Xəbər lenti

ABŞ-da yanvarın 20-dən 26-na qədərki həftə ərzində neft hasilatının həcmi rekord həddə çatıb və Səudiyyə Ərəbistanındakı göstərici ilə bərabərləşib. Bununla yanaşı, ölkədə neft ehtiyatlarının həcmi 10 həftəlik azalmadan sonra yenidən artmağa başlayıb.

Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Hesabata əsasən, həftə ərzində gündəlik neft hasilatı 41 min barel və yaxud 0,4% artaraq 9,919 mln. barelə çatıb. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hesabatına görə isə, dekabrda Səudiyyə Ərabistanında gündəlik neft hasilatı 9,92 mln. barel olub. 

Hesabat həftəsində ABŞ-ın neft ehtiyatlarının həcmi isə 6,776 mln. barel və yaxud 1,65% artaraq 418,4 mln. barelə çatıb. Halbuki analitiklər ehtiyatların 0,9 mln. barel azalacağını proqnozlaşdırırdılar.

Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 1,071 mln. barel azalma nümayiş etdirib.

ABŞ-ın benzin ehtiyatlarında isə azalma müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 2 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 1,98 mln. barel və yaxud 0,8% azalaraq 242,1 mln. barelə düşüb. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 3,098 mln. barel artmışdı. 

"Report"un analitik qrupu bildirir ki, dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel olması gözlənilir/Report.




Ana səhifəyə qayıt        Baxış: 558          Tarix: 1-02-2018, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma