Xəbər lenti

Beynəlxalq investor xidməti Moody's Azərbaycanın dörd bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşdiyi barədə xəbərdarlıq edib. Virtualaz.org xəbər verir ki, bunlar bank-maliyyə sistemində aparıcı mövqelər tutan “Xalq Bank”, “Bank Respublika”, “Bank of Baku” və “Bank VTB Azərbaycan”dır. Agentlik hər dörd bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqi perspektivlərinin neqativ olduğunu bildirir.

Agentlik qeyd edir ki, bank sektorunda uzun müddətdir hökm sürən əlverişsiz şərait və milli valyutanın devalvasiyasının neqativ təsirləri, o cümlədən aktivlərin keyfiyyətinin xeyli pisləşməsi, qaytarılmayan kreditlərə görə yaranan ziyan və digər amillər bu bankların göstəricilərini pisləşdirib. Moody's hesab edir ki, Azərbaycan banklarına təzyiqlər bundan sonra da qalmaqda davam edəcək. Bu, kreditləşmə perspektivləri və ziyan, rezervlərə düşən böyük yük və əlavə rekapitalizasiyanı tələb edən sərt nizamlama, dollarlaşma səviyyəsinin yüksək olaraq qalması ilə bağlıdır.

Moody's adları çəkilən bankların kredit reytinqlərinə yenidən baxaraq “Xalq Bank”ın reytinqini b3 səviyyəsindən caa1 səviyyəsinə endirib. Agentlik bildirir ki, 2016-cı ilin göstəricilərinə əsasən bu bankın ümumi kredit portfelinin 14.7 faizi devalvasiya nəticəsində dəyərdən düşüb. Çünki milli valyuta ilə verilmiş kreditlər idi. Habelə vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 24.6 faizini təşkil edir, bankın kredit portfelinin həcmi baza kapitalının həcmini 400 faiz üstələyir. Agentlik hesab edir ki, bank sonrakı 12-18 ay ərzində əlavə kapital cəlb etməlidir, çünki indiki ehtiyatlar kredit riskini qarşılamağa yetmir.

“Bank Respublika”nın kredit reytinqi isə b2 səviyyəsindən b3 səviyyəsinə endirilib. Bildirilir ki, 2016-cı ilin yekunlarına olan məlumatlara görə qaytarılmayan və ya vaxtı keçmiş kreditlər bankın ümumi kredit portelinin 8.8 faizini təşkil edir, daha 15 faiz kredit isə restrukturizasiya edilib. Habelə ötən il bankın kredit aktivlərinin 15 faizi silinib. Bankın rezervləri kredit risklərini ancaq 67 faiz qarşılaya bilər və deməli bankın əlavə kapitallaşmaya ehtiyacı var.

“Bank of Baku”ya gəldikdə isə agentlik bu bankın reytinqini b3 səviyyəsindən caa1 səviyyəsinə endirib. Bunu son iki ildə bankın üzləşdiyi ziyan və kapitalın maddi eroziyası ilə əsaslandırıb. Bank ötən il 16 milyon manat təmiz ziyana düşüb. Moody's gözləyir ki, ank sonrakı 12-18 ay ərzində də ziyanla işləyəcək və deməli səhmdarlar normativ tələbləri ödəmək üçün əlavə kapital yatırmalıdır. Bundan əlavə bankın təminatsız istehlak kreditləşməsinə yönəlmiş biznes-modeli ev təsərrüfatlarının borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi indiki dövrdə dayanıqlı deyil.

Habelə agentlik “VTB Bank”ın (Azərbayan) reytinqini b2 səviyyəsindən b3 səviyyəsinə endirib, bunu bankın aktivlərinin keyfiyyətinin xeyli pisləşməsi ilə izah edib. Bildirilir ki, bankın problemli kreditlərinin həcmi ümumi kredit portfelinin 75.8 faizinə qədər artıb, bunun əsas səbəbi xarici valyuta üzrə kreditlərin ödənilməsi vəziyyətinin pisləşməsidir. Lakin agentlik qeyd edir ki, bankın kapitallaşması hazırda normativlərə uyğundur, çünki Rusiyanın VTB Bank-ı kapitallaşma ilə bağlı tələbləri ödəmək üçün banka əlavə yatırım edir. Gözlənilir ki, yaxın 6 ayda bankın səhmdarları əlavə kapital yatıracaqlar.

 




Ana səhifəyə qayıt        Baxış: 672          Tarix: 15-06-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma