Xəbər lenti

  

Nicatgilin  yaşadığı  bina Mərkəzi univermağın yaxınlığında, yolun kənarında  yerləşirdi. O,  həftənin  beş gününü  ofislərində çalışar,  qalan iki gününü isə  evdə  olardı. Anası  Nərgiz  xala  onu  hey danlayardı  ki, a bala,  bəsdir, evdə oturub  dizlərini qucaqladın, çıx  bir az da şəhəri dolan, gör, nə var - nə yox, xeyri olmazdı. Dostlarının təkidi ilə ildə bir-iki dəfə bulvara və ya  kinoya gedərdi, ya getməzdi. Nicat  gündüzlər  evdə olanda çox vaxt  pəncərə qarşısında oturub  yoldan  ötən  adamların  yerişlərinə,  geyimlərinə, sifət quruluşlarına tamaşa edər, cəmiyyət  haqqında  düşüncələrə dalardı.

Nərgiz  xalanın  ürəyində  tək bircə arzusu var idi; yaşı  otuzu adlayan oğlunu tezliklə evləndirib oğul-uşaq sahibi görmək və ömrünün qalan hissəsini nəvələrinə həsr etmək. Əslində Nadir müəllimin də istəyi elə bu idi. Ancaq o, aralarında müəyyən pərdə olduğu  üçün evlənməklə bağlı iradlarını oğluna  həyat yoldaşı  Nərgiz xanım vasitəsi ilə çatdırardı. Axırıncı dəfə  arvadına verdiyi göstəriş çox aydın  və qısa olmuşdur: “Onu başa sal ki, atan deyir, daha bəsdir!  Biz  də  yazığıq! Ona iki ay vaxt verərəm. Əgər bu müddət ərzində tərpənməsə, ürəyindən keçəni deməsə, onda məndən inciməsin. Gedib münasib qohumlardan birinin qapısını döyəcəyəm”. Nərgiz xala tez-tez Nicatın məhəllədəki dostlarından da xahiş edərdi ki, oğlunu dilə tutub  yola gətirsinlər. Həqiqətən onlar da davamlı olaraq Nicatla söhbətləşər, onu evlənməyə həvəsləndirərdilər. Özləri ailəli olduğundan evliliyin nə qədər mənalı, maraqlı və vacib olması haqqında söhbətlər aparar,  ciddi mülahizələr yürüdərdilər.

Nicatgilin  ofisi  proqramlaşdırma  üzrə  fəaliyyət göstərirdi. O, bəzən işlərini çatdıra bilməyəndə gəlib  davamı  ilə evdə məşğul olardı. Peşəsini  çox sevdiyindən Nicat saatlarla çalışsa da, yorğunluq nə olduğunu bilməz, yaxşı nəticələr  əldə  edəndə  isə  sevincindən az qala qanadlanıb uçardı. Bütün diqqətini mütaliəyə,  araşdırmalara  həsr etdiyindən, şəxsi həyatı yadına belə, düşməzdi. Yaşı artdığından  bir az da  çəkingən olmuşdu. Bilmirdi  ki, gənc qızlara necə yaxınlaşsın, sözünü necə desin. Sərt cavab almış olarsa, nə edəcəyini təsəvvürünə belə gətirə bilmirdi. Ancaq evlənməyin vacib olduğunu da  anlayırdı.

Həftənin  şənbə günü idi. Qonşuları  Oktayla  Hoqqa Hüsen qapılarını döyüb Nicatı səslədi. Nərgiz xala qapını açıb oğlunun dostlarını  görəndə çox sevindi:

-Xoş gəlmisiz, buyurun içəri.

-Sağ ol, Nərgiz xala. Keçmirik. İnteligent  evdədirmi? – Hüsen soruşdu.

-Gəldim, gəldim, - deyə Nicat içəridən səsləndi.

Birlikdə  küçəyə  çıxıb  binanın  arxasında  piyada yolunun kənarındakı ağacın altında dayandırlar. Hüsen bir siqaret yandırıb damağına doydu. Evlənmək barədə əvvəlcə  Oktay danışmağa başladı:

-Nicat,  niyə  evlənmirsən? Hər  şeyin  bir  təhri var, qardaş. Yaşın  otuz beşi haqlayır.  Toy  elə,  biz  də bir  qol - qanad acaq.  Özünə  yazığın  gəlmir, heç olmasa o anana, Nadir müəllimə yazığın gəlsin. Söz vermişdin ki, tezliklə bu problemi həll edəcəksən, bəs, nə oldu?

Nicat dillənmədi. Bu  dəfə söhbəti Hüsen davam etdirdi:

-Ə, peysər, niyə cavab vermirsən? Şəhərdə qız yoxdu? Sən öl, əgər evlənməsən, nənəmi gətirib ötürəcəyəm sizə. Hünərin var, evdən çıxart.

-Nicat,  bəlkə  bir  problemin  var, ona görə evlənmirsən? Bizdən gizlətmə, heç kimə demərik... – bu dəfə Oktay maraqlandı.

-Yoox, Allah eləməsin... Bilirsən, Oktay, siz  dediniz, demədiniz - fərqi yoxdur. Mən başa düşürəm ki, bu işi yubatmaq olmaz. Atam da, anam da çox narahatdılar.  Artıq  səbrləri  çatmır,  qərar tuta bilmillər. Mən də  ki  səhər işə  yollanır,  axşam  da   evə qaydıram. O qızı hardan tapım? Tutaq ki, tapdım, bəs, onu tanımaq şərt deyilmi? Deyirsiz, gözüyumulu evlənim?!

-Bəs, iş yerində, qohumlar arasında tanıdığım biri yoxdumu? – Hüsen soruşdu.

-İşdə yoxdur, hamısı gedib. Qaldı qohumlara, nə deyim, vallah... Məncə, yadla evlənmək daha yaxşıdır.

-Vaxtında  çox  dedik,  eşitmədin. Qızlar  elədilər də, gözünü açmamış uçub  gedillər. İndi sənin yaşına uyğun qız tapmaq da asan deyil. - Oktay bildirdi.

Bu vaxt Hüsen  piyada yolu ilə onlara tərəf gələn iki cavan qızı göstərib dedi:

-Bir  bax, Nicat. Gör, nə  qəşəng  qızlardı. Səliqəli, boyasız. Barmaqları da boşdur. Yəqin subaydılar. Bəlkə  Allah bunları sənin qismətinə çıxarıb? Hə, nə deyirsən, xoşuna gəldimi?

-Yaxşı, yaxşı, zarafatı burax.

-Nə zarafat, düz deyir də. - Oktay dilləndi. - Yaxınlaş də, səni yeməyəcəklər ki?

-Ciddi deyirsiz?

-Əlbəttə - Oktay dedi. - Kimliyini, zatını sonra öyrənərik.

Qızlar oğlanların yanından keçən kimi Nicat özünü ələ alıb onların ardınca yüyürdü. Qızlardan biri yaşıl, digəri qırmızı gödəkcədə idi. Özünü toparlayıb  yaşıl  gödəkcəli  qıza  yan  aldı.  Fikrini  cəmləyib  utana-utana  dedi:

-Bağışlayın,  mənə çox doğma gəldiniz, biz tanış deyildik?

-Bəlkə yuxuda görmüsüz? – deyə yaşıl gödəkcəli qız  özünü itirmədən cavab verdi.

-Yox, mən ciddi deyirəm. Adım da Nicatdır.

-Xeyr, tanış deyilik, cavan oğlan.

-Əgər icazə versəydiniz tanış olardıq. Niyyətim pis deyil, xahiş edirəm mənə pis oğlan kimi baxmayasınız.

Bu vaxt qızlar gəlib univermağa çatdılar. Yaşıl gödəkcəli qız dedi:

-Nicat,  xahiş  edirəm  arxamızca gəlməyəsiz. Qohumlarımızdan görən olar, yaxşı düşməz.

-Baş üstə - deyib, Nicat içəri keçmədi. Bayırda bir kənara çəkilib səbrsizliklə qızların yolunu gözləməyə başladı.

Univermağa daxil olan kimi qırmızı gödəkcəli qız dedi:

-Ülkər, pis oğlana oxşamır. Səliqəli, qəşəng, tərbiyəli. Bəlkə  “həri”ni  verim, nə deyirsən?

-Boş-boş danışma. Nə bilirsən o, kimdir, nəcidir? Əgər yaraşıqlıdırsa, demək  yaxşı  oğlandır? Bir də  ki, bilmək olmaz.  hələ  onun  fikri,  niyyəti nədir. Bəlkə  bayıra çıxanda bizi heç tanımadı da.

-Elə şey olmaz, zarafat edirsən?

-Yox, zarafat eləmirəm, ciddi deyirəm. – Bir az fikirləşib sonra əlavə etdi:

-Cəmilə, gəl, gödəkcələrimizi dəyişək, görək bizi səhv salmayacaq ki?

-Dəyişək, - deyə rəfiqəsi tez razılaşdı. 

Bir  küncə çəkilib üst geyimlərini dəyişdilər. Bəzi mallara nəzər yetirdikdən sonra özlərinə  əl gəzdirib aramlı addımlarla bayıra  çıxdılar. Nicat qapıdan  səkkiz-on  metr  aralı  ayaq üstdə dayanıb gözləyirdi. Qızları görən kimi tez onlara tərəf  yeridi.  Yaşıl gödəkcəli qıza yaxınlaşıb soruşdu:

-Hə, necə keçdi? Bir şey secə bildinizmi?

Qızlar  ikisi də birdən qəşş eləyib gülməyə başladılar.

-Niyə  gülürsünüz? – Nicat özünü itirdi. – Burda  gülməli nə var ki?

Cəmilə dedi:

-Qəşəng  oğlan,  ünvanı  səhv salmısız.  Biz içəridə olanda gödəkcələrimizi dəyişmişik. Bəs, siz kimə vurulduğunuzu  nə tez unutdunuz? Bundan sonra qız seçəndə  diqqətli olun. İndi isə, bay-bay, gedə bilərsiniz.

Nicat utandığından qulaqlarının dibinə kimi qızardı. Bilmədi nə etsin. Handan-hana özünə gəlib dedi:

-Siz  Allah,  bağışlayın,  məndə  günah  olmadı.  Hamısını  Hoqqa Hüsen elədi, o qızışdırdı. Siz Allah, bağışlayın, üzr istəyirəm.

Nicat  qızlardan  ayrılıb  evlərinə necə gəldi, hansı yolla gəldi özü də bilmədi.  Ürəyində  Hüseni  hədələyirdi: “Sən Hoqqa Hüsen ol, mən də  İnteligent  Nicat !  Görərsən  sənin başına nə oyun acıram”.

Anası  çay  gətirib. Nicatın qabağına qoydu.  Sonra  sağ  əli  ilə oğlunun başını sığallayıb dedi:

-Anan sənə qurban olsun! Atana nə deyim?  Bir qərara gələ bildinmi, oğlum?

Nicat gülümsəyərək  dedi:

-Gəldim, ana, gəldim. Xalam qızı Nahidə üçün elçi gedə bilərsiniz – Sonra gözlərini tutqun səmaya zilləyib, verdiyi qərarla bağlı fikrə daldı.

 

Aləm  Kəngərli




Ana səhifəyə qayıt        Baxış: 2 034          Tarix: 6-08-2017, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma