Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Yaradıcılıqda zaman-zaman milli məfkurəni, xalq ruhunu ana xəttə çevirən isimlər olub və belə isimlər bu gün də var. Bəlkə bu da sözün taleyidir ki, ondan Vətən də, irs də, sərhəd də keçir. Elə müsahibimiz də məhz o ilahi missiyalı imzalardan olan, Prezident təqaüdçüsü, araşdırmaçı, jurnalist və şair-publisist Namiq Hacıheydərlidir
.- Öncə uşaqlıq illərinizdən başlayaq. O illəri necə xatırlayırsız?
- Yaxşı olan, xoş olan çox az şey yadıma gəlir. Nədən ki, çətin və ağır uşaqlıq illəri yaşamışam. Uşaqlıq illərim 20-ci yüzilliyin 80-ci illərinə düşüb. O illəri düşünəndə sovet nostalgiyası ilə yaşayanları anlaya bilmirəm. Yaz fəslində, doğulduğum bölgədə kəndin qız-gəlinini “Sovxoz”un pambıq tarlalarına pambığı alaqlardan təmizləməyə çıxarardılar. Ailələr arasında bölgü aparardılar. Yəni pambıq əkilib-becərilməsi üçün ailələr arasında bölünərdi. Alağın təmizlənməsinin ardınca pambıq şitillərinin seyrədilməsi işi başlardı. Sentyabr ayına qədər kəndin yüzlərlə sakini pambıq tarlalarında çalışardı. Burada briqadalar şəklində çalışan işçiləri briqadirlər idarə edərdi. Qızmar yay günlərində işçilərə cəmi 2 saat – günorta saat 12-dən saat 14-ə qədər fasilə verilərdi. Sentyabrda pambıq yığımı başlardı. Pambığın 1 kiloqramını 5 qəpikdən yığdırardılar. Oktyabrda yığım qiyməti 10-15 qəpiyə olardı. Biz 4-cü sinfi bitirib, yenicə 5-ci sinfə keçdiyimiz vaxt, yəni 10-11 yaşımızda pambıq yığımına cəlb olunurduq. 40, bəzən 45 dərəcə istidə kilosu 5 qəpiyə pambıq yığırdıq. Bu proses o qədər çətin və əzablı olurdu ki, bəzən bir neçə uşaqla sözləşib, cəza müəssisəsindən qaçırmış kimi pambıq yığımından qaçırdıq. Həm də sabah buna görə bizə cəza veriləcəyini bilə-bilə. Pambıq yığımı zamanı kəndin giriş-çıxışında bir milis işçisi dayanardı. Bu aylarda kənddən çıxmaq cinayətmiş kimi, üzrsüz səbəbdən kənddən çıxmaq istəyənləri geri qaytarırdı. Bu aylarda toy etmək üçün qurd ürəyi yeməli idin. Bir dəfə bu aylarda toy etdiyi üçün bir kolxoz sədri toy karvanını saxlayıb, yol kənarındakı pambıq tarlasından bəylə gəlinə pambıq yığdırmışdı ki, bu, başqalarına da dərs olsun... Sonralar xalq hərəkatı, soydaşlarımızın əzəli torpaqlarından deportasiyası, qiymətlərin durmadan artması və 20 yanvar faciəsi də uşaqlıq illərimizə düşdü. Mənə elə gəlir ki, 20 yanvar faciəsi ilə bizim uşaqlıq dövrümüz də bitdi.
- Və gənclik illəri başladı...
- Əgər həmin illərə doğrudan da gənclik illəri demək olarsa... Doğrusu, gənclik illərimiz də ürəkaçan olmadı. Hərdən mənə elə gəlir ki, heç gənc olmamışam. Elə uşaqlıqdan birbaşa orta yaş dönəminə adlamışam. 20 yanvar faciəsinin ardınca Qarabağ hadisələri, hər gün gələn şəhid xəbəri, torpaq itkisi, siyasi qarşıdurmalar, tez-tez baş verən hakimiyyət dəyişikliyi, sosial durumun günü-gündən ağırlaşması, saatlarla çörək növbəsi və digər bu kimi acı xatirələr yaddaşımda silinməz iz buraxıb. Belə bir ağır zamanda – 1992-ci ildə orta məktəbi bitirib, ali məktəbə daxil oldum. Hamı problemlərin məngənəsində əzilirdi. Qardaşım 1991-ci ilin sonunda Rusiyadan hərbi xidmətdən geri döndü, 1992-ci ilin yazında Qarabağa - ərazi bütünlüyü uğrunda gedən döyüşlərə yollandı. Hər gün cəbhədən acı xəbərlər gəlirdi. Yaşam şərtləri günü-gündən ağırlaşırdı. Durum o qədər ağır idi ki, oxumaq arxa plana keçmişdi. Millət ölüm-qalım savaşında idi. Orta məktəbi belə bir ağır dönəmdə bitirdim. İndi uşaqlar repetitor yanına gedir, onlara hər cür şərait yaradılır ki, oxusunlar. Amma o dönəmdə elə deyildi. Mən ali məktəbə sənəd vermək istəyəndə valideynlərim bu istəyimə qarşı çıxdılar. Əlbəttə, onları da başa düşürdüm. Onsuz da gündəlik ruzini güc-bəla qazanırdıq. Şərtlər diqtə edirdi ki, oxumayım, onsuz da çətinliklə dolanan ailəyə kömək edim. Amma oxumaq fikrimdə israrlı olduğum üçün sənədlərimi aidiyyatı quruma verdim. Allah rəhmət eləsin Vurğun Əyyuba və can sağlığı versin dəyərli alim Firudin Ağasıoğluna, nə yaxşı ki, onlar test üsulunu Azərbaycana gətirdilər. Süründürməçilik olmadı. Çox böyük çətinliklər, ciddi maddi sıxıntılar olsa da universiteti oxuyub bitirdim.
- Bəs gələcəkdə bu gününüz haqqında danışanda ürək dolusu xoş günlərinizdən danışa biləcəksizmi?
- Şəxsi həyatımla bağlı, güman ki, yox. Ümumiyyətlə bu illər ərzində ilk dəfədir ki, çətinliklərimi, çəkdiyim əzabları, yaşantılarımı dilə gətirirəm. Həmişə dərdimi başqalarından gizlətmişəm. Yəni düşünmüşəm ki, əynimdəki köynək mənim olduğu kimi acılarım, əzablarım, dərdlərim də mənimdi. Onu başqalarına yükləmək kimi bir haqqım yoxdu. Həmişə dərdimi, sıxıntılarımı, ehtiyaclarımı gizlətib, sevincimi bölüşmüşəm ətrafımla. Olub ki, yaxınlarımdan kimləsə görüşəndə mənə dərdini danışıb, gileylənib, problemlərdən boğaza yığıldığını deyib. Diqqətlə dinləyəndən sonra Aqil Abbas demişkən, “ver dərdini kef edim”- demək istəmişəm, amma ürəyini qırmamışam, təsəlli vermişəm, ümidli, inamlı olmasına çalışmışam. Ətrafımdakı insanların çoxu məni qayğısı, sıxıntısı, dərdi olmayan və normal yaşamaq üçün hər şeylə təmin olunmuş biri kimi tanıyıb. Bu səbəbdən bəzən, hətta uzaqdan tanıdığım, Facebookdan tanıdığım bəzi adamlar zəng edib, görüşmək istədiyini bildirir. Görüşüncə də maddi dəstəyə ehtiyacı olduğunu bildirirlər. Belə görüşlər işsiz qaldığım, çox ciddi sıxıntılar içində olduğum dönəmlərdə də olub. Onların çoxunun maddi durumunun, yaşam səviyyəsinin mənimkindən üstün olduğuna əminəm. Amma bunu onlara deyə bilmirəm. Üstəlik kömək edə bilmədiyimə görə əzab çəkirəm. Rəhmətlik Xudu Məmmədovun gözəl bir sözü var:
Özüm dərdli ikən dərman gəzirəm,
Dərdi mənimkindən az olanlara.
Arada xeyli müddət işsiz qaldım. Ayrı-ayrı saytlar üçün qonorar qarşılığında yazılar yazdım, başqalarının yazılarını və kitablarını redaktə etdim. Həmin ərəfədə FB dostlarımdan biri mənə yazdı ki, “Sizi başa düşmürəm, hər şeyiniz, eviniz, imkanınız var, niyə özünüzə əziyyət verib qonorar üçün yazılar yazırsız”? Necə deyərlər, içim özümü yandırdı, çölüm özgəni. İlk dəfə sizə açıqlayıram, hələ də yaxın dostlarımın belə çoxu bilmir ki, mən 5 nəfərlik ailə üzvümlə birgə Qaraçuxurda ailə yataqxanasında yaşayıram. Bunu məni tanıyanların çoxu bilmir. Nədən ki, heç vaxt heç yerdə bu barədə danışmamışam, gileylənməmişəm, şikayət etməmişəm. Şikayət etmək mənim təbiətimə yaddır. Ancaq rəhmətlik İlhamə Quliyeva demişkən, “Daş deyil, ürəkdi bu”, hərdən yorulduğum, usandığım anlar da olur. Bu, bəlkə də yaş dövrü ilə bağlıdır, artıq, 46 yaşım var. İndi mən istəsəm də 26 və ya 36 yaşımda olduğu qədər enerjili, dözümlü və döyüşkən ola bilmərəm.
- 25 ildən artıqdır, yaradıcılıqla məşğulsuz. 12 kitabınız, Azərbaycanda və Azərbaycandan kənarda 200-ə qədər araşdırma və publisistik məqalələriniz yayımlanıb. Uğurlu yaradıcılığa görə ayrı-ayrı nüfuzlu qurumların “Diplom” və “Fəxri Fərman”larını almısız. Dəfələrlə ölkəmizi xaricdə təmsil etmisiz və s. Niyə dövlətin rəhbərliyinə müraciət etmirsiz, ən azından siz də başqaları kimi ev istəmirsiz?
-Bəlkə də bu, mənim yanlışımdı. İstəmək anadolular demişkən, yapımda yoxdu. Daha doğrusunu desəm, bacarmıram. General Əliağa Şıxlıniskini sovet hökuməti həbs etmişdi. Məhkəmədə ona: “özünüzü müdafiə üçün nə deyə bilərsiz”? – deyə sual verirlər. General: “Mən ömrüm boyu yalnız vətənimin və dövlətin müdafiəsi haqqında düşünmüşəm. Heç vaxt öz müdafiəm haqqında heç nə düşünməmişəm. Bu səbəbdən indi öz müdafiəm haqqında heç nə deyə bilmərəm”- deyir. Mən hərbçi deyiləm. Ancaq yazıçı üçün yazı masası da bir səngərdir. Masa arxasında özünü və ailəni gözardı edib, vətənin və dövlətin gələcəyini düşünərək də yaza bilərsən, şəxsi karyeranın yüksəlişini düşünərək də. Pafoslu səslənə bilər, amma həqiqətdir ki, bu illər ərzində özümü gözardı edib, dövlətimi düşünənlərdən oldum hər zaman. Yetər ki, dövlətim var olsun, millətimin Hadi demişkən, millətlər içində imzası olsun- düşüncəsində oldum hər zaman. Ola bilsin, bu səbəbdəndir ki, mənimlə eyni dönəmdə ədəbiyyata gələnlər ora-bura ağız açmaqla, xahiş etdirməklə özlərinə bir çox şəraiti qurdular, evlə, torpaqla və bəziləri yaxşı işlə təmin olundular, məişət problemlərini həll etdilər. Hesab edirəm ki, dövlət nəinki, hər bir yaradıcı adamı, hər bir vətəndaşını görməlidi, qayğısını, ehtiyacını, ağrı-acısını bilməlidi. Ayrı-ayrı fərdlərin problemləri artdıqca, bu, sonda kütləviləşir və sosial aqressiyaya çevrilir. Dövlətin gücü vətəndaşın gücü və rifahı ilə ölçülür. Mən vətəndaş olaraq gücləndikcə dövlətim də güclənir. Evlə və normal yaşam şərtləri ilə təmin olunmaq hər bir yaradıcı insanın, eləcə də hər bir vətəndaşın təməl haqqıdır. Bu gün bu ölkədə 46 yaşlı qələm adamının normal bir evi yoxdusa, bu, öncə dövləti yönətən güclərin suçudur.
- Heç nə zamansa yaşam durumunuza görə sıxılırsızmı, utanc hissi keçirirsizmi?
- Əlbəttə. Evimdə 3 övlad – dövlətim və millətim üçün dövlətinə, bayrağına və yurduna son dərəcə sayğılı olan 3 vətəndaş yetişdirirəm. Onların istək və arzularını yetərincə gerçəkləşdirə bilmədiyimə və layiq olduqları normal həyatı verə bilmədiyimə görə bəzən dövlətim və hökumətim adına utanc hissi keçirirəm.
- Bir az da yaradıcılıqdan danışaq. Yaradıcılıq işləri nə yerdədi?
- Son zamanlar az yazıram. Mətbuatda çalışan dostlarım, zəng edib, niyə son zamanlar mətbuatda görünmürsən, yazı göndər, yayımlayım – deyəndə, zarafatla “yaradıcılığa fasilə vermişəm, istedadımı dəmə qoymuşam” – deyirəm. Əslində isə məişət qayğıları son zamanlar məni çox məşğul edir, bütün vaxtımı alır. Hər üç uşaq təhsil alır, onların oxuması və digər təminatı üçün özümü yaddan çıxarmışam. Sanki bilərəkdən bizi yurdun aydın sabahları uğrunda vuruşma meydanından məişət küncünə sıxışdırıblar.
- Belə demək mümkünsə, ədəbiyyatla sizin aranızda bir ilahi məsafə yaranıb. Onu boşluq da adlandırmaq olar. O məsafənin yaranma səbəbini ilahi keçiddə, təbiət prosesində görürsüz, yoxsa tam olaraq, mühit və şəraitdə. Bu, bəlkə də genetik kodun diktəsi ola bilərmi?
- Maraqlı və yaradıcı sualdı. Lakin bu suala daha öncəki cavablarımda qismən də olsa açıqlama gətirmişəm. Ədəbi yaradıcılıq şəxsi istəklərdən qaynaqlanan məsələ deyil. İlahidən süzülmürsə, içindən gəlmirsə və mövzu səni rahatsız etmirsə, ortada yaradıcılıq da olmayacaq. Əslində sizin dediyiniz məsafə elə sadaladığınız bütün səbəblərdən ola bilir. Burada mühit və şərait daha çox rol oynayır, məncə. Ədəbiyyat tarixinə nəzər salsanız, görəcəksiniz ki, böyük ədəbiyyat hər zaman saraylarda və onun ətrafında yaranıb. İqtisadiyyatın aşağı səviyyədə olduğu bir yerdə yüksək mədəniyyətin ortaya çıxması mümkünsüzdür. Bir dövlətin mədəniyyətinin, ədəbiyyatının yüksəlişi onun iqtisadiyyatından keçir. Mən bununla ölkəmizin iqtisadi durumunun yaxşı olmadığını demək fikrindən uzağam. Sadəcə olaraq, o iqtisadi yüksəliş yazarın həyatında da özünü göstərməlidir ki, bu da sonucda ədəbiyyatımızın və mədəniyyətimizin yüksəlişinə təminatçı olacaq.
Genetik kodun diktəsi isə başqa şey deyir. Toparlanmağı və mütləq yazmalı olduqlarımı yazmağa hazırlaşmağı diqtə edir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, araşdırma yazılarımda daha çox o mövzulardan yazmışam və yazmağa çalışıram ki, həmin mövzular ya indiyə qədər işlənməyib, ya da çox az araşdırılıb. Hazırda Ağ Hunlar mövzusu üzərində düşünürəm. 5-ci yüzilliyin başlanğıcında Xəzər dənizinin gündoğarında qurulan Ağ Hun dövlətinin rəsmi dili türk dili idi. İndi İran adlanan ərazi və ətrafı bu dövlətin nüfuz dairəsinə daxil idi. Hətta, Ağ Hun dövləti o qədər güclü idi ki, Sasani imperiyası yolundan sapanda bu imperiyanın başçısını dəyişib, yenisi ilə əvəz edə bilirdi. Sizin ifadənizlə desəm, ötəri olaraq ədəbiyyatla aramda yaranan “ilahi məsafə” sonlanınca Ağ Hun dövləti haqqında yazacam. Bu, bir araşdırma yazısı da ola bilər, roman da.
- Əvvəlki yaradıcılıq dinamikasına qayıdışınız hansı yoldan keçir?
- Toparlanmaqdan keçir. Bəlkə də bu söhbətləşmə həmin keçidin başlanğıcı olacaq.
Söhbətləşdi: Nicat Türkoğlu,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar