Hər ay güclü baş ağrıları ilə həkimə müraciət edənlərin sayı 50% artır. Alimlər miqrenin əsas səbəbini beyində maddələr mübadiləsinin pozulması olaraq dəyərləndirir.
Statistikaya görə, tibbin son dərəcə inkişaf etdiyi Amerikada 190 min nəfər miqren xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə kişilərə nisbətən qadınlarda 3 dəfə daha çox rast gəlinir.
Miqren – ciddi xroniki xəstəlik növüdür və bu diaqnoz yalnız həkim müayinəsindən sonra məlum olur. Güclü və uzun sürən şiddətli baş ağrıları zamanı insanlar bunu yorğunluq əlaməti olaraq dəyərləndirir və bəzən həkimə müraciət etmir.Bu isə insan sağlamlığı üçün olduqca təhlükəli xəstəliklərin gizli şəkildə inkişaf etməsinə və ağır nəticələrlə sonlanmasına gətirib çıxara bilər. Bəs bu ağrıların əsas simptomları hansılardır? Güclü baş ağrıları nədən yaranır? Kəskin miqrenin müalicəsi varmı? Epilepsiya əlaməti sayılan baş ağrılarından necə qurtulmalı?
Ovqat.com-un məlumatına görə, Publika.az-ın suallarını tanınmış nevropotoloq Yeganə Rəşidova cavablandırıb.
- Son vaxtlar güclü baş ağrıları ilə həkimə müraciət edənlərin sayında artım müşahidə edilir. Bunun kütləvi şəkildə yayılmasının səbəbi nədir?
- Hər bir insan həyatının müəyyən bir dövründə qısa müddətli də olsa, baş ağrılarından əziyyət çəkir. Hər 5 nəfərdən 4-ü il ərzində bir dəfə də olsa, mütləq şəkildə baş ağrılarından şikayətlənir. Bu gün yaşayış tərzindən, gərgin iş və dərs rejimindən asılı olaraq, insanlar baş ağrılarını əhəmiyyətsiz sayırlar. Lakin bu heç də elə deyil. Bu ağrılara etinasız yanaşmaq ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrılarının 70-ə yaxın səbəbi ola bilər. Və xüsusilə də elmə məlum olan 40-a yaxın ağır xəstəliyin ilkin simptomu məhz baş ağrısı hesab olunur. Baş ağrıları hər insanda fərqli səbəblərdən əmələ gələ bilər - yorğunluq, yuxu rejiminin pozulması, iris genetik xəstəliklər, beyində gedən hər hansı iltihabi proses, şüa, stress, kəskin emosional davranışlar, sarsıntı, travma və s. Ümumilikdə isə bütün hallarda bu ağrılar sağlamlıq üçün təhlükəlidir. Təbii ki, səbəbindən asılı olaraq, təhlükəlilik dərəcəsi də fərqli olur. Bunu yalnız həkim müayinəsindən sonra dəqiqləşdirmək olar. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xatakter alması hallarında həkimə müraciət etmək vacibdir.
- Sizə müraciət edən xəstələr ən çox hansı növ baş ağrılarından şikayətlənirlər? Ən çox yayılan hansıdır?
- Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı hər hansı bir xəstəliyin şikayəti kimi qiymətləndirilir. Məsələn, ümumi soyuqdəymənin əlamətləri kimi meydana gələn baş ağrıları. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincili baş ağrıları arasında birinci yerdə miqren diaqnozu durur. Bizə müraciət edən xəstələrin əksəriyyətində məhz bu diaqnoz müşayiət olunur. Amma onunla bərabər, tibbi adı ilə “gərginlik baş ağrıları” dediyimiz baş ağrıları da son dövrlərdə artıb. Bunun da əsas səbəbi texnologiyanın inkişafı və mobil telefon, kompüter və s. vasitələrlə gün ərzində normadan çox məşğul olmaqdır. Gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növlərindəndir. Ağrılar əsasən gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda hiss olunur. Təxminən bu ağrılar minimum 30 dəqiqə, maksimum isə bir neçə günə qədər intensiv davam edə bilir. Ağrılar zamanı orqanizmdən asılı olaraq, tələffüzdə müəyyən pozuntular, fikir dağınıqlığı, ürəkbulanma və qusma kimi əlamətlər də qeydə alına bilər. Gərginlik baş ağrıları 18-20 yaş gənclərdən başlayaraq gərgin rejimdə çalışan 40-50 yaş arası insanlarda da rast gəlinir. Bu zaman şüadan və stressdən uzaq olmaq ağrıların dərəcəsini azaldacaq. Lakin mütləq həkimə müraciət edib müalicə almaq şərtdir.
- Bəs miqrendən əziyyət çəkən xəstələr? Genetik xəstəlik olduğu üçün müalicəsi yoxdur yoxsa?
- Statistikaya görə, nevropotoloqa müraciət edən xəstələrin 70%-ə yaxını məhz miqrendən əziyyət çəkir. Ümumiyyətlə 99,9 faiz xəstəliklərin hər birində irsi faktor öz sözünü deyir. Damar mənşəli baş ağrıları içərisində ən geniş yayılanı təəssüf ki, miqrenoz baş ağrılarıdır. Bu ağrılara daha çox gənclər arasında təsadüf olunur. Əlamətləri isə fərqli olur, çünki miqren baş ağrılarının bir neçə növü var. Miqren beyindəki bir sıra orqanik dəyişikliklərdən qaynaqlanır. Başlıca simptomu əksər hallarda beyinin sağ və ya sol yarımkürəsində birtərəfli olaraq şiddətli ağrılar verməsidir. Lakin istisna hallarda bu ağrılar başın hər iki tərəfində eyni anda hiss oluna bilir. Ən çox səhər saatlarında hiss olunan miqrenoz baş ağrıları göz qaralması, gözlərdə yaşarma, baş gicəllənməsi, ürək bulanması, güclü səsə və işıqa, kəskin qoxulara qarşı həssaslıq yarada bilər. Onu da qeyd edim ki, gənclər arasında, xüsusilə xanımlarda daha çox müşahidə edirik.Yəni, sırf bir səbəbdən baş ağrısı yaranır demək olmaz. Hər baş ağrısına da miqren demək olmaz. Ona görə, dəqiq müayinədən keçmək mütləqdir. Epilepsiya xəstəliyinin özündə çox hallarda tək simptom elə baş ağrısı olur. İnsanlar buna fikir vermirlər, vaxtında nevropatoloqa müraciət etmirlər və nəticədə ciddi sağlamlıq problemləri yaşanır. Siz dediyiniz genetik xüsusiyyəti, bəli, var. Nəsildə varsa, bu təbii olaraq müəyyən rol oynayır. Lakin, insan beynində qıcıqlanma ocaqları olur və bu səbəbdən də uzun illər intensiv şəkildə baş ağrılarından əziyyət çəkən insanlar var. Amma miqrenin də müalicəsi var. Sadəcə, düzgün və zamanında müalicəyə başlamaq şərtdir.
- Sizcə xəstələr niyə vaxtında həkimə müraciət etmirlər?
- Bu suala cavab vermək çətindir. Amma təəssüf ki, xəstələr vaxtında, ilkin mərhələdə həkimə müraciət etməməklə öz sağlamlıqlarını riskə atırlar. Xüsusi el təbabəti ilə, ev şəraitində ağrını zəiflətməklə olar. amma bu beyində gedən prosesin qarşısını almır. Ona görə də, həkim müayinəsi çox önəmlidir.
- Ola bilər ki, xəstələr "nevropatoloq" sözünü düzgün başa düşmədiyi üçün çəkinirlər?
- Bəlkə də, amma bu sahə çox geniş və dərindir. Nevrologiya baş, boyun, fəqərə, sinir və əzələ sistemi, mərkəzi və periferik sinir sitemlərinin diaqnostikası və profilaktikası da bu sahənin əhatəsinə daxildir. Biz xəstələrlə əvvəlcə söhbət edirik. Onları gülərüz qarşılayırıq. Belə bir misal var - “Gülüş dünyanı xilas edəcək”. İnsanlar qəbul etməsələr də, gülümsəmək insan ömrünü uzadır, əsəbləri sakitləşdiri, əhval-ruhiyyəni qaldırır. Ona görə, də həkimlərdən çəkinməyə heç bir səbəb yoxdur.
- Miqrenin əsas simptomları, onu yaradan əsas səbəblər və müalicəsi haqqında bir az məlumat verərdiz.
- Xəstəyə miqren diaqnozu qoymaq üçün mütləq MR Tomoqrafiyası çəkilməlidir. Müəyyən analizlər götürülməli, ağrıların başlaması, davam edən ağrının müddəti, ağrı sırasında və ağrıdan öncə hansı simptomların müşahidə edildiyi barədə xəstə ilə danışmaq lazımdır. Bu diaqnozu həkimdən başqa heç kim təyin edə bilməz. Miqrenin bir neçə növü var:
1. Frontal miqren - alın
2. Temporal miqren - gicgah
3. Oksipital miqren - boyun
4. Paranazal miqren - burun
Ağrıların yaranmasına havasız məkanlar, şüa, yüksək səs, işıq, parfüm və müxtəlif kəskin qoxular səbəb ola bilir. Miqren və miqren tipli xəstəliklərdə öncəliklə məlum olan risk faktorlarını aradan qaldırmaq önəmlidir. Ağrı tutduğu zaman həkimə müraciət olunubsa, təyin olunan dərman vasitələrini qəbul etmək ağrının azalmasına kömək edəcək. Bundan əlavə, həmin an yaxşı olardı ki, səssiz, qaranlıq bir yerdə uzanıb, ağrıların kəsməsini gözləsinlər. Digər yol isə həkimə müraciət edilməyibsə, güclü tutmalar başlamazdan əvvəl cüzi ağrı hissiyatında onun qarşısını almaqdır. Nanə çayı, qaranlıq və səssiz otaq, təbii qidalardan bal və təmiz havada gəzmək nisbətən kömək edə bilər. Çünki miqren müalicə olunmadıqda ağrılar 4 saatdan 72 saata qədər davam edir.
- Bəzən insanlar baş ağrısı üçün aptekdə olan adını belə bilmədikləri ağrı kəsiciləri alıb içirlər. Bu nə dərəcə də doğrudur?
- Bilirsiz, bu əsas problemlərdən biridir. Təəssüf ki, səhhətində problem olan insan ilk olaraq həkimə deyil, qonum-qonşunun tövsiyyəsi ilə hər hansı sakitləşdirici dərman preparatları alır. Apteklərdə təsir dərəcəsi yüngül olan ağrıkəsicilərin reseptsiz satılması qanunla tənzimlənir. Lakin miqren xəstələrində ağrılar əsasən səhər saatlarında 5-6 arası tutur. Bu zaman həm də beyin-qan dövranının kəskin pozulması baş verə bilər. Burda yaş faktoru da önəmlidir. Həftə ərzində 3-4 dəfədən artıq baş ağrıları varsa, bu artıq riskli vəziyyət hesab olunur. Belə olanda xəstələr var ki, həftələrlə həkimə getmir və ovuc-ovuc dediyiniz ağrıkəsicilərdən istifadə edir. Bu yanlışdır. Səhər bu dərmanlar onlarda mədə-bağırsaq problemləri, böyrəklərdə və qaraciyərdə ciddi xəstəliklər yarada bilər. Ona görə də, mən bir həkim olaraq, dərman qəbul etməzdən əvvəl mütləq şəkildə həkimə müraciət etmələrini tövsiyə edirəm.
- Yeganə xanım, bizə vaxt ayırdığınıza və məsləhətlərinizə görə təşəkkür edirəm.
- Buyurun. Həmişə sağlam olun!
Paylaş: