Xəbər lenti

Entoni Blinken

"The New York Times" (ABŞ), 09.11.2017

 

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpinin amerikalı həmkarı, prezident Trampa qurduğu təmtəraqlı qəbul fonunda qeyd etməmək çox çətindir ki, bu iki lider və ölkələri tamamilə müxtəlif yönlərdə irəliləyir.

Cənab Si Kommunist Partiyasının oktyabrda baş tutmuş qurultayından sonra Orta Səltənətin mübahisəsiz hökmdarına çevrilib. “Si Szinpinin düşüncələri”ölkə konstitusiyasında təsbit olunub – əvvəllər bu cür şərəfə yalnız Mao Szedun və Den Syaopin layiq görülüb. Cənab Si ənənəni pozub öz varisinin adını çəkməyi gərək bilməyib, bu qayda ilə eyham vurub ki, ikinci beşillik müddət bitdikdən sonra da özünü hakimiyyətdə qalmağa iqtidarlı sayır. “Economist”nəşri cənab Sini, adətən, ABŞ prezidentinə nəsib olan fəxri adla təltif edib: dünyada ən nüfuzlu adam.

Cənab Tramp ABŞ-ın daxilində tarixən ən aşağı reytinqə malik olmaqla noyabrın 8-də Pekində yerə enmiş təyyarənin pilləkanı ilə aşağı düşüb. Onun nüfuzu xaricdə də sürətlə düşür: araşdırmaların nəticələrinə əsasən, Amerika prezidentinə inam sürətlə azalır.

Cənab Trampla cənab Sinin şəxsi trayektoriyaları ayrıldıqca onların rəhbərlik hədəfləri ilə də eyni şey baş verir. Cənab Tramp divar ucaltmaq ideyasına mübtəla olduqca cənab Si körpü salmaqla məşğul olur.

Cənab Si yanvarda baş tutan Ümumdünya İqtisadi Forumunda Çini azad ticarətin və kürəsəlləşmənin yeni müdafiəçisi elan edib. Onun Asiya infrastruktur yatırımları Bankından (AİYB) maliyyələşən “Bir qurşaq – bir yol” təşəbbüsü çərçivəsində dəniz marşrutları, avtomobil və dəmiryolları və körpülər şəbəkəsi vasitəsilə Asiya və Avropa arasında əlaqənin təşkilinə, haradasa, 1 trilyon dollar sərf olunacaq. Çin resurslara çıxış əldə edəcək, sənaye gücünün ixracatını artıracaq və dinc üsulla sonradan öz nüfuzuna proyeksiya edə biləcəyi mühüm strateji mövqelər tutacaq.

Cənab Tramp çoxyönlülüyü və kürəsəl hökmranlığı rədd etdikcə cənab Si buna fəal şəkildə nail olur.

Tramp administrasiyası BMT-nin önəmini kiçiltdi, Transsakit okean tərəfdaşlığı haqda ticarət sazişindən çıxdı, ABŞ-ı iqlim üzrə Paris sazişindən çıxartdı, İranla nüvə sazişinin şərtlərini pozmağa çalışdı, ABŞ-ın Avropa və Asiyada əsas alyanslarını şübhə altına aldı, Ümumdünya ticarət təşkilatına və çoxtərəfli ticarət sazişlərinə saymazcasına yanaşdı və qapını mühacirlərin üzünə bağlamağa səy etdi. Bəs cənab Si? O, iqlim dəyişiklikləri ilə mübarizə üzrə proqramın gerçəkləşdirilməsində lider rolunu öz üzərinə götürdü, Ümümdünya ticarət təşkilatının mübahisələri tənzimləmə sistemini müdafiə etdi və Ümümdünya Bankında və Beynəlxalq Valyuta Fondunda Çinin mövqeyini möhkəmlətdi. Pekin Asiyanın aparıcı iqtisadiyyatlarının, ABŞ-ın deyil, Avstraliya və Yeni Zelandiyanın qatılacağı ticarət sazişi üzərində işdə irəli gedir. Bu gün Çin BMT büdcəsinə və sülhməramlı missiyalara töhfə verən aparıcı sponsorlardan biridir. Və cənab Si dünyanın aparıcı alimlərini Çinə cəlb etməkdə qəti cəhdlər göstərir. Cənab Si Çin daxilində, o cümlədən informasiya texnologiyaları və Google-dan Erik Şmidtin xəbərdarlıq etdiyi kimi, Çinin artıq növbəti onillikdə ABŞ-ı qabaqlayacaq süni intellekt sahəsində Çinə XXI əsr kürəsəl iqtisadiyyatında üstünlük təşkil etməyə imkan verəcək strateji yatırımlar qoyur. Cənab Si robotexnika, aerokosmik sahə, yüksəksürətli dəmiryolları, enerjinin yeni növü ilə işləyən nəqliyyat vasitələri, həmçinin qabaqcıl tibbi məhsullar kimi istiqamətləri fəal inkişaf etdirir. Cənab Trampın “strateji” yatırımları – kömürə və avtomatlaşma dövrününü gəlişiylə keçmişdə qalmış istehsalatı qaytarmağa xəyali cəhdlər ABŞ-ı XX əsr iqtisadiyatının müdafiəçisi edir.

Bütün bunlar Çini, cənab Sinin dediyi kimi, “başqa ölkələrin yeni seçimi” və uzun müddət ABŞ-la səsləşən beynəlxalq düzənin baş arbitri olmağa yaxınlaşdırır. Çin bu düzənə və kürəsəlləşməyə çox yatırım qoyub: ona inkişafının asılı olduğu ən yeni texnologiyalar və ixracat bazarlarına çıxış lazımdır.

Çinin səylərinin təməlində duran ziddiyyətlər onu tamamilə iflasa apara bilər. Pekin öz iqtisadiyyatının açar sahələrini xarici yatırımlardan qorumağı davam etdirir. O, əcnəbi şirkətlərə qarşı başqa ölkələrdə Çin şirkətlərinə qarşı heç vaxt tətbiq edilməyən mürtəce tələblər irəli sürüb – məsələn, Çindən, ən azı, bir tərəfdaşa malik olmaq və yaxud onlara texnologiyalar və əqli mülkiyyət vermək.

Pekinin xarici yatırımları məcburi və yaxud istismarçı ola bilər: misalçün, yerli sakinlərdən deyil, Çindən işçilər tutmaq tələbini nəzərdə tuta bilər, kasıb ölkələri böyük borclara vadar edə bilər ki, bu da öz növbəsində korrupsiyanı calaqlayacaq.

Cənab Sinin Çinin nüfuzunu yaymaq cəhdləri həm də onun ölkəsinin sistemli zəiflikləriylə zəifləyir. Böyük borclar. Artan bərabərsizlik. Ləngiyən yüksəliş. Qocalan əhali. Məhsuldarlığın azalması. Dövlət müəssisələrinin effektivsizliyi. Zəhərlənmiş hava və təmiz su qıtlığı. Və Çin xalqına deyil, başqa avtoritar liderlərə xoş gələ biləsi getdikcə repressivləşən sistem.

Amma Çinin bütün bu qüsurları inandırıcı alternativsizlikdə xırda görünə bilər. Mən heç vaxt ABŞ-a qarşı çıxmağa bel bağlamazdım, lakin Tramp administrasiyası millətçilik, proteksionizm, birtərəflilik və ksenofobiya siyasəti yürütməyi davam etdirsə, Çin modeli üstün gələ bilər.

Dünya özünü təşkil edən sistem deyil. Amerika liderliyi beynəlxalq düzəni qorumaq və demokratiya, insan haqları, söz və toplantı azadlığı, işçi hüquqlarının müdafiəsi, ətraf mühit və əqli mülkiyyətin qorunması kimi liberal dəyərləri və mütərəqqi normaları yeritməyə şərait yaradırdı. ABŞ II dünya savaşı bitəndən bəri oynadığı roldan imtina edərək bunu dünyanı Amerikanın deyil, öz dəyərlərinə uyğun quracaq başqa oyunçulara verir.

Cənab Si bu cür oyunçunun Çin olacağını bəyan etməkdən çəkinmir. Cənab Trampın lider rolunu Çinə güzəştə getdiyi nəzərə alınsa, XX əsrin ikinci yarısının xarakterini müəyyən edən liberal beynəlxalq düzənin yerinə tamamilə qeyri-liberal düzən gələ bilər.

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 10-11-2017, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma