Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Füzuli aeroportu xidmətə açıldı. Artıq AZAL-ın təyyarəsi bu hava limanına ilk uçuşunu da keçirdi. Ancaq Azərbaycan təkcə Füzuli hava limanı ilə kifayətlənmək niyyətində deyil. Ölkə başçısının dediyinə görə, Zəngilanda və Laçında da yeni aeroportlar tikiləcək. Bəs, əhalisinin hələ köçürülmədiyi ərazilərdə hava limanı tikintisinə nə ehtiyac var?
Senzor.az-ın bu və digər suallarını regional siyasət üzrə tanınmış ekspert, Ovqat.com saytının baş redaktoru, şair-publisist Heydər Oğuz cavablandırır.
Senzor.az-ın bu və digər suallarını regional siyasət üzrə tanınmış ekspert, Ovqat.com saytının baş redaktoru, şair-publisist Heydər Oğuz cavablandırır.
Qarabağın hələ əhali köçürülməyən ərazilərində hava limanlarının tikintisi hansı zərurətdən doğub? HEYDƏR OĞUZ: “HƏMİN AEROPORTLAR BİZƏ TƏKCƏ İQTİSADİ YOX, HƏRBİ-STRATEJİ CƏHƏTDƏN DƏ LAZIMDIR”
-Heydər bəy, ölkədə bu qədər aeroportun tikintisi hansı ehtiyacdan doğur? Xüsusilə də Füzuli və Zəngilan kimi bir-birinə yaxın ərazilərdə.
-Açığını desəm, Zəngilanda hava limanı tikilməsi barədə xəbəri mən də yeni öyrənmişəm. Səhv etmirəmsə, Prezident İlham Əliyev ilk dəfə bunu Laçın aeroportunun təməlatma mərasimində dilə gətirdi. Ondan əvvəl isə Prezident işğaldan azad olunmuş bölgələrdə iki yerdə beynəlxalq aeroport tikiləcəyini bildirmişdi. Bunlardan biri Füzuli aeroportu idi ki, artıq tikintisi demək olar, başa çatdırılıb və təyyarələrin istifadəsinə verilib. Digərinin isə Kəlbəcərdə tikilməsi nəzərdə tutulurdu. Amma Kəlbəcər rayonunun relyefi, dağlarla əhatə olunması aeroport tikintisi üçün o qədər də əlverişli deyildi. Məhz bu səbəbdən aeroportun Laçın rayonunda tikilməsinə qərar verildi.
Lakin Zəngilanda aeroport tikilməsinin səbəbini mən də tam olaraq anlaya bilmirəm. Çünki Zəngilanla Füzuli arasındakı məsafə hava yoluyla cəmi 40-50 km-dir. Bu qədər qısa məsafədə iki aeroport tikmək həqiqətən də təəccüblü görünə bilər. Bununla belə, səbəbini, faydasını anlamadığımız bir proyektin lüzumsuz olduğunu söyləmək doğru olmazdı. Bizim bilmədiyimiz səbəblər ola bilər. Ümumiyyətlə, insan gərək təfsilatlı məlumatı olmadığı bir hadisə barədə qəti mülahizələr yürütməyə. Mümkündür ki, Zəngilanda tikilən aeroport hərbi xarakterli olsun. Bunlar haqqında dəqiq məlumatım olmadığından suallarınıza da konkret cavab verə bilmirəm.
O ki qaldı insan yaşamayan ərazidə aeroport tikintisinin hansı zərurətdən doğub-doğmaması barədə sualınıza, açığı, məsələnin bu şəkildə qoyulması ilə razılaşmaq mümkün deyil. Çünki işğaldan azad olunmuş ərazilərin heç də çöllük-biyabanlıq kimi saxlanılması nəzərdə tutulmur. Vaxtilə o ərazilərdə 100 minlərlə insan yaşayıb. 1990-cı illərdə Qarabağdan və Qərbi Azərbaycandan didərgin düşənlərin sayı 1 milyon civarında idi. Qaçqınlıq dövründə onların sayı xeyli artıb. Yəqin ki, indi 1,5 milyonu keçiblər. Təbii ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə, öz dədə-baba yurdlarına köçürülməsi lazımdır və bu da planlaşdırılır. Vətəndaşlar öz yurd-yuvalarına köçürülməmişdən əvvəl isə bölgənin infrastrukturu qurulmalıdır. Əks halda, onları daşı-daş üstündə qalmayan, yaşamaq üçün şəraiti olmayan ərazilərə necə köçürmək olar? Bölgələrdə aeroportların tikilməsi də infrastruktur yaratma çalışmalarından biridir.
-Amma gəlin razılaşaq ki, aeroport infrastruktur qurulması prosesində bəlkə ən sonuncu mərhələdir. Biz isə nədənsə son işi əvvəldən başlayırıq.
-Yox, sizinlə razı deyiləm. Aeroportlar müasir çağımızda ən mühüm nəqliyyat dayanacaqlarından, limanlarından biridir. Bir çox təcili materiallar təyyarələrlə daşınır. Üstəlik, həm Füzulidə, həm Zəngilanda, həm də Laçında inşası planlaşdırılan və birinin artıq istifadəyə verildiyi aeroportların əhəmiyyətini təkcə iqtisadi amillərlə əlaqələndirmək də düzgün deyil. Aeroportlar həm də hərbi-strateji əhəmiyyət daşıyır. Bildiyimiz kimi, Azərbaycanın hərbi-strateji baxımdan ən zəif nöqtəsi Füzuli-Qubadlı-Kəlbəcər üçbucağıdır. Bu üçbucağın Qubadlı-Kəlbəcər xətti Ermənistanla rus “sülhməramlı”larının hələ də işğal altında tutduğu bölgənin arasında yerləşir. Laçın da bu xəttin tam mərkəzində yer alır. Aeroportlardan birinin orada tikilməsi bu mənada təsadüfi deyil. Üçbucağın Füzulu-Qubadlı tərəfi isə yenə rus “sülhməramlı”ları ilə İran arasında qalır. İstər İran, istərsə də Rusiya 44-günlük savaşda və ondan həm əvvəl, həm də sonra açıq şəkildə erməni təcavüzkarlarını dəstəkləyir, silah-sursatla təmin edirdilər. Bu isə Azərbaycanın hər iki xətdə hava sərhədlərinə nəzarətini gücləndirməsini şərtləndirir. Təsadufi deyil ki, aeroportlardan birinin şərti üçbucağın tam ortasında, digərlərinin isə eyni xətt boyunca inşası nəzərdə tutulur. Əlbəttə, ən sadəlövh dövlət belə bu qədər mürəkkəb və təhlükəli bölgədə inşa edəcəyi beynəlxalq hava limanlarını Allahın ümidinə buraxmaz, onun təhlükəsizlik tədbirlərini də gücləndirər. Xüsusilə də hava hücumlarından müdafiə sistemlərini. Fikrimcə, həmin aeroportların özündə əgər belə sistemlər indiyədək mövcud deyilsə, mütləq qurulmalıdır. Azərbaycan yalnız o zaman öz hava sərhədlərindən arxayın olar ki, bu sistemləri qursun və aktiv fəaliyyətə keçirsin.
Digər tərəfdən, açıq şəkildə ermənipərəst mövqe tutan Rusiya müxtəlif bəhanələrlə Xankəndi aeroportunu açmaq istəyir. Guya daha optimal fəaliyyət göstərmək üçün hava yoluna ehtiyac duyduğunu bildirir. Halbuki onun regional sülhə necə xidmət etdiyi 44 günlük savaşda bir daha özünü büruzə verdi. Savaşdan əvvəl və sonra mütəmadi olaraq hər gün təyyarələrlə Ermənistana silah daşıyan Moskva hazırda Xankəndi aeroportunu işə salmaqla faktiki təyinat nöqtəsinə məsafəsini bir qədər də qısaltmaq istəyir. Dəfələrlə onun təxribatları ilə qarşılaşan Azərbaycan isə buna razılıq verə bilməzdi və vermədi də. Beynəlxalq aləmdə olan-qalan nüfuzunu da xərcləmək istəməyən Moskva isə Bakı ilə razılaşmalı oldu. Üstəlik, Xankəndi aeroportunun eniş və uçuş xətləri də istifadəyə tam yaramır, təmirə ehtiyac duyulur. Rusiya bir də bu perspektivsiz işə pul xərcləmək istəmir. Belə anlaşılır ki, bu dəfə də guya öz aləmində rəsmi Bakını “xamlayıb” dövlət maraqlarımıza zidd fəaliyyət göstərəcəyi şübhə doğurmayan Xankəndi aeroportunu da bizə təmir etdirmək xəyalına qapılıb. Azərbaycan isə Füzuli aeroportunu işə salmaqla Rusiyanın bu bəhanəsini əlindən aldı. Yəni dedi ki, Xankəndinə təyyarə ilə nəsə göndərmək istəyirsənsə, buyur, Füzuli aeroportundan istifadə et. Bu arqument Rusiyanın bəhanələrinə son qoyur və bizə Xankəndinə göndərilən yükləri araşdırmaq imkanı verir.
-Bəzi iddialara görə, aeroportların İranla sərhədlərdə tikilməsi Tehranı da narahat edir. Tehran həmin aeroportlardan İsrailin istifadə edə biləcəyini düşünür. İranın bu qorxusu nə qədər əsaslıdır?
-Bilirsinizmi, Azərbaycan xalqının çox gözəl atalar sözü var: “Xain xoflu olar”. İran da, Azərbaycan müstəqilliyə imza atdığı gündən, özünü xoflu aparır. Mən bu xofun hansı xainlikdən doğduğunu dəqiq deyə bilmərəm. Bunun ən yaxşı cavabını Tehranın özü verə bilər. Ancaq məntiq deyilən bir anlayış var. İsrail İranı güdmək üçün niyə Azərbaycan ərazisindən istifadə etməlidir? Axı İranla sərhəddə yerləşən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və s. kimi İrana yetərincə qənim kəsilən ərəb ölkələri var. İsrail də onlarla münasibətlərini tam normallaşdırıb.
Üstəlik, həmin ölkələrin körfəzdə kifayət qədər hərbi bazaları mövcuddur və İranın qorxusundan hamısı bu hərbi bazaları Böyük Britaniyanın, ABŞ-ın, İsrailin ixtiyarına verib. Səhv etmirəmsə, Böyük Britaniyanın ən böyük xarici dəniz bazası Bəhreyndədir. Əhalisinin 75%-i şiə olmasına baxmayaraq, sünni kral tərəfindən idarə edilən Bəhreyn üçün ən böyük xarici təhlükə də İrandandır. Yəni Bəhreyn kralı böyük məmnuniyyətlə öz hərbi bazasını İran təhdidini zəiflədəcək qüvvələrə, o cümlədən İsrailə verə bilər.
Yaxud İranın canbir qardaşı olan Ermənistan dünyada ən böyük ABŞ səfirliyinin fəaliyyət göstərdiyi ölkədir. İsrail isə ABŞ-ın 51-ci ştatı kimi tanınır. İranın bu qədər düşmən əhatəsində olduğu halda Azərbaycanın, necə deyərlər, asqırmasından belə, şübhələnməsi özünü yırtıcılardan qorumaq istəyən dəvəquşunun başını quma soxmasına bənzəyir.
Digər tərəfdən, Azərbaycanda İranın parçalanmasını istəyən ən radikal millətçi qruplar belə, bu ölkə əleyhinə təxribatlar törətmək istəyən İsrailə qonşu dövlətlə sərhəddə öz hərbi gücünü möhkəmlətməyə icazə verməz. Ən azı ona görə ki, sərhədlərimizdən o tərəfdə bizim canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız yaşayır. Biz kimə qıysaq da, öz soydaşlarımızın burnunun belə, qanamasını istəmərik. O ki qala, mehriban qonşuluq siyasətinə üstünlük verən indiki hakimiyyət ola. İranın bu xofları o qədər əsassızdır ki, uşağa da desən, sənin ya havalandığını, ya da onunla zarafat etdiyini düşünər.
Hazırladı: R.Mikayılzadə
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar