Xəbər lenti

ABŞ prezidenti Donald Trampın keçmiş mühafizəçisi Keyt Şiller Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin keçirdiyi qapalı dinləmələrdə ifadə verərək 2013-cü ildə Moskvada onlara qadın təklif etdiklərini təsdiqləyib.

Şillerin ifadəsinə dair bu sensasion xəbəri NBC News yayıb. Keçmiş mühafizəçi deyib ki, 2013-cü ildə Moskvada “Kainat gözəli” müsabiqəsindən əvvəl Trampla biznes-görüşün rusiyalı iştirakçılarından biri ona yaxınlaşıb və axşam otelə, milyarderin nömrəsinə “beş qadın göndərəcəklərini” deyib. Lakin Şiller deyib ki, o, təklifi dərhal rədd edib. Telekanal Şillerin ifadəsinə dinləmələrdə iştirak edən üç mənbəyə istinadən yer verir.

Keçmiş cangüdənin bildirdiyinə görə, o, Trampın nömrəsinə fahişələr göndərmək təklifini zarafat kimi qarşılayıb və deyib: “Biz belə işlərlə məşğul olmuruq”. Mənbələrin dediyinə əsasən Şiller bu əhvalatı Tramp barədə Böyük Britaniya kəşfiyyatı MI6-nın keçmiş xüsusi agenti Kristofer Stilin hazırladığı və ABŞ-dakı prezident seçkilərindən az sonra mətbuata sızdırılan qalmaqallı dosyedəki məqamları şərh edərkən danışıb.

Həmin dosyedə göstərilir ki, Donald Tramp Moskvada “Kainat gözəli” müsabiqəsinin keçirilməsi zamanı “Ritz Carlton” otelinin prezident nömrəsində rus fahişələrlə əylənib. Hansı ki, həmin nömrədə Moskvaya səfəri zamanı prezident Barak Obama gecələmişdi. İddiaya görə Trampın Obamadan o qədər zəhləsi gedirdi ki, o, iki fahişəyə Obama və xanımının yatdığı çarpayıya təbii ehtiyacını ödəməyi sifariş verib. Habelə bildirilirdi ki, Rusiya kəşfiyyatı Trampın oteldə fahişələrlə əylənərkən görüntülərini gizli kamera ilə çəkib. Tramp bu dosyedə yer alan iddiaları rədd edib, ABŞ kəşfiyyatı dosyedə yer alan iddiaları təsdiqləyəcək dəlillərə malik olmadığını açıqlayıb.

Keçmiş mühafizəçi danışıb ki, o, elə həmin gün rusların qadın təklifini nömrəyə qayıdanda Trampla müzakirə edib. Şillerin dediyinə görə Tramp təklifə gülüb.Bununla belə keçmiş mühafizəçi etiraf edib ki, o, bütün gecəni Trampın qaldığı nömrənin qarşısında növbə çəkməyib və nəticədə içəridə nə baş verdiyini təfərrüatları ilə bilmir. Ancaq Şiller qeyd edib ki, o və Tramp “Ritz Carlton” otelinin prezident nömrəsində gizli kameraların quraşdırılmasından həmişə ehtiyat edirdilər.

Kəşfiyyat komitəsinin üzvləri Trampın keçmiş cangüdənini dörd saat sorğu-suala tutublar. Onlar 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower”də Donald Trampın oğlu və rusiyalı vəkil Natalya Veselnitskayanın iştirakı ilə baş tutmuş görüş barədə suallar veriblər. Keçmiş mühafizəçi etiraf edib ki, bu görüşdən yadında çox az şey qalıb.

Nyu-York polisinin keçmiş zabiti Keyt Şiller 2004-cü ildən Trampın təhlükəsizlik xidmətinə rəhbərlik edib. 2017-ci ilin yanvarından sentyabr ayına qədər isə Ağ evdə prezidentin mühafizə xidmətinə cavabdeh olub. (Virtualaz.org)




Ana səhifəyə qayıt        Baxış: 495          Tarix: 10-11-2017, 14:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma