Xəbər lenti

ABŞ strateji bombardmançılarla Şimali Koreya sərhədini bombaladı

ABŞ-ın Hərbi-Hava Qüvvələrinin B-1B “Lancer” strateji bombardmançıları çərşənbə günü Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın sərhədində yerləşən poliqonda aviazərbələr endirib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya Baş qərargahından bildirilib.

“F-22 “Raptor” qırıcılarının müşayiəti ilə bir neçə B-1B “Lancer” strateji bombardmançısı Şimali Koreyanın raket və nüvə provokasiyalarına sərt cavab vermək qabiliyyətini və müttəfiqlərin qətiyyətini nümayiş etdirib”, - xəbərdə deyilir.

Məlumata görə, təlimlərdə həmçinin Cənubi Koreya Hərbi-Hava Qüvvələrinin F-15Ks və KF-16s qırıcıları iştirak edib.

Bombardman Cənubi Koreya ilə ABŞ-ın birgə keçirdiyi “Vigilant ACE 18” genişmiqyaslı manevrlərinin bir hissəsi idi. Təlimlərə tarixdə ilk dəfə beşinci nəsil qırıcıları cəlb edilİb.

Qeyd edək ki, B-1B “Lancer” bombardmançıları nüvə silahları da daşıya bilir. Bu bombardmançılar ABŞ-ın ötən 20 ildə keçirdiyi iri hərbi kampaniyaların hamısında tətbiq olunub. 1998-ci ildə ABŞ bu təyyarələrdən İraqa qarşı “Səhra tülküsü” əməliyyatında istifadə edib. Amerika aviasiyası İraqın hava hücumundan müdafiə sistemini sıradan çıxarandan sonra bombardmançılar ikinci eşalonda uçaraq Səddamın Respublika qvardiyasının bazalarını dağıdıb. 2001-2002-ci illərdə Əfqanıstanda “Taliban” rejiminə qarşı hərbi əməliyyatlarda isə B-1B bombardmançıları 4 minə qədər hədəfə lazerlə yönləndirilən JDAM bombaları, o cümlədən koalisiya qüvvələrinin bütün aviabombalarının 40 faizini istifadə edib.

B-1B bombardmançıları 2003-cü ildə İraqa qarşı hücumda da aparıcı rol oynamışdı. Bu əməliyyatda 11 belə bombardmançı istifadə olunub, minlərlə bomba atılıb. Sonradan ABŞ həmin təyyarələrdən Liviya və Suriya hava əməliyyatlarında da istifadə edib.




Ana səhifəyə qayıt        Baxış: 706          Tarix: 6-12-2017, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma