Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Səfirlikdən Strateq.az-a verilən məlumata görə, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən İordaniya, İndoneziya, Gürcüstan, Nigeriya, Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Pakistan, Malayziya və İordaniyanın yüksək vəzifəli diplomatları, Meksika KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.
Xocalı soyqırımı və Azərbaycanın müstəqilliyi və suverenliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov 26 fevral 1992-ci il tarixində bütün dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı faciəsindən 26 il keçdiyini qeyd edərək həmin günün Azərbaycanlıların könüllərində ən kədərli tarixlərdən biri olduğunu dedi. Müstəqilliyini yenidən qazandıqdan sonra ilk illərdən başlayaraq Azərbaycan xalqının xarici təcavüz və işğal ilə üzləşdiyini deyərək Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın həmin təcavüzün ən qanlı səhifəsi olduğunu deyib. Soyuq fevral gecəsi onlarla uşağın arzu və gələcəyinin vaxtsız qırıldığını, yüzlərlə günahsız həyatlara qəddarcasına son qoyulduğunu bildirən diplomat, bu faciənin qurbanlarına bütün bu əzabların verilməsinin yeganə səbəbinin onların sadəcə Azərbaycanlı olması olduğunu vurğulayıb.
Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən Azərbaycan nümayəndəsi bu faciə barədə məlumatın dünya mətbuatı tərəfindən yayındığını qeyd edib. Bu faciənin erməni cəlladları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı işğal olunmuş şəhər və kəndlərdə törədilən dəhşətlərin və etnik təmizləmələrin simvoluna çevrildiyini bildirib.
Nümayəndənin sözlərinə görə, bu vəhşiliyin bütün beynəlxalq hüquq, mənəvi və insani normalara zidd olaraq qəsdən və soyuqqanlıqla törədildiyini Ermənistanın hazırkı prezidenti və Xocalı soyqırımının əsas memarlarından olan Serj Sarqsyan tərəfindən Britaniya jurnalisti Tomas de Vala verdiyi müsahibədə etirafı bir daha sübut edir. O, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci başlanmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması üzrə böyük nailiyyətlər əldə etdiyini deyib. Xocalı soyqırımının artıq bir sıra ölkə, o cümlədən Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanındığını bildirib. Bu faciəni törədənlərin tezliklə əməllərinə görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməli olduqlarını vurğulayıb.
Türkiyənin Meksikada səfir müavini Fikrət Türkeş Türkiyə Xarici İşlər nazirliyinin Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatını səsləndirib, Azərbaycan torpaqlarının indiyədək Ermənistan işğalı altında olduğunun Türkiyə tərəfindən qəti şəkildə pisləndiyini, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını Türkiyənin bölüşdüyünü deyib.
Tədbir iştirakçılarına Xocalı faciəsindən bəhs edən və tamaşaçılara bu dəhşətlərin canlı şahidləri olmuş insanların danışdıqlarını çatdıran “Zülmətdən qaçış” (Running from the darkness) sənədli filmi nümayiş etdirilib. Eyni zamanda “Xocalı faciəsi uşaqların gözü ilə” silsiləsindən olan rəsmlər sərgilənib. Xocalı soyqırımı ilə bağlı çap və video materiallar paylanılıb.
Sonda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilib.
Qeyd edək ki, həmin gün Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən “Xocalı soyqırımı” monumenti qarşısına səfirlik tərəfindən əklil qoyulub, bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin onların xatirəsinə Tlakskoake kilsəsinin zəngi çalınıb.
Paylaş: