1973-cü ildə amerikalı həkim Dr.Sanders Frank nüfuzlu tibb jurnalı sayılan "NEJM" adlı bir jurnalda qulaq məməsində qırış olan 20 xəstəsində ürəyin tac damarlarında darlıq olduğunu bildirən bir məqalə qələmə almışdır.
Bu yazı o vaxtdan bəri tibb elmində davam edən bir mübahisəyə səbəb olmuşdur.
Qulaq məməsi qırışı qulağın aşağı payında yumuşaq hissədə olan, arxaya tərəf uzanan qırış, ya da xətdir. Hamıda olmur. Çox adama məlumdur ki, siqaret, yüksək təzyiq, şəkər xəstəliyi, şişmanlıq, yüksək xolesterol, ailədə ürək xəstəliyi olması və s. kimi faktorlarla ürək xəstəlikləri arasında əlaqə var. Belə ki, bir insanda saydığımız faktorlardan nə qədər çox varsa, onun ürək-damar xəstəliyi olması ehtimalı yüksəkdir. Qulaq məməsi qırışının da ürəyin tac damar xəstəliyinin bir xəbərçisi olduğunu göstərən tədqiqatlar var.
Tədqiqatlar göstərmişdir ki, ürəyin tac damar xəstəliyi olanların təxminən 70-75%-də qulaq məməsində qırışa rast gəlinir. Başqa bir tədqiqatda isə qulaq məməsində qırış olanlara koronar anjioqrafiya olunmuş, 67%-də ürəyin tac damarlarında ciddi darlıq aşkar edilmişdir. Yalnız tək qulaq məməsində qırış varsa tac damar xəstəliyi ehtimalı zəifdir. Yaşı 60-ın altında olanlarda qulaq məməsi qırışı ürəyin tac damar xəstəliyi ehtimalını daha həssaslıqla təyin edər. Kişilərdə görülmə sıxlığı qadınlardan çoxdur. Qadınlarda sırğa yerləri qırışın ayırd edilməsini çətinləşdirir.
Qulaq məməsində qırış olduğunu fərq edənlərin təşvişə düşməyə ehtiyac yoxdur. Çünki bəzi tədqiqatlar qulaq məməsi qırışı ilə ürəyin tac damar xəstəliyi arasında əlaqə olduğunu təkzib edir. Deyirlər ki, qulaq məməsində qırış olanla olmayanı müqayisə edəndə ürək xəstəliyi baxımından ikisi bir-birindən fərqlənmir. Yaşla birlikdə qırışlar artar, yaxud şişman insanda qırışlar ola bilər.
Qulaq məməsinin damarları ilə ürəyin tac damarları (infarkta səbəb olan damarlar) bir-birinə oxşayır; hər ikisi də qidalandırdığı toxumanın tək qaynağıdır, alternativi yoxdur. İrəli sürülən hipotezə görə əgər ürək xəstəliyi, yüksək təzyiq, şəkər xəstəliyi varsa qulaq məməsinin damarı tutulacaq, qidalana bilməyən toxuma elastikliyini itirəcək və qırış əmələ gələcək.
Bütün tədqiqatları təhlil edəndə "ürəyin tac damarı xəstəliyi ilə qulaq məməsi qırışı arasında əlaqə vardır" deyənlər sayca cüzi çoxluq təşkil edir. Fikir ilk dəfə 1973-cü ildə ortaya atılsa da mübahisələr davam edir. 2017-ci ildə də bu haqda çıxan yazılar var. Axırıncı yazı 6 ay bundan əvvəl israilli alimlər tərəfindən yazılmışdır. Onlar apardıqları tədqiqatın nəticələrinə görə bir az da irəli gedib dedilər ki, qulaq məməsi qırışı ilə beyin damar xəstəlikləri arasında əlaqə var və qulaq məməsi qırışı insultu təxmin edə bilir. Gələcək tədqiqatlara ehtiyac var.
Uzun sözün qısası, tədqiqatları nəzərə alaraq oxuculara məsləhət görərdim ki, güzgüyə baxsınlar, hər iki qulaq məməsində qırış varsa kardioloqa müraciət etsinlər.
Vüsal Vəliyev, kardioloq
Musavat.com
Paylaş: