Xəbər lenti

Bu yaxınlarda siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun internet televiziya kanallarından birinə verdiyi müsahibədə dediyi fikirlər sosial şəbəkələrdə sensasiyaya çevrilmişdi. Həmin müsahibəsində Ərəstun Oruclu bildirirdi ki, Rusiyada Azərbaycana qarşı diversant qruplar hazırlanır və həmin qruplar İranda təlimlər keçirlər. Siyasi şərhçi qeyd edirdi ki, Azərbaycan hədəfdədir.

AzFakt.com-un xəbərinə görə, sensasiya yaradan bu açıqlamanın əsasını öyrənmək üçün ASTNA Ərəstun Oruclu ilə söhbət edib.

 ***

Sual: Ərəstun bəy, müsahibələrinizin birində Azərbaycana qarşı qonşu ölkələrdə diversant qruplar yaradıldığını bildirmisiz. Konkret olaraq Rusiyanın adını çəkmisiz və üstəlik həmin qrupların həm də İranda xüsusi təlimlər keçidyini qeyd etmisiz. Bu məlumat nə dərəcədə etibarlıdır? 

Cavab: Bəli, mən müsahibələrimin birində deyil, bir neçəsində demişəm ki, qonşu ölkələrdə Azərbaycana qarşı diversant qruplar yaradılıb və bu sadəcə hansısa bir qeyri-ciddi məlumata söykənən bəyanat deyil. Bu barədə mənim çox ciddi və çox əsaslı məlumatım var. Hətta bu işlərlə kimlərin məşğul olduğu, hansı keçmiş azərbaycanlı yüksək vəzifəli hərbçilərin Rusiyada azərbaycanlıları diaspor fəaliyyəti adı altında əməkdaşlığa cəlb edərək müəyyən təlimlər keçməsi haqda məlumatlarım var. Rusiyada yaşayan azərbaycanlılar arasından kimlərin İrana keçməsi, Tehranda, Təbrizdə, Qumda oturaraq Rusiyada yaşayan azərbaycanlı gəncləri təhsil adı ilə İrana aparması və xüsusi təlimlərə cəlb etməsi haqda çoxsaylı faktlar və kifayət qədər etibarlı məlumatlar var. Məndə bu işlə məşğul olan, bu işə azərbaycanlıları cəlb edən insanların adları var. Burda söhbət heç də yaxşı niyyətdən, yaxşı məqsəddən getmir, gedə də bilməz. 

Sual: Həmin yaradılmış diversant qrupların məqsədi nədir? Onlar Azərbaycanda hansı əməliyyatlar keçirə bilərlər?

Cavab: Diversant qrupların məqsədi hər zaman ölkənin daxilində destabilizasiya yaratmaqdır. Hansısa ictimai-siyasi prosesləri onların xidmət etdiyi dövlətlərin və ya orqanların məqsədinə və arzusuna uyğun istiqamətə yönəltməkdir. Və eyni zamanda cəmiyyətdə qarşıdurmalar yaratmaq, pozuculuq aktları həyata keçirməkdir. Təxminən vaxtilə, Qazaxıstanda olduğu kimi. Bu ilin yanvar ayında Qazaxıstanda məhz həmin ssenaridən istifadə olunmuşdu. Sosial tələblər fonunda birdən iğtişaşlar yaradan qruplar peyda oldu və həmin qruplar heç də təsadüfən peyda olmadı. Son nəticədə onlar elə bir vəziyyət yaratdılar ki, Qazaxıstan hökuməti Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, ölkədə sabitliyi və hakimiyyəti qorumaq üçün onlardan qoşun yeritməyi xahiş etməyə məcbur oldu. Bunun arxasında dayanan niyyətləri və planları ancaq ehtimal etmək olar. Mənsə ehtimalla danışmaq istəmirəm. Amma Rusiyanın və KTMT-nin buna operativ reaksiya verməsi göstərirdi ki, əslində bu vəziyyətə əvvəlcədən hazırlıq olub. Yəni əvvəlcədən gözlənilən olub. Azərbaycanda da bunlar eyni şeyi edə bilərlər. Yəni Azərbaycanda həmin o Qazaxıstan ssenarisi istisna deyil. 

Sual: Sizcə, Azərbaycan hakimiyyətinin bundan xəbəri varmı? Hansısa ehtiyat tədbirləri görülürmü? Və həmin ehtiyat tədbirlərinə hansı addımlar daxildir? 

Cavab: Güman edirəm ki, Azərbaycan hakimiyyətinin bundan xəbəri var. Ən azından davranış göstərir ki, belə məlumatlar Azərbaycan hakimiyyətində də var. Atılan adekvat addımlar, pereventiv, profilaktik tədbirlər nə dərəcədə effektivdir, bu artıq başqa bir mövzunun predmetidir. Məsələn, quru sərhədlərinin bağlı saxlanmasının COVİD-in artma təhlükəsi ilə izah olunması qeyri-ciddi əsaslandırmadır. Əslində elə məqsəd məhz bu cür diversant qruplarının ölkəyə daxil olmasının qarşısını almaqdır. Amma bu ona görə effektiv deyil ki, quru sərhədlərinin bağlı saxlanması ona gətirib çıxarır ki, ölkənin daxilində gərginlik artır. Və o artan gərginlikdən də məhz həmin o diversantları idarə edən, onları yönləndirən dövlətlər elə ölkədaxili resurslar hesabına yararlana bilərlər. Onların bu imkanları da var, kifayət qədər genişdir və hər şeyə əl ata bilərlər. Onların təsir dairəsi - Azərbaycanda son vaxtlar çox populyar olan kəlmə ilə desək, yəni 5-ci kolonu təkcə diversant qruplardan ibarət deyil. Demək olar ki, ölkənin ictimai-siyasi həyatının bütün spektrlərini əhatə edir, bütün qurumlara, strukturlkara yerləşdirilir. Və onların fəaliyyəti konkret şəkildə koordinasiya olunur. Azərbaycan hakimiyyəti bunun qarşısını almaq üçün hansısa addımlar atırmı? Bunu deyə bilmərəm. Bu barədə məlumatım yoxdur. Amma hələlik atıldığı görünən addım – quru sərhədlərinin bağlı saxlanılması kontur-produktivdir.  

Sual: Cəmiyyətdə son dövrlər bir müharibə eyforiyası var. 44 günlük müharibədən öncə də belə söhbətlər var idi və rəsmi olaraq heç bir açıqlama verilmirdi. Ehtiyyatda olan hərbçilərin bir çoxunun təlim adı ilə yenidən çağırıldığının şahidi oluruq. Bu kimi məlumatlar sosial şəbəkələrdə də yayılır. Ola bilərmi, müharibə söhbəri, təlimlər məhz bu məqsədlə baş verir? 

Cavab: Müharibə təhlükəsi var. Xüsusilə Tehran görüşündən sonra məlum oldu ki, bir tərəfdən İran və Rusiya, digər tərəfdən Türkiyə heç bir anlaşma əldə edə bilmədilər. Çünki İran və Rusiyanın məqsədi Türkiyəni ən azı iki coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Bunun biri Suriyadır, digəri isə Azərbaycandır. Bu da alınmadı. Bu faktiki olaraq diplomatik səylərin tükənməsi deməkdir. Biz gördük ki, Tehran görüşünün ardınca və ya həmin ərəfədə Rusiya xarici kəşfiyyat idarəsinin rəhbəri Sergey Narışkinin Ermənistana və Azərbaycana səfəri oldu. Onun Azərbaycan səfəri yumşaq desək, çox qəribə keçdi. Hökumətə yaxın media demək olar ki, bu səfəri işıqlandırmadı. Baxmayaraq ki, o mətbuat konfransı keçirmişdi. Yalnız hansısa saytlarda və Rusiyaya bağlı informasiya resurslarında bu barədə məlumat verildi. Siyasətdə belədir ki əvvəlcə diplomatlar, sonra siyasətçilər, daha sonra isə kəşfiyyatçılar işləyir, ardınca isə ordu gəlib prosesə qatılır. Mənim gördüyüm budur ki, artıq ilk üç resursun imkanları tükənib. Qarabağın dağlıq hissəsində baş verənlər, Rusiya sülhməramlıları deyilən hərbi kontingentin nəzarət zonasında erməni silahlı qüvvələrinin aktivləşməsi, onların yeni istehkamlar, mövqelər qurmaq cəhdləri (eyni zamanda Ermənistan Müdafiə nazirliyi açıq bəyanatla göstərir ki, erməni silahlı birləşmələri hələ də ordadır) və 10 noyabr üçtərəfli bəyanatına əsasən Rusiyanın onların həmin ərazilərdən çıxarılmasını təmin etməməsi, buna heç bir reaksiya verməməsi göstərir ki, Azərbaycana qarşı elə həmin o amildən də istifadə oluna bilər. Yəni vəziyyət hərbi qarşıdurmaya doğru gedir. Belə bir təhlükə var, amma bu, hökmən müharibənin olacağı anlamına gəlmir. Azərbaycan tək deyil. Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi var. Şuşa bəyannaməsi çox əhatəli bir sənəddir. Ratifikasiya olunub və hüquqi qüvvəyə malikdir. Hər bir halda ehtiyatın əldən verilməməsi vacibdir. Hər bir situasiyaya hazır olmaq lazımdır. Rusiya Ermənistanda Azərbaycan sərhədlərinə yaxın ərazilərdə hərbi bazalar qurur. Xüsusən, Azərbaycan ərazisindən keçən kommunikasiyalara ən qısa məsafədə olan Tovuz kimi həssas bir nöqtədə, Kəlbəcərdə aktivləşmə görünür. Kəlbəcər, Tərtər istiqaməti yenidən hədəfdədir. Bu şəraitdə əlbəttə ki, müharibıyə hazır olmaq lazımdır. Bu hazırlıq təkcə ordu səviyyəsində deyil, ölkənin iqtisadiyyatı, ictimai-siyasi həyatı səviyyəsində həyata keçirilməlidir. 

Sual: Son vaxtlar Azərbaycan xarici siyasətinin uğurlu həyata keçməsi ilə bağlı fikirlər var. Avropa Komissiyası ilə imzalanan enerji sahəsində anlaşma memorandumu, Avropa rəsmilərinin Bakı səfəri, səslənən bəyanatlar, eyni zamanda Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri Narışkinin Bakıya gəlişi və digər məsələləri buna misal gətirmək olar. Və mediaya da nəzər salsaq, son vaxtlar Azərbaycanın hansısa ölkəni hədəf aldığı yazılara rast gəlmirik. İran istisna olmaqla. Əgər belədirsə, Azərbaycan niyə hədəfdədir? 

Cavab: Həmin uğurlar nisbidir, hələlik ortada nəticəsi yoxdur. Məsələn, Ermənistanla aparılan sülh danışıqları Avropa Birliyinin vasitəçiliyi ilə həyata keçirilir. Belə bir formatda danışıqların aparılması və sülh anlaşmasının əldə olunması Rusiyanı qane etmir. Məhz o səbəbdən də Narışkinin və digər Rusiya rəsmilərinin Azərbaycana səfərini müsbət hal kimi qəbul etmək yanlış olar. Rusiya bu konflikti və ümumiyyətlə, postsovet məkanındakı konfliktləri öz nəzarətində saxlamağa çalışır. Bu konfliktlər ona geosiyasi vəziyyətə nəzarət imkanı verir. Bundan başqa Azərbaycanla Avropa Birliyi arasında əldə olunmuş enerji anlaşması əlavə risklər doğurur. Avropa Birliyi Rusiyaya tətbiq olunmuş sanksiyalar fonunda Rusiya enerji daşıyıcılarından imtina etməyə çalışır. Azərbaycanın bu məsələdə alternativlərdən biri kimi seçilməsi Rusiya tərəfdən hədəfə gəlməsinə rəvac verir. Uğurlu diplomatiya hır zaman uğurlu nəticələrə aparmır. Uğurlu diplomatiya bəzən qarşı tərəflərdə əks reaksiya doğurur. 

Sual: Son olaraq, yaxın vaxtlarda Azərbaycanda hansı proseslər baş verə bilər?

Cavab: Azərbaycanda istənilən hadisələrin baş verməsi mümkündür. Istər daxili sabitliyin pozulması, istər bu məqsədlə hansısa pozucu əməllərin (məsələn, hansısa siyasilərə, jurnalistlərə, tanınmış ictimai-siyasi xadimlərə sui-qəsdlərdən tutmuş, sosial tələblərlə başlayan, sonradan iğtişaşlara çevrilən proseslər) baş verməsi mümkündür. Qarabağ cəbhəsində aktivləşmə mümkündür. Azərbaycan- Rusiya sərhəddində hansısa münaqişə mümkündür. Yəni burda spektr olduqca genişdir. Konkret nə baş verəcəyini söyləmək çox çətindir. Bir neçə mümkün saydığım variantı səsləndirdim. Amma daha çox, daha fərqli və daha çeşidli hadisələr baş verə bilər. Bu təkcə Rusiya tərəfindən deyil, İran tərəfindən də baş verə bilər. Bu Azərbaycanın daxilindəki həmin o təxribatçı 5-ci kolonun təşəbbüsü, qızışdırılması, təhrikçiliyi ilə də baş verə bilər. Bu mənada situasiya kifayət qədər mürəkkəbdir. Belə olması gözlənilən idi. Lavrovun Ceyhun Bayramova son zəngində Şimal-Cənub dəhlizinin işə salınması müzakirə olunub. Dəhlizlər məsələsi bu günki geosiyasətdə ən önəmli məsələdir. Rusiya üçün Şimal-Cənub dəhlizinin əhəmiyyəti Şərq-Qərb (Çin-Avropa) dəhlizinin nəzarətə götürülməsi üçün həyati əhəmiyyət kəsb edir. Bu isə qlobal oyunçu deməkdir. Rusiya belə bir iddiasından heç zaman imtina etməyəcək. Bütün vasitələrlə çalışacaq ki, buna nail olsun. Bu mənada Azərbaycan üçün risklər artacaq. Bundan qaçmağın yeganə yolu ilk olaraq ölkənin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməkdir. 




Ana səhifəyə qayıt        Baxış: 5 778          Tarix: 25-07-2022, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma