Xəbər lenti

Azərbaycan uğrunda döyüş YENİ MƏRHƏLƏDƏ - Bakının əlini gücləndirən əhəmiyyətli İKİ GEDİŞ

Azərbaycanın regionda əhəmiyyəti artır; Gözü açıq yatan canavarlar kimi üz-üzə dayanmış ABŞ və Rusiya toqquşmasında Bakı manevr çevrəsini genişləndirir; O cümlədən, Bakı uğrunda hər iki cəbhə bütün kartlarını sona qədər oynamaq qərarına gəlib, hərçənd, bu, gərginlik atmosferi vəd etsə də, bu oyunda Azərbaycan maraqlarının təmin edilməsi perspektivləri aydın görünür.

Dünən iki hadisə siyasi gündəmin əsas mövzusu idi: Bakıda “Əsrin müqaviləsi”nin yenilənməsi ilə bağlı mərasim keçirildi; Moskvada isə “Prezident” hotelində “Moskva-Bakı oxu” adlı konfrans baş tutdu.

Bu iki hadisənin mərkəzində Azərbaycan dayanır, lakin burada həm də Qərblə Rusiyanın gizli mübarizəsinin təzahürləri də görünür. Azərbaycan hər iki halda qazanclı çıxır.

“Əsrin müqaviləsi”: 1994-cü ildə dünyanın enerji xəritəsini dəyişən bu müqavilənin XXI əsrdə yenilənməsi Azərbaycan üçün iqtisadi və siyasi dividendlər vəd edir.

İqtisadi dividendlər



“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda mövcud neftin istehsalı üçün yenilənən sazişdə SOCAR-ın iştirak payı 25 faiz müəyyən edilib. Bununla yanaşı, beynəlxalq tərəfdaş şirkətlər SOCAR-a 3,6 milyard dollar bonus ödəyəcək. Sazişə əsasən, qarşıdakı 32 il ərzində AÇG-yə 40 milyard dollar sərmayə qoyulacaq. Bu, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra indiyə qədər Azərbaycana qoyulan 33 milyard sərmayədən 7 milyard çoxdur. İndiyə qədər ölkəmizə qoyulan 33 milyard sərmayə Azərbaycanın iqtisadi inkişafında əsas rol oynayıb, bundan sonra isə Azərbaycan iqtisadiyyatı ən azı 30 il də inkişaf xəttini davam etdirəcək və təbii ki, neftdən əldə ediləcək pullar iqtisadiyyatın digər sahələrinə transfer ediləcək. Yəni Azərbaycan növbəti 30 il üçün iqtisadi inkişafını indidən qarantlaşdırdı. Və qarşıdakı dövrdə hər bir vətəndaş bu sazişin gətirdiyi dividendləri öz həyatında hiss edəcək.

Siyasi dividendlər

Təbii ki, iqtisadi əməkdaşlıq avtomatik olaraq siyasi münasibətlərə də təsir edir. Bu baxımdan, saziş Azərbaycanın Qərblə siyasi əməkdaşlığını gücləndirəcək:



- Beynəlxalq müstəvidə Azərbaycanın imici daha da möhkəmlənəcək.
- Azərbaycanın maraqlarının təmin olunması, xüsusilə Dağlıq Qarabağ münaqişəsində ədalətli həllin tapılması imkanları genişlənəcək.
- Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanın üzərinə hücum edən erməni lobbisinin qarşısında da mövqelərimizin güclənəcəyini deyə bilərik.

***

Bu, əhəmiyyətli hadisə fonunda Moskvada “Prezident” hotelində Azərbaycan və Rusiya siyasətçilərinin iştirakı ilə “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasəti” adlı konfransın keçirilməsi diqqətdən yayınmadı. Azərbaycan Rusiya ilə bərabərhüquqlu tərəfdaşdır, lakin Moskvanın Bakıda “Əsrin müqviləsi”nin yeniləndiyi gündə belə bir təşəbbüsü heç də təsadüfi deyil.

Burada ilk növbədə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində Bakıda Rusiya və Amerikanın məcazi mənada desək, apardığı “müharibə” yada düşür.



ABŞ siyasətinin xaç atalarından hesab olunan Zbiqnev Bjeziniski “İkinci şans” kitabında bu haqda belə yazır: “Bill Klinton rus imperializminin dirilməsinə maneə olan, ABŞ tərəfindən dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir. Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi məndən Klintonun şəxsi məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi. Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən Azərbaycan Prezidenti Heydər Əliyevlə gecənin gec saatlarında görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə bağlı öhdəlik götürdüyünü xəbər verdim. Bu gün Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz enerji mənbələrini şaxələndirmək cəhdlərinə mühüm töhfədir”.

Məşhur siyasətçinin bu sözləri diplomatik müharibənin səviyyəsini təsəvvür etməyə imkan verir. Bu, həm də dahi siyasətçi Heydər Əliyevin onilliklər sonrasını ustalıqla görə bilməsini, o cümlədən, bu gün İlham Əliyev eyni ağıllı manevrləri davam etdirdiyini sübut edir.

Rusiyanın geosiyasi maraqları uğrunda manevrləri isə ortadadır. Bütün bunların fonunda dünən “Prezident” hotelindəki toplantı təsadüfi deyildi. Təbii ki, Bakıda yeni sazişin imzalanması Moskva-Bakı oxunda hansısa çatların yaranması deyil, sadəcə olaraq, Rusiya öz imkanları çərçivəsində Azərbaycanın dostluğunu qüvvədə saxlayır.



Bu prosesdə iki faktor önə çıxar:

1. Rusiyanın hədəfi Qərblə müharibədə Azərbaycanı yanına çəkmək, yaxud ən azından, Bakının neytrallığını təmin etməkdir. “Prezident” hotelində Rusiya və Azərbaycan xalqının dostluğu haqda danışılanlar, o cümlədən, Kremlin ideoloqu hesab olunan Aleksandr Duqinin Ermənistana “5 rayonu Azərbaycana qaytar” mesajı verməsi buna hesablanmışdı. Kremlin manevri deməyə əsas verir ki, dünən Rusiya və Qərbin Bakı uğrunda döyüşü yeni mərhələyə qədəm qoydu.



2. Lakin Rusiyanın bu addımı Azərbaycanı çətin vəziyyətdə qoymayacaq, əksinə, Bakı yaranmış vəziyyəti öz xeyrinə çevirməyə çalışır. Azərbaycan siyasətçilərinin Moskvadakı konfransda iştirakı da buna hesablanmışdı. Bakıda Qərblə saziş imzalayan Azərbaycan rəhbərliyi eyi vaxtda Moskvaya nümayəndə heyəti göndərərək, balans mövqeyini nümayiş etdirdi.

Ümumi mənzərə: Azərbaycan böyük miqyasda iqtisadi dividend qazandı; Qərblə əməkdaşlıqda yeni mərhələyə başlandı, o cümlədən, Rusiya küsdürülmədi, əksinə, Moskva-Bakı oxunda münasibətlər gücləndi; Qərblə Rusiya arasında balans siyasətini yenilədi; Hər iki cəbhədə Azərbaycan maraqlarının müdafiəsi, o cümlədən, Dağlıq Qarabağ məsələsində əlavə manevrlər əldə etdi.

Hesab etmək olar ki, Bakının dünən həyata keçirdiyi iki proses Qərbdə erməni lobbisinin qarşısına sədd çəkəcək, Rusiya isə Azərbaycanla münasibətləri nəzərə alaraq, Ermənistana münasibətdə ən azı iki dəfə düşünməli olacaq. Təbii ki, böyük siyasətdə hər şey birdən yox, tədricən əldə edilir...
publika.az




Ana səhifəyə qayıt        Baxış: 1 040          Tarix: 15-09-2017, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma