Xəbər lenti

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Samir Mustafayev barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Ovqat.com xəbər verir ki, bu barədə "Report"a vəkil Bəxtiyar Hacıyev bildirib.

Vəkilin sözlərinə görə, təqsirləndirilən S.Mustafayevlə yenidən müqavilə imzalanıb və onun hüquqlarını müdafiə edəcək. B.Hacıyev qeyd edib ki, artıq kassasiya şikayətini Ali Məhkəmə təqdim edib.

Kassasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, Bakı şəhər sakini, "Ann.tv"nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci il avqustun 8-də Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə E.İsmayılov 13 il, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikakayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən vəkil Rəsul Yusibəyli ilkin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə şikayəti təmin etməyib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb. "Qəbələ"nin futbolçusunun işinə Səbail rayon Məhkəməsində baxılıb və o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 22-05-2017, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma