Xəbər lenti

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun köməkçisi olmuş Səlim Həşimov ifadə verib.

Səlim Həşimovun sözlərinə görə, 2005-cı ildən 2015-ci ilin dekabr ayına kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq əlaqələr və hesablaşma mərkəzinin mühəndisi vəzifəsində işləyib: “Nazirlikdə aparat rəhbəri olmuş Vidadi Zeynalovu tələbəlik illərindən tanımışam. 2008-ci ilin yanvarında onun qəbul otağında oturmaqla işlərinə kömək etmişəm. Gördüyüm işlərə görə Vidadi Zeynalov özü mənə hər ay paketdə 1000 manat əlavə əmək haqqı verib.

Bundan başqa, nazirlikdə əvvəlki rəhbərliyin qoyduğu qeyri-rəsmi qaydaya əsasən hər ayın başında işçilərə paketdə verilən pulların bölünüb paylanmasında Vidadi Zeynalova kömək etmişəm”.

Şahidin sözlərinə görə, Vidadi Zeynalov ona işçilər arasında paket pulların bölünməsinə dair siyahı verib: “Həmin siyahı üzrə hesablama apararaq hansı məbləğdə pulun paylanmasını müəyyən etmişəm, müvafiq məbləğləri götürərək ayrı-ayrılıqda zərflərə qoymuşam. Sonra həmin zərfləri şöbələr üzrə şöbə rəislərinə təhvil vermişəm”.

Səlim Həşimov qeyd edib ki, kənar təşkilatlardan pul almağa yalnız ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sürücülərinin gəldiyini görüb.

Səlim Həşimov deyib ki, Sübahir Qurbanovun sürücüsü Ramili və Teymur Quliyevin sürücüsü Eynullanı tanıyıb: “Ramil Vidadinin yanına 2015-ci ilin sonundan əvvəlki son üç il ərzində, Eynulla isə bəlkə son 5 il ərzində gəlib. Həmin sürücülərin gəlməsinin dəqiq qrafiki olmayıb”.

O, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə olan əlaqələri barədə məlumatı olmadığını, yalnız Teymur Quliyevin onların kuratoru olmasını eşitdiyini, Sübahir Qurbanov və Fizuli Əliyev adlı əməkdaşları tanımadığını deyib.

Şahid bildirib ki, Vidadi Zeynalov Teymur Quliyevə aylıq pul verməsindən xəbəri olmayıb: “Vidadi Teymur Quliyevə bir dəfə ad günündə çaxır göndərdiyini görmüşəm”.

Sonra Teymur Quliyevin sürücüsü Eynulla Kərimi ifadə verib.

Eynulla Kərimi deyib ki, oxuyub-yazmağı bilmir və ona istintaq dövründə təzyiq edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 303          Tarix: 20-06-2017, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma