Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmail Hakkı Pekin APA-ya müsahibə verib.
Strateq.az həmin müsahibəni təqdim edir:
– Suriyadakı proseslər barədə vaxtaşırı sizin fikirlərinizi öyrənmişdik. Soçi görüşündən sonrakı mərhələ barədə nə deyə bilərsiniz?
– Hər şeydən əvvəl bunu deməliyik ki, Suriyadakı vətəndaş müharibəsi başa çatıb. Bundan sonra bölgədə marağı olan dövlətlər Suriyada işlərin siyasi tərəfləri ilə məşğul olacaqlar. Yaranmış vəziyyətə ölkələr necə reaksiya verəcəklər? ABŞ oradan tamamilə çəkiləcəkmi? Rusiya orada qalmağa davam edəcəkmi? İran hansı addımı atmaq istəyəcək?
Türkiyənin maraqları baxımından məsələ məlumdur: Suriyanın ərazi bütövlüyünün qorunmasını istəmişik və istəməyə davam edəcəyik. Hazırda Türkiyənin əsas məqsədi Suriyanın şimalındakı dəhlizin Aralıq dənizinə çıxmasına mane olmaqdır. Türkiyə Fərat çayının nə şərqində, nə də qərbində vahid kürd strukturunun olmasını istəyir. Bu məqsədlə daha əvvəl əl-Baba təşkil etdiyi və uğur qazandığı əməliyyatı indi İdlibdə davam etdirəcək. Bunun üçün, hər şeydən əvvəl, Rusiya ilə razılaşmaların davam etdirilməsi lazımdır. Türkiyə Rusiya ilə razılaşarsa, Afrini mühasirəyə alması asanlaşacaq. PYD terror təşkilatının Menbiç bölgəsində qərar qılması əngəllənməli, oraya ərəblərin gətirilməsinə çalışılmalıdır. Bunun üçün Ankaranın Dəməşqlə əməkdaşlıq etməsi lazımdır.
İndi hamı “kürd kartı”dan öz məqsədi üçün istifadə etməyə çalışır. ABŞ onlarla müttəfiqlikdən vaz keçmədiyi kimi, Rusiya da bəzi məsələlərdə PYD-yə loyal yanaşır. İran üçün isə “kürd məsələsi” çox da önəmli deyil, çünki İranın əsas məqsədi Livan “Hizbullah”ına dəstəyi davam etdirməkdir. Bu vəziyyətdə siyasi proseslər necə olacaq?
ABŞ üçün bölgədəki əsas məsələ İsrailin təhlükəsizliyi olub, bunun üçün İrana qarşı Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi Körfəz ölkələriylə ittifaq yaradılır. Ona görə, PYD/YPG terror təşkilatlarından dəstəyi çəkmək üçün Türkiyəni o ittifaqa çəkmək istəyə bilərlər. Ancaq Türkiyənin o ittifaqa girməsi Rusiya və İran ilə münasibətlərini zədələyə bilər. Ona görə də Türkiyənin bir seçim ərəfəsində olduğunu deyə bilərik: ya ABŞ-İsrail-Səudiyyə Ərəbistanı ittifaqına məcbur edilə bilər, ya da Rusiya və İranla ittifaqa girərək Suriyada kürd dövlət strukturlarının yaranmasını əngəlləyə bilər.
Hal-hazırkı vəziyyətdə Türkiyənin Çinlə münasibətləri yaxşı olmalıydı. Uzaq mənzilli raket sazişi ləğv edilməsəydi, Çinin bizə faydası dəyərdi. Türkiyənin hansı mövqeyi tutacağını bilmirik. Bütün hallarda ölkəmizin mənafeyi naminə olan addımlar atılmalıdır. Şahmat taxtasında olduğu kimi, 20-25 həmlə o tərəfi görməliyik. İndiki vəziyyətdə bizim daha yaxşı kəşfiyyata və daha sərrast analizlərə həmişəkindən çox ehtiyacımız var. Bəlkə Suriya ilə əməkdaşlıq edərək o ölkədəki kürdləri daha kiçik qruplara bölməli və o cür zəiflətməliyik. Çünki artıq səhv addımlar atmağa dözüm qalmayıb.
– Rusiyadakı bəzi təhlilçilər Soçi görüşünü “İkinci Yalta konfransı” şəklində xarakterizə etdilər. Sizcə də Suriyadan aşağıdakı Körfəz bölgəsi ABŞ-ın nəzarətinə keçdi, Suriya və İraq Rusiya və İranın nəzarətində qaldımı?
– Yaranmış vəziyyətin Yalta konfransının qərarlarına yaxın bir mənzərəni ortaya çıxardığını görə bilirik. Ona görə də, Türkiyə hər şeyi son dərəcə diqqətlə ölçüb-biçməlidir.
– Bir neçə il əvvəl hörmətli Doğu Perinçek ilə sizi İstanbul aeroportundan Dəməşqə yola saldığımı xatırlayıram. Oradakı müşahidələriniz və Türkiyədəki analizləriniz Ankara ilə Dəməşqin bir araya gələ biləcəyinə işarə edirmi?
– Hörmətli prezident Ərdoğan da bir neçə gün əvvəl dedi ki, biz heç kimə qapılarımızı bağlamırıq, danışmaq istəyən hər kəsə qapımız açıqdır. Bu baxımdan Dəməşqlə də görüşülə biləcəyini istisna etmirəm.
– Bu ilin əvvəlində Astanada keçirilən ilk üçtərəfli görüşdən bəri Rusiya Türkiyənin “Riyad qrupu” deyilən Səudiyyə Ərəbistan mənşəli müxalifləri masa arxasında görmək istəməsindən narahat idi. Sizcə, Soçi görüşündən sonra Türkiyə o qrupların hamısını özündən kənarlaşdırdımı?
– Türkiyə artıq realist nöqtəyə gəlib. Bu baxımdan Türkiyə ilə Suriyanın durumu bütün parametrləri etibarı ilə bir-birinə çox yaxındır. Türkiyə özünün Orta Şərqə quru yolunun bağlanmaması üçün hətta Livan “Hizbullah”ı ilə də əməkdaşlıq edə bilər. Bütün bu proseslərdə Türkiyənin əməkdaşlıq etməsi lazım olan birinci ölkə isə Suriyadır. PYD/YPG terroruna qarşı müştərək mübarizə və Türkiyənin Orta Şərqə açılan quru yolunun açıq olmasının vacibliyi bunu tələb edir.
Paylaş: