Xəbər lenti
   
Azərbaycanın məşhur satirik yazarlarından Məmməd Əfşan bir neçə gün bundan əvvəl öz facebook səhifəsində maraqlı təmsil paylaşmışdı. Sən demə, “Qarğa və zığzıq” adlanan bu təmsilin özü qədər maraqlı hekayəsi də varmış
 Ovqat.com-un AYB-dəki qaynaqlardan aldığı aldığı məlumata görə, Azərbaycan ədəbiyyatının bu qocaman şairi bir neçə gün əvvəl Yazıçılar Birliyində olub. Onu bu şeir-sənət məbədgahına gətirən isə təkcə ədəbiyyata olan bağlılığı deyilmiş. Bildirilir ki, Məmməd Əfşan Prezident tərəfindən şair və yazarlara hər il verilən təqaüdü almaq niyyətilə AYB-nin birinci katibi, görkəmli şair Fikrət Qocanın qəbulunda olub. Birinci katiblə şairin sövdələşməsi isə baş tutmayıb. İkili arasındakı müzakirə ciddi mübahisəyə çevrilib. 
Qalmaqalın səsi AYB-nin sədri Anarın kabinetinə qədər gedib çıxıb. Aranı sakitləşdirmək istəyən yazıçı Anar həmkarı Məmməd Əfşanı kabinetinə dəvət edib. Xoş-beş, onbeşdən sonra Anar mübahisənin səbəbini soruşub. Məmmməd Əfşan Prezidentin şair və yazarlar üçün ayırdığı vəsaitdən ona da pay düşməsini, bunun üçün isə öz adının təqaüdçülər sıyahısına salınmasını tələb edib.
Qeyd edək ki, hər il AYB-dən müxtəlif şair və yazıçılara Prezident təqaüdü ayrılır və “ələkdən keçirilən” yaşlı əhli-qələmlər hər ay 300 manat, gənclər isə 200 manat alırlar. Maraqlıdır ki, prezident təqaüdçülərini əsasən iki nəfər müəyyənləşdirir. Yaşlı yazarlara bu imtiyazı verən Fikrət Qoca, gəncləri mükafata layiq görən isə Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid imiş. 
Bildirildiyinə görə, yazarlar arasında uzun müddətdən bəridir, Prezident təqaüdünün düzgün bölüşdürülməməsi barədə söz-söhbət gəzir, təsadüfi adamların bu mükafata layiq görülməsi, əməkdar ədəbiyyat xadimlərinin isə təltifdən uzaq tutulduğu deyilir. Mətbuta sızan məlumatlarda hətta o da bildirilir ki, dəfələrlə Yazıçılar Birliyində təqaüd məsələsi ucbatından ciddi insidentlər baş verib, hətta yaşlı şairlərdən biri təşkilat rəhbərliyi tərəfindən döyülərək şil küt edilib. Deyilənlərə görə, bu kötəkləmək işi birbaşa Anar müəllimin köməkçilərindən birinin şəxsən nəzarəti altında həyata keçirilir.


Sözsüz ki, AYB rəhbərliyi tərəfindən “şillə-təpik ziyafətinə qonaq edilənlər” sözlə mətləbi başa düşməyən qələm əhliləri olurlar. Yəni kim ki, dillə başa düşmür, onu kötəkləyə-kötəkləyə başa salırlar. Söz əhli olub “sözdən anlayan” qələm sahiblərini isə adətən Anar müəllim qəbul edib “özlərini yaxşı aparmaq” şərtilə onların da adlarını  növbəti il təqaüdçülər siyahısına salacağını vəd edərək yola salır.

 
Görünür, Məmməd Əfşanın da “sözdən anlayan” söz adamı olduğunu nəzərə alan Anar müəllim onu özü şəxsən qəbul edərək, eyni vədi verir. Məmməd Əfşanın cavabı isə xeyli maraqlı olur:
-Anar müəllim, sənin 79, mənimsə 78 yaşım var. Kim zəmanət verə bilər ki, gələn ilə qədər ya sən yaşayasan, ya mən?
Uzun sözün qısası, Anar müəllimlə də sövdəsi baş tutmayan Məmməd Əfşan kor-peşiman evinə qayıdır. Məhz bundan sonra onun facebook səhifəsində “Qarğa və zığzığ” təmsili peyda olur. Odur ki, AYB üzvləri satirik yazarın bu təmsilinin prototiplərini tapmaqda çətinlik çəkirlər. Yazıçılarımıza ipucu verməklə onların axtarışını asanlaşdırmaq üçün təmsili oxucuların ixtiyarına buraxırıq:



 
 

Qarğa və zığzığ
(təmsil)
Bir qoca zığzığla bir qartı qarğa,
Nə vaxtdır qonublar uca budağa.
Biri zığıldayır, biri “qarr” deyir,
-Bizimtək nəğməkar harda var? – deyir.
Geniş meydan, bu şən dövran bizimdir,
Həm şərəf, həm şöhrət, həm şan bizimdir.
Gəl, duraq üz-üzə, verək səs-səsə,
Hər quş girə bilməz bizimlə bəhsə.
Qarğa əvvəl-əvvəl öydü özünü,
Sonra da zığzığa tutub üzünü:
-Sən ki, bunu yaxşı bilirsən, dostum,
Nə vaxtdır buradan görürsən, dostum.
Biz oxuyan zaman bülbüllər susur,
Sarıköynəklər də qızıl qan qusur.
Sığırçın saxlayır zənguləsini,
Qırqovul içinə çəkir səsini.
Ağacdələn o an vurmayır təbil,
Şanapipik dinmir, lal olur qəfil.
Kəkliyin dilinə vurulur qədəh,
Alacəhrə quşu etməyir cəh-cəh...
Zığzığ fürsət tapıb girir araya,
Əla bəy tərifi deyir qarğaya:
-Doğrudan da sənin gözəl səsin var,
“Qarr, qarr” eləməyə gur nəfəsin var.
Əsilən, nəsilən dahi zatsan sən,
Təpədən dırnağa istedadsan sən.
Sənə bu istedad babandan qalıb,
Onunçün şöhrətin göyə ucalıb.
Sənsən bu zamanda ən böyük dahi,
Sənə bu hikməti verib İlahi...
Qarğa bu tərifdən olaraq xoşhal,
Zığzığın başına çəkərək sığal,
Dedi: - Sən də dahilərin birisən,
Nəğmə çələngisən, söz zərgərisən.
Aləmə yayılıb səsin-sorağın,
Quşlara şöhrətdir zığzığ olmağın.
Həmişə cavansan, olsan da qoca,
Zəfərin böyükdür, şərəfin uca.
Qarğa da, zığzığ da düşüb həvəsə,
Verdilər yenə də onlar səs-səsə.
Biri dədəsini tərif eylədi,
Biri gədəsini tərif eylədi.
Sonra da keçdilər becələrinə,
Necə yolmayoluq cücələrinə.
Beləcə, onları təriflədilər,
Sonra sərçələri həriflədilər.
Qarğa ilə zığzığ verib döş-döşə,
“Qarr-qarr”-la, “zığ-zığ”la küyləndi meşə.
Qarğayla zığzığın səsini təkcə,
Dinlədi sağsağan, yapalaq, sərçə...
Məmməd Əfşan



Ana səhifəyə qayıt        Baxış: 2 377          Tarix: 22-04-2017, 20:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma