Xəbər lenti
 Elçin Qurbanov

Tarixin bütün dövrlərində sosial partlayışların əsas səbəbi cəmiyyətdəki ədalətsiz təbəqələşmə və hakim sinifin harınlığı olub. Bu barədə 14-cü əsrin məhşur siyasətşünas sosioloqu və dövlət xadimi İbn Xəldunun “Müqəddimə” əsərində aydın və mərhələli şəkildə izahat verilib.
Həyatımızın bütün sahələrinə dair davranış qaydaları hökmən ictimai əxlaq normalarına tabe edilməlidir. Çox təssüflər olsun ki, son dövrlər cəmiyyətin hər bir üzvünün qəbul etməli olduğu əxlaq doktrinası diqqətdən çox kənarda qalır. Bu da həm milli, həm mənəvi, həm hüquq, həm də ictimai normaların gözlənilməməsindən qaynaqlanır. Bu günümüzdə elə davranış qaydaları işgüzar adətlər fonunda baş verir ki, heç bir milli dəyərlərə və vicdana uyuşmur.
Bəzən hətta bizə çox adi görünən kiçik bir hadisə cəmiyyətimizin bütün bəlalarının əsas səbəbinə çevrilə bilər. Odur ki, qarşılaşdığımız ən kiçik eybəcərliyə qarşı mübarizə aparmalıyıq ki, bu problem böyüyərək gələcəkdə baş ağrımıza çevrilməsin. Necə deyərlər, bizi uçuruma sürükləyən problemləri beşikdəykən məhv etməyə çalışmalıyıq.
Fikrimə aydınlıq gətirmək üçün başıma gələn kiçik bir tarixi hadisəni diqqətinizə çatdırmaq istərdim. Mən orta məktəbin 6-cı sinfində oxuyarkən o zaman məktəbdə uzadılmış dərs sistemi tətbiq olunurdu. Yəni dərsdən sonra şagirdlər ev tapşırıqlarını yerinə yetirmək üçün əlavə məşğələlərə gəlməliydilər. Mən isə həm idmanla məşğul olur, həm də musiqi məktəbində oxuduğum üçün məşğələlərə bəzən gələ bilmirdim. Bir gün məktəb direktoru rəhmətlik Oktay müəllim sinif otağına daxil oldu. Müəllimə və şagirdlər dərhal ayağa qalxaraq ənənəvi şəkildə onu salamladıq. Oktay müəllim hamıya üzünü tutub əvvəlcə ümumi olaraq “nə üçün məşğələlərə gəlmirsiz?”- deyə soruşdu. Sonra isə birbaşa diqqətini mənə yönəltdi və sualını təkrarladı. Mən musiqiyə getdiyim üçün məşğələyə gələ bilmədiyimi bildirdim. Oktay müəllim mənə bəlkə də ömrümün sonuna qədər hafizəmdən silinməyəcək bir söz dedi:-”Bizə savadsız musiqiçi lazım deyil”. 
Həmin vaxt bu sözə doğru qiymət verə bilmirdim, amma sonradan həmin fikrin əslində böyük bir çağırış olduğunu anlamışdım. Həqiqətən də Oktay müəllimin bu cümləsinin üzərində həyat qurmaq olardı. İndi diqqət verin,musiqiçi və idmançılar cəmiyyətə aparıcı şəxslər kimi təqdim olunur. İntellekt və etika o qədər vacib deyil. Bu səbəbdən də kumirə çevriləcək nümunəvi etalon da yoxdur. Gənclər isə özlərini onlara oxşatmağa çalışırlar. Beləliklə cəhalət daha da şiddətlənir. Kim nə istəyir, necə istəyir onu da edir. Məmur nümunə göstərə bilmir və yaxud elə nümunə göstərir ki, sıravi vətəndaşın tərbiyəsinə də pis təsir edir. 
Əslində həm dövlət, həm də qeyri-dövlət qulluqçusu vəzifəyə təyin olunarkən, ilk növbədə onun əxlaqı nəzərə alınmalıdır. Buna onun davamlı ailə münasibətləri, işdənkənar məşğuliyyəti, ictimai faydalılıq səviyyəsi aiddir. Ailəsindən ciddi səbəb olmadan boşanan məmur öz ailəsinə hörmət göstərmirsə, cəmiyyətə və dövlətə hansı hörməti və qayğını göstərə bilər? Və yaxud ömründə əlinə bel alıb bir ağac əkməyən insan ətraf mühiti necə sevib qoruya bilər? Ömrü boyu maddi sıxıntıya düşməyən insan çətinlikdə olanların halına necə acıya bilər? Bax, bütün problemlərimizin kökündə bunlar dayanır.
Mənə yaxın çevrəmdə milyonluq toylara göz yumulmasına dair sual verirlər. Siz deyə bilərsinizmi, kim buna göz yummamalıdır? Buna nəzarət edən ixtisaslaşdırılmış qurum varmı? Əgər olarsa, bu qurumun fəaliyyəti hansı həddə korrupsiya mənbəyinə çevrilə biləcəyini təsəvvür edirsinizmi?
Mən adambaşı 50 manatdan yuxarı qiyməti olan dəbdəbəli toyların gəlir vergisinə cəlb olunmasını təklif edərdim. Amma bahalı və dəbdəbəli toyları elə insanlar təşkil edirlər ki, belə mərasimlərə vergi orqanlarının müdaxiləsi mümkün deyil. 
Adi bir lift idarəsinin sədrinin öz qızına 400 min manatlıq toy keçirməsi xəbəri yayılanda cəmiyyətimizdə gedən söz-söhbətlərdən biri də bu fakta dövlət qurumlarının göz yumması ilə əlaqədar idi. Bu hadisənin ictimailəşməsi korrupsiyaya qarşı mübarizədə hakimiyyətin səmimiyyətini müzakirə predmetinə çevirdi. Bir çox insanlar 500-600 manat civarında maaşla bu bahalı toyun necə keçirilməsini sorğulamağa başladılar. Məhkəmələrin sadəcə bu fakta əsaslanaraq, həmin məmura qarşı cinayət işi başlatmalı olduğunu düşünənlər də oldu.
Açığını desəm, bu düşüncələrdə həqiqət payı az deyil. Bununla belə, iddialarda razılaşmadığım məqamlar da var. Fikrimcə, korrupsiya öz mənbəyində cinayət məsuliyyətinə cəlb edilmirsə, hər hansı əlavə tədbirlərin hüquqi əsası yoxdur.
Vaxtilə bəzi həmkarlarım kimi mən də məmurların illik gəlirləri barədə hesabat bəyan etmələri təklifini səsləndirmişdim. Amma bu fikirlərə əhəmiyyət verilən olmadı. Qəbul etmək lazımdır ki, bunlar yalnız adminstrativ deyil, həm də və daha çox əxlaqi məsələdir. Dünyanın heç bir yerində ölkəmizdəki qədər şadlıq sarayları yoxdur və bu qədər dəbdəbəli toy mərasimləri də keçirilmir.
İnsanı ən çox narahat edən məsələ budur ki, müxtəlif məmurlar barəsində mətbu orqanları bəzəyən bu cür faktlar rəhbərliyinin  “qudurğan və harınlamış” məmurlarına barmaq silkələdiyi ölkədə baş verir. Deyəsən, doğrudan da bu məmurlar bütün xəbərdarlıqlara baxmayaraq, öz ənənəvi harınlıqlarından əl çəkə bilməyəcək qədər əndazələrini aşıblar. Ümidvarıq ki, yeni təyin olunmuş vitse-prezident bu cür məsələlərə daha çox diqqət ayıracaq.



Ana səhifəyə qayıt        Baxış: 1 113          Tarix: 21-04-2017, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma