Rusiyanın teleşou ulduzu, “kübar qadın” və Vladimir Putinin siyasət müəllimi Anatoli Sobçakın qızı Kseniya Rusiya prezidenti seçkisinin kampaniyasını Vaşinqtona gətirib.
AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Rusiya seçkisinə 6 həftə qalmış Kseniya Sobçakın Birləşmiş Ştatlara səfər etməsi liberalların, müxalifətin və siyasi müşahidəçilərin təəccübünə səbəb olub.
Onlardan bəzilərinin qənaətinə görə, Sobçakın bu seçkidə namizədliyi əslində Putinin namizədliyinə güclü təkan vermək məqsədi güdür və ümumiyyətlə Kremlin oyunudur.
Fevralın 6-da Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində etdiyi çıxışda Sobçak işarə edib ki, o həm də “ABŞ administrasiyası ilə görüş keçirərək Rusiya üzərinə qoyulmuş iqtisadi sanksiyaları müzakirə etmək niyyətindədir”.
Sobçak bildirib ki, o, bu görüşləri zamanı Rusiyanın təkcə Putindən ibarət olmadığını izah edəcək: "Rusiya böyük iqtisadiyyatı olan nəhəng ölkədir və bildiyiniz kimi, bu ölkənin nüvə silahı var və bu bizim indi etdiyimiz kimi kommunikasiya yolu ola bilməz. Mən ölkələrimiz arasında ilk körpü rolunu oynamaq və göstərmək istəyirəm ki, bu məsələ mənim üçün hətta seçki kampaniyası zamanı da çox mühüm məsələdir və mən müəyyən həll yolları, bir-birimzilə bağlar tapmaq istəyirəm. Biz bunların üzərində yavaş-yavaş, iki ölkəmiz üçün daha yaxşı vəziyyət yarada bilərik”.
Sobçak çıxışı zamanı Rusiyadakı siyasi vəziyyəti tənqid edərək indiki sistemin avtoritar sistem olduğunu vurğulayıb. O, bunu da etiraf edib ki, Putinə meydan oxuyacağı barədə xülyalara qapılmır. Bununla belə, o, əlavə edib ki, onun namizədliyi ötəri bir şey deyil və onun əsl siyasi ambisiyaları var. Bu ambisiyalardan biri də parlamentə seçilərək yeni siyasi partiya yaratmaqdır.
Sobçak deyib: “Kazinoda həmişə kazino udur. Rusiyada Putin həmişə qalib gəlir”.
Putinin ən ciddi rəqibi ola biləcək antikorrupsiya fəalı Aleksey Navalnı mart ayında keçiriləcək prezident seçkisinə buraxılmayıb.
O, namizədliyi qeydə alınmadıqdan sonra tərəfdarlarını prezident seçkisinin boykotuna çağırıb.
Sobçak boykot çağırışını dəstəkləmədiyini bildirib.
Azadlıq Radiosu
Paylaş: