Xəbər lenti

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov sabiq müdafiə naziri Rəhim Qazıyevin dediklərinin uydurma olduğunu söyləyir...

Ovqat.com xəbər verir ki, 25 il öncə Şuşa və Laçının işğalı günlərində müdafiə naziri olmuş Rəhim Qazıyev Moderator.az-a açıqlamasında yenə də bu strateji bölgələrimizin 1992-ci il martın 5-də hakimiyyətdən kənarlaşdırılmış Ayaz Mütəllibov və  AXC liderləri arasındakı hakimiyyət davasının qurbanı olduğunu ifadə edib. 

“1992-ci il mayın 12-də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov  istefa vermiş keçmiş prezident Ayaz Mütəllibovu qəbul edir. Yaqub Məmmədov Mütəllibovu yola salarkən qəbul otağında Şuşanın o vaxtkı icra başçısı Nizami Bəhmənovla qarşılaşırlar. Yenidən birlikdə Yaqub müəllimin otağına qayıdırlar.  Söhbət zamanı Mütəllibov Nizami Bəhmənova deyir ki, maşınları hazırlayın, mən mayın 14-də hakimiyyətə qayıdıram, 15-də də sizi Şuşaya qaytaracam... Bunu sonradan Şuşa və Laçının işğalıyla bağlı məhkəmədə ifadə vermiş Nizami Bəhmənov özü söyləyib. Deməli, Şuşa və Laçın nəyin qurbanı olub? Hakimiyyət alverinin! Və o zaman bunların qarşısına kim çıxdı? Rəhim! Mən isə bunların heç birinin qarşısında baş əyməmişəm. Mənim Allahım var!..”
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov isə keçmiş müdafiə nazirinin  dediklərini “cəfəngiyyat” adlandırır. Eks-prezident 1992-ci il mayın 12-də Yaqub Məmmədovla görüşdüyünü, lakin Şuşanın keçmiş icra başçısı Nizami Bəhmənovu görmədiyini və ona belə sözlər söyləmədiyini bildirir. “Bu deyilənlər cəfəngiyyatdır. Özlərindən hoqqa çıxarmasınlar. Doğrudur, mən Prezident Aparatında Yaqub Məmmədovla görüşmüşəm. Və məqsədim yalnız Xocalı faciəsini araşdıran komissiyanın gəldiyi nəticəyə görə mənim bu faciədə günahsız olduğum barədə məsələni Ali Sovetdə qaldırmaq barədə Yaqub müəllimə müraciət etmək olub. Meydanlarda mitinqlər gedirdi. İstəmirdim ki, ölkədə gərginlik olsun... Həm də Xocalı faciəsinin günahının mənim boynumda qalmasını da istəmirdim Amma mən Şuşanın başçısı Nizami Bəhmənovla görüşməmişəm və ona elə sözlər deməmişəm... Bunlar hamısı cəfəngiyyatdır. Bilirsiz, hər kəs özünə bəraət qazandırmaq istəyir. Onların dedikləri uydurmadır. Mənim söylədiklərim isə həqiqətdir...” 
Şuşanın işğal edildiyi günlərdə Azərbaycanın prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovla telefon əlaqəsi yarada bilsək də, tədbirdə olduğu üçün sualımıza cavab verə bilməyəcəyini söylədi... 
 
 Lakin 2014-cü il mayın 15-də əməkdaşımızın “Həftə içi” qəzeti üçün götürdüyü müsahibədə  Yaqub Məmmədovun  dediklərindən belə çıxır ki, o, həqiqətən qeyd edilən tarixdə  Ayaz Mütəllibovu Şuşanın keçmiş rəhbəri Nizami Bəhmənovla birlikdə qəbul edib:
”...Mayın 12-də elə şərait yarandı ki, Ali Sovetdə Ayaz Mütəllibov və Nizami Bəhmənovla birlikdə söhbət etdim. Nizami Bəhmənov qayıtdı ki, Ayaz müəllim, Xocalı faciəsini törətdilər, səni yıxmaq üçün, Şuşanı da Yaqub Məmmədovu yıxmaq üçün qəsdən verdilər. Sonra A.Mütəllibov çıxıb getdi, ancaq Nizami Bəhmənov qaldı və Şuşanın işğalı barədə əhatəli  məlumat verdi. O dəqiqə baş prokuror Murad Babayevə zəng elədim ki, Nizami Bəhmənovun ifadəsini al və dərhal cinayət işi qaldırılsın. M.Babayev elə də edib cinayət işi başlatmışdı, amma iki gün sonra hakimiyyət dəyişdi və AXC bu işləri açmağa imkan vermədi…Yəni, aləm qarışdı və Şuşa yaddan çıxdı...”

 




Ana səhifəyə qayıt        Baxış: 1 465          Tarix: 13-05-2017, 13:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma