Xəbər lenti

 

Tarix boyu Azərbaycandan çıxan dünya şöhrətli ən qüdrətli alim kimi tanıdığım Lotfi Aliasker Zadehin (ˈzɑːdeɪ/; Azerbaijani: Lütfəli Rəhim oğlu Əsgərzadə) dünyasını dəyişməsi xəbəri əksəriyyət azərbaycanlılar kimi məni də sarsıtdı. Sonradan məlum olduğu kimi, yalan çıxmasına baxmayaraq alınan son xəbərə görə, dünən 12 avqust 2017-ci ildə böyük dahinin həyata əbədi göz yumması xəbəri yayıldı. Alim öldü, aləm öldü. Yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün böyük itkidi, allah rəhmət eləsin, əsərləri, böyük kəşfləri ilə həyatı davam etsin. Ailəsi və millətimizə dərin hüznlə baş sağlığı diləyirəm.

Böyük alimin xəstələnməsi və indi artıq dünyasını dəyişməsi son bir neçə gün içərisində ictimaiyyət tərəfindən geniş müzakirə olunur. Bu hadisə cəmiyyətimizdə baş verən və hələ də davam edən bir çox naqisliklərə aydınlıq gətirdi.

  1. Hələ də elm və elm adamlarına millətin şeytan gözü ilə baxması, cəmiyyətin inkişafının haradan qaynaqlanmasının, elm və elm adamlarnın rolunun dərk edilə bilməməsi.

Plüralizm, hər bir hadisəyə fərqli yanaşma psixologiya elminin qanunauyğunluqlarındandı. Hər hansı ən müsbət hadisəyə hətta inkar xarakterli yanaşma olacaq. Amma millətin irəlidə gedən ziyalı, alim təbəqəsi tərəfindən bu cür yanaşma çox mənfi haldı və ondan xəbər verir ki, biz hələ alimin rolunu dəyərləndirmək səviyyəsinə gəlib çatmamışıq. Əgər bir toplum yeganə dünya şöhrətli alimindən Prezident Aparatının və ya Ağ evin qarşısında piketdə iştirak etməyi və ya ermənilərlə xarici ölkələrdə davaya qalxmayı tələb edirsə, deməli, nə alim, nə elm haqqında mükəmməl bilgi sahibi deyildi.

  1. Küt milliyyətçilik nə qədər təhlükəlidirsə, bizdə olan yerliçilik ikiqat zərərlidi.

Xabbard yerliçiliyi mədəniyyətin ən aşağı səviyyəsi kimi dəyərləndirirdi. Lütfi Zadə bəşəri bir dahidi, o artıq 7 milyardlıq dünya əhalisinin bəşəri bir şəxsiyyəti və alimi titulunu qazanmışdı. Belə bir dahinin adının yanında Azərbaycanın adının gəlməsi onun Azərbaycana verə biləcəyi ən böyük töhfədi, həm maddi və həm də mənəvi cəhətdən, hər hansı ikinci azərbaycanlının verə bilməyəcəyi fayda. Nə dərəcədə səmərəli ola bilər ki, belə bir dahini 7 milyardlıq məkandan 50 milyonluq dar və qapalı çərçivəyə salaq?

  1. Hər yerdə, hər zaman Lütfi Zadənin (Wikipedia, ensklopedia, axtarış serverləri və s) adı Azərbaycanla müşahidə olunur, bütün dillərdə azərbaycanca da yazılır, özü də daima Azərbaycanı ana vətən kimi yazır, öz elmi mirasını da körkəmli azərbaycanlı alimi Prof. Rafiq Əliyevə vermişdir. Bundan sonra yenidən bizim alimlərdə bu ənənəvi azərbaycanlı qısqanclığı haradan gəlir, tarixi şəxsiyyətləri, yazarları, daha kimləri qısqanırıq, həyatda olan, hər işini əməli ilə sübut edən müasir alimə haradan gəlir bu qısqanclıq?

Təbii ki, sadalanan çatışmazlıqlar var idi, amma son proseslərlə daha qabarıq formada üzə çıxdı. Belə halların aradan qaldırılması, insanların düzgün istiqamətə yönəldilməsi birinci növbədə hökümətin işidir. Mənə elə gəlir ki, hökümətin bu gün aşağıdakı tədbirlərin həyata keçirməsi məqsədəuyğundu:

  1. Bir dövlət komissiyasının qurulması və mərhumun cənazəsinin vətənə gətirilməsi, Fəxri Xiyabanda yer ayırılması, dövlət səviyyəsində dəfn mərasimin təşkili;
  2. Alimin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi;
  3. Böyük alimin elmi irsinin Azərbaycana köçürülməsi üçün geniş tədbirlər planının həyata keçirilməsi, qeyri-səlis məntiq nəzəriyyəsi haqqında elmin mərkəzinin Bakı şəhərinə köçürülməsi, bu məqsədlə Berkeley universiteti ilə birlikdə Bakıda ingilisdilli böyük bir universitet qurulması, qeyri səlis-məntiq nəzəriyyəsinin tədqiqat mərkəzinin dünya miqyasında bu universitetə köçürülməsi, Neft Fondundan bu universitetə Amerika standartlarına uyğun maliyyələşmə ayrılması.

Bu tədbirlər daha çox Azərbaycanın xeyrinə olardı, böyük alimin bütün elmi mirası öz doğma vətəni naminə istifadə edilmiş olardı.

Prof. Dr. Saleh Məmmədov

13.08.2017




Ana səhifəyə qayıt        Baxış: 2 232          Tarix: 14-08-2017, 07:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma