Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Bildiyimiz kimi, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk “Teknofest” bu il mayın 26-29-da Azərbaycanda, “Bakı Kristal Zalı” və ətrafındakı “Dənizkənarı Bulvar” ərazisində keçirilmişdir.
“Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bu dəfəki təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfi idi.
“Texnofest Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunmuşdu. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxil idi. Hər bir nominasiya üzrə qaliblər müəyyən edilmişdi.
Müsahibimiz bu festivalın ən fəal iştirakçılarından olan həmyerlimiz, “Take off Baku” startap sammitinin qalibi “Recepta” komandasının həmtəsisçisi Rauf Heydərlidir.
-Xoş gördük, Rauf bəy! Öncə istərdik ki, özünüz haqqında oxucularımıza bilgi verəsiz.
-Salam! 1993-cü ildə Azərbaycanda anadan olmuşam, 2015-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Əmək fəaliyyətinə Ernst& Young şirkətinin Bakı ofisində audit mütəxəssisi kimi başlamışam. 2017-ci ildə Amerika Birləşmiş Ştatlarına köçmüşəm və fəaliyyətimi burada davam etdirmişəm. ABŞ-da dünyaca məşhur Amazon, Hitachi, daha sonra Lyft şirkətlərində çalışmışam. Artıq 5 ildən artıqdır ki, Amerika Birləşmiş Ştatlarında yaşayıram və işləyirəm.
- Deməli, siz bu layihəyə Amerikadan qoşulmuşdunuz. Layihənizin meydana çıxması və layihənin mahiyyəti barədə nə deyə bilərsiniz?
-Bəli, az öncə qeyd etdiyim kimi 5 ildən artıqdır ki, ABŞ-da yaşayıram və işləyirəm. Biz “Recepta” şirkətini Amerikada qurduq və hazırda Walmart və Target kimi böyük supermarket şəbəkələri ilə danışıqlar aparırıq.
“Recepta” kağız qəbzləri elektron qəbzlərlə əvəz edən və bütün qəbzləri bir arada toplayan platformadır. Belə ki, artıq alış-veriş zamanı kassada ödəniş edərkən müştərilərə kağız qəbz təqdim olunmayacaq və əvəzində elektron qəbz birbaşa olaraq mobil tətbiqlərinə gələcəkdir. Həmçinin, artıq insanlar bütün qəbzləri bir arada toplaya biləcək və onları məhsul, satıcı, tarix kimi kateqoriyalar üzrə filtr edə biləcəklər. Bizneslər üçün isə “Recepta” daha az xərc və daha üstün analitika deməkdir. Kağız qəbzlərin istehsalı və çap olunması hər il şirkətlərə milyonlarla manat əlavə xərc deməkdir. Ən əsası isə bu layihə ətraf mühiti və bizi oksigenlə təmin edən ağacları qoruyur.
- Maraqlıdır, komandanız neçə formalaşdı?
- İşə öncə dostum Riyadla birgə başladıq. Biz Riyadla bir-birimizi uzun illərdir tanıyırdıq. İlk olaraq ideyanı mən irəli sürdüm və Riyada bu layihəyə qoşulmağı təklif etdim. Sonra isə digər komanda üzvlərini Linkedln platforması vasitəsilə bir araya topladıq.
- Layihənin Azərbaycanda tətbiqi hansı qaydada həyata keçiriləcək?
- Bildiyiniz kimi, Azərbaycanda rəqəmsal qəbzlər artıq mövcuddur və bu sahədə Dövlət Vergi Xidməti çox uğurlu addımlar atmışdır. Biz “Recepta” olaraq həmin rəqəmsal qəbzləri müştərini müəyyən etməklə onun mobil tətbiqinə göndəririk. Azərbaycanda Umico, ABB və Kapital Bank kimi böyük bankların mobil applikasiyalarının tərkibində fəaliyyətə başlayacağıq. Belə ki, insanlar kartla alış-veriş etdikləri zaman rəqəmsal qəbzlər avtomatik olaraq mobil applikasiyaya gələcəkdir və insanlar öz kabinetlərində qəbzlərini görə biləcəklər.
- Layihənin başlanması üçün ilkin vəsait tələb olunurmu və əyər belədirsə, bu vəsaiti necə əldə etdiniz?
- Əlbəttə, başlanğıc üçün vəsait tələb olunur və bu işdə atam mənə yardımçı oldu. Bir müddət sonra dünyaca məşhur NVİDİA şirkətinin akkseleratsiya proqramına qoşulduq. Sonrakı mərhlələrdə isə “Paşa Holding” şirkətindən həm investitsiya, həm də layihəni Azərbaycanda başlamaq üçün böyük dəstək aldıq.
- Texnofest festivalı sizə nə qazandırdı?
- Texnofest festivalında birinci olmaq “Recepta” üçün çox böyük uğur oldu. Komanda olaraq, bu, bizim üçün böyük uğur olmaqla bərabər qarşımızda ümidverici perspektivlər açdı. Biz burada daha çox investor və şirkətlərlə yaxından tanış olduq və bu uğurumuz gələcəkdə Türkiyəyə açılmaq üçün çox önəmli addım oldu.
- Festivalın birincisi olmaq necə hissdir?
- Əlbəttə ki, qardaş ölkə Türkiyənin təşkilatçılığı ilə təşkil olunmuş belə bir beynəlxalq festivalda birinci olmaq sevindirici və qürurvericidir. Mükafatlandırma mərasimində Cənab Prezident İlham Əliyev, Türkiyənin prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan və ünlü türk alimi Aziz Sancar tərəfindən mükafat almaq bizi qürurlandırdı. Həm də başladığımız bu yolda daha mətin addımlarla irəliləmək üçün üzərimizə əlavə məsuliyyət qoydu.
- Perspektiv planlarınız və fəaliyyətiniz haqqında nə deyə bilərsiz?
- Layihəni tezliklə Azərbaycanda başlayıb qısa zamanda Türkiyə və Amerika bazarına daxıl olmağı planlayırıq. Yalnız bir neçə ölkədə deyil, bütün dünyada kağız qəbzlərlə bağlı problemləri aradan qaldırmağı hədəfləyirik.
- Sizə yeni addımlamağa başladığınız bu şərəfli və uzun yolda yeni-yeni uğurlar diləyirik. Əminik ki, bu fəaliyyətinizlə həm komandanıza, həm də Azərbaycanımıza davamlı olaraq başucalığı gətirəcəksiz.
- Biz harda olmağımızdan, harada yaşayıb çalışmağımızdan asılı olmayaraq, bizi birləşdirən ən ali dəyər olan Azərbaycanın adına layiq olmağa və uğurlarımızla dövlətimizi və millətimizi sevindirməyə çalışacağıq.
N.Türkoğlu
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar