“İkinci Qarabağ müharibəsində məğlub olan və işğal altındakı torpaqları əlində saxlaya bilməyən ermənilərin Türkiyə ilə müharibədə şansı var?! Bu, çox gülməlidir və bu cür iddialar təbəssümdən başqa bir şey doğurmur”.
Bunu Rusiyanın Yeni Türkiyə Araşdırma Mərkəzinin direktoru Yuri Mavaşev erməni fəalların guya ABŞ-ın Türkiyəni parçalamaq məqsədi, Ermənistanın Vaşinqtonun planında sonuncu pazl olması və İrəvan ayağa qalxarsa, Türkiyənin dağılacağı barədə tezislərini Oxu.Az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu cür iddialar çox qəribə səslənir.
“Ermənistan dərin böhran içindədir. Özü də bu, mənim fikrim deyil, erməni mətbuatında belə yazırlar”, - deyə ekspert izah edib.
Politoloq vurğulayıb ki, ABŞ-ın analitik hesablamalarında Ermənistan heç vaxt Azərbaycan və Türkiyə ilə eyni səviyyəyə gətirilməyib.
“Onlar Ermənistanın potensialını, o cümlədən siyasi potensialını (Rusiyayönümlü) mükəmməl başa düşürlər. Ona görə də bu iddialar sadəcə Birləşmiş Ştatları İrəvana yardım etməyə çağırmaq cəhdidir və yalnız bundan sonra Ermənistan... Bəs onda Ermənistan nə edəcək? Bu ölkənin gerbində təsvir olunan Ağrı dağı ala biləcəkmi?! Ümumiyyətlə ABŞ niyə Türkiyənin dağılmasında maraqlı olmalıdır?” - deyə Mavaşev soruşub.
Ekspert etiraf edib ki, ABŞ-da və ümumiyyətlə Qərbdə çoxlu anti-Türkiyə ünsürləri var. Bununla belə o, Avropanın qaçılmaz olaraq yaranacaq problemlərdə maraqlı olmadığını da vurğulayıb.
“Balkan ölkələri hələ də “karvansara qapısıdır” və mən Türkiyəsiz Avropanın təhlükəsizliyinin necə təmin oluna biləcəyini təsəvvür edə bilmirəm”, - deyə Mavaşev sözlərini yekunlaşdırıb.
Nair Əliyev
Paylaş: