Xəbər lenti

 

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununu keçirəcək.

Report-un məlumatına görə, Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu “Kopenhagen”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç həm “Qarabağ”, həm də Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Qitənin ən nüfuzlu klub turnirində “pley-off”a vəsiqə qazanmaqla ilkə imza atan “köhlən atlar” indi də qrupa düşməyi hədəfləyiblər. Bunun üçün də Bakıda keçiriləcək ilk matçda müsbət nəticə əldə etmək vacibdir.

Son üç mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan və yenidən ora vəsiqəni təmin edən “Qarabağ” bununla kifayətlənmək fikrində deyil. Məhz bu səbəbdən qarşılaşma ərəfəsində böyük ajiotaj hiss olunmaqdadır. Biletlərin böyük ölçüdə satıldığını, matçda anşlaq yaşanacağını nəzərə alsaq, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv azarkeş dəstəyi altında qələbə qazanmalıdır. Əks halda, bir həftə sonra Kopenhagendə baş tutacaq cavab görüşünə meydan sahibləri üstün durumda çıxacaqlar.

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” 1998/99 mövsümünün Kuboklar Kubokunda üz-üzə gəliblər. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan Ağdam təmsilçisi indi bunun əvəzini çıxmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 898          Tarix: 15-08-2017, 09:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma