşə aparmalıyıq, həvəsləndirici danış. Bu, mənim üçün çox çətin idi, içimdə göz yaşları axırdı, amma efirdə gümrah olmağa, özümü qəmgin göstərməməyə çalışırdım.
Lakin ittihamlar son dərəcə absurddur. Guya biz Türkiyəyə qalib gələ bilərdik? Sanki müharibə zamanı bütün itkiləri adıyla sadalamalı idik, itirilmiş hər bir millimetr barədə dərhal məlumat verməliydik. Məğlubiyyətin əsl hərbi-siyasi, strateji səbəblərini, çoxillik səhvlərini, taktiki məsələlərini unudaraq, hamı təbliğat detallarını müzakirə etmək istəyir. Mən başa düşürəm, nə üçün belə edilir. Bu məzəmmətlərin müəllifləri dövlətin müharibəyə hazırlığından, qarşılıqlı əlaqəsinin nüanslarından heç nə anlamırlar, buna görə də manipulyasiya üçün asan olan xəbər mövzusu ön plana çıxarılır.
Nə vaxtsa Silahlı Qüvvələrin sıralarını tərk edəcəyəm, mən onda müharibələrdə tam həqiqətlərin ifadə olunmasının nələrlə nəticələnə biləcəyini faktlarla izah edəcəyəm. İndi isə onu deyirəm ki, verdiyim bütün məlumatları ancaq ordudan – Müdafiə Nazirliyindən, Baş Qərargahdan və ya dostlarımdan - hərbçilərdən almışam. Bu mövzuda bütün digər ittihamlar yalandır.
-Buna baxmayaraq, özünüzü günahkar hiss etdiyiniz bir şey varmı?
-Mən hər gün özümlə müharibə vəziyyətindəyəm, kabuslar görürəm… Amma mən heç də ona görə əzab çəkmirəm ki, guya yanlış məlumat verirdim. Vaxt var idi ki, mən ordunun strukturu, silahlar, taktikalar, yeni nəsil müharibələri haqqında təkliflər verirdim, ancaq bunların tam həyata keçirilməsinə nail ola bilmirdim. 2007-ci ildən etibarən mən hava üstünlüyündən, qırıcılardan, pilotsuz təyyarələrdən, yüksəkdəqiqlikli hərb alətlərindən, onların avtomatik idarəetmə sistemlərindən danışırdım, amma biz istədiyimizi ordumuzda tətbiq edə bilmədik. Və biz hava üstünlüyündəki zəifliyimizə görə məğlub olduq... Mən günahkar axtarmıram, maliyyə məsələsi başda olmaqla çox müxtəlif problemlər var idi. Mən siyasi məsələlərə girmək istəmirəm, lakin fakt ondan ibarətdir ki, bizi hansı müharibənin gözlədiyini sırf peşəkarlıqla başa düşürdüm. Nəticədə belə də oldu və bu, mənim üçün çox çətindir.
Su-30 qırıcıları haqqında mən hələ 2010-cu ildə yazmışdım. 2015-ci ildə onun alınması üçün silahlanma və hərbi texnika proqramı tətbiq edilib, lakin sonradan məlum olmayan səbəblərdən həmin planı yığışdırıblar. Mən döyüş təyyarələrinin pilotsuz uçan aparatlarla və yüksəkdəqiqlikli silahlarla birlikdə quru qoşunlarının və artilleriyanın birləşdirilməsi ilə bir şəbəkə, sistem yaratdılmasının vacibliyi barədə onlarla məqalə və kitab yazmışam.
Mənim "Hava üstünlüyü" kitabımın birinci cildi 2016-cı ildə, ikinci cildi isə ötən ilin avqust ayından nəşriyyatda işıq üzü görüb. Təəssüflər olsun ki, Türkiyə-Azərbaycan qoşunları bizə qarşı mənim təsvir etdiyim kimi vuruşdular. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan da belə müharibənin nüanslarını yaxşı bilirdi, hətta mənim kitabımın ikinci cildində resenziya yazmışdı. Ümumiyyətlə, bu illər ərzində mütərəqqi düşüncəyə malik olan bir çox müstəsna və bənzərsiz generalları, orta səviyyəli zabitlər gördüm, amma biz ordunu təkmilləşdirə bilmədik, vaxt, resurs və s. çatışmadı.
Hər kəs məni söz sahibi kimi tanıyır, amma mən ilk növbədə mətbuat katibi statusumun kölgəsində qalmış bir hərbi nəzəriyyəçi, tədqiqatçıam.
- Hər halda, sizin fikrinizcə, məğlubiyyətimizin səbəbi nə idi?
- Təəssüf ki, bizdə peşəkar məsələlər müzakirə olunmur, iqtisadiyyatın, demoqrafiyanın, geosiyasi amillərin müharibənin nəticəsinə necə təsir etməsinin dərin təhlili aparılmır. Biz qüdrətli dövlətə, Türkiyəyə qarşı vuruşduq və aydındır ki, bu, qeyri-bərabər mübarizə idi. Bəli, səhvlər var idi, amma məsələlərə söyüş və lənətlə deyil, ayıq başla baxmaq lazımdır. Əgər biz həqiqi səbəbləri anlamasaq və təhlil etməsək, daha pis nəticələrə gələ bilərik. Bizim vəzifələrimizin iyerarxiyası var: əvvəlcə biz geosiyasi vəziyyəti dəqiq anlamalıyıq, sonra ordunun lazımi silahlarla təşkili və təchizi məsələlərini həll etməliyik, sonra isə yalnız ayrı-ayrı taktiki qərarlara keçməliyik. Müharibələr belə tələsik və emosional şəkildə öyrənilmir, buna vaxt lazımdır.
- Bu gün Ermənistan nə etməlidir?
-Bu gün biz daha yaxşı hazırlaşmalıyıq, səhvləri anlamalıyıq və vaxt itirmədən onları düzəltməliyik və irəli getməliyik. Hər şeydən əvvəl, ordunu son dərəcə qısa müddətdə yenidən qurmaq, təchiz etmək, yeni təhsil standartlarına uyğun inkişaf etdirmək lazımdır. Biz gələcəkdə qələbələrə məhz belə nail ola bilərik.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar