Xəbər lenti

 Gürcüstanın müdafiəsinin gücləndirilməsi və NATO-ya inteqrasiyası istiqamətində səs-küysüz, amma qərarlı addımlar atılır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, NATO-nun 2016-cı il Varşava zirvəsinin qərarına uyğun olaraq Fransa Gürcüstanın hava hücumundan müdafiəsini qurmağa başlayıb:

"Bu məsələnin detalları gizli saxlanılır, amma güman olunur ki, söhbət Gürcüstanın VL MICA “Mistral” sistemləri və mobil RLS ilə təchiz olunmasından gedir. ABŞ Konqresi isə 2 gün əvvəl Gürcüstana tank əleyhinə “Javelin” raket kompleksləri verilməsini təsdiqlədi. Açıq görünür ki, 2008-ci il müharibəsində Gürcüstanın müdafiəsindəki ən kritik boşluqlar və çatışmazlıqlar nəzərə alınıb. O zaman Gürcüstan ordusu Rusiya aviasiyasının və zirehli hərbi texnikasının qarşısında aciz qalmışdı. Gürcülər "Buk" vasitəsilə bir neçə təyyarə vura bilsələr də, Rusiya aviasiyası ciddi maneəyə rast gəlmədən Gürcüstanın bütün vacib hərbi infrastrukturuna, o cümlədən paytaxt Tiflisdə yerləşən obyektlərə havadan zərbələr endirməyə nail olmuşdu”.

Politoloq vurğulayıb ki, doğrudur, Gürcüstanın əlində hansı silahlar olursa olsun, onun Rusiya ilə bacarması mümkün deyil:

“Amma müdafiə planlaşdırılması bu cür bəsit yanaşma əsasında qurulmur. Kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, hər dövlətin müəyyən müqavimət potensialının və çəkindirici gücünün olması vacibdir. Məsələn, Gürcüstan 2008-ci ildə özünün hava məkanını etibarlı şəkildə bağlaya bilsəydi və tank hücumuna effektiv müqavimət imkanına malik olsaydı, rus ordusu bəlkə də Tiflis istiqamətində o cür “marş-brosok” edə bilməzdi və gürcü ordusu onları bir qədər ləngidərdi. Bu ləngitmə beynəlxalq siyasi müdaxilə, dost-müttəfiq ölkələrin köməyə gəlməsi (yaxud kömək göndərməsi) üçün zaman qazanmaq baxımından çox həyati məsələdir”.

Politoloqun sözlərinə görə, Gürcüstanda hərbi islahatlar, ordunun strukturlaşması, təlimi və silahlandırılması bu ölkənin NATO-ya üzvlük prosesinin tərkib hissəsi olmasının göstəricisidir:

“Məsələn, fransızların qurmaqda olduğu hava hücumundan müdafiə sistemi NATO-nun HHM sisteminə inteqrasiya olunacaq. Yəni bu addımlar göstərir ki, Qərb Gürcüstanı ciddi şəkildə NATO-ya hazırlaşdırır və üzvlüyün gerçəkləşməsi sadəcə, zaman məsələsidir. Qonşumuzun NATO-ya qoşularaq etibarlı təhlükəsizlik təminatı əldə etməsinin Azərbaycanın maraqları baxımından əhəmiyyəti çox yüksəkdir”.




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 22-12-2017, 08:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma