Xəbər lenti

Avropa Komissiyası 2021-2027-ci illər üçün Avropa İttifaqının büdcə layihəsini təqdim edib. Almaniya bu büdcəyə daha çox ödəniş edəcək, Polşa və Macarıstan isə ödənişlərin azaldılması ilə cəzalandırıla bilər.

Azərtac hesab edir ki, “ümumavropa yem qutusu” uğrunda mübarizə sərtləşəcək.

Hətta sakit vaxtlarda da Avropa İttifaqında “uzinmüddətli maliyyə planlaşdırması” barədə danışıqlar uzun sürən və gərgin mübarizəyə çevrilir. İndi isə Böyük Britaniyanın Aİ-dən çıxması ilə əlaqədar Avropa kassasına üçüncü ən böyük ödəyicinin itirilməsi nəticəsində bu mübarizənin daha gərgin olacağı gözlənilir.

2021-2027-ci illər üçün təqdim edilmiş “uzunmüddətli maliyyə planı” Böyük Britaniyanın iştirak etmədiyi Aİ üçün birinci belə plan olacaq. Bu isə o deməkdir ki, Aİ-nin üzləşəcəyi itki, ən azı, son illərdə Londonun Avropa büdcəsinə ödədiyi 12 milyard avroya bərabər olacaq. Avropa İttifaqının büdcə məsələləri üzrə komissarı Günter Ettinger həmin rəqəmləri Almaniyanın ARD telekanalına bu gün verdiyi müsahibədə səsləndirib. Komissar sözünə davam edərək bildirib ki, gələcəkdə Aİ-nin iki yolu qalır: o ya qənaət etməyə başlamalı və büdcəni azaltmalı, ya da üzv ölkələrin daha çox ödəniş etməsini təklif etməli olacaq.

Ettingerin ARD telekanalına verdiyi müsahibədən məlum olur ki, əslində yol seçilib. Aİ-nin büdcəsi nəinki azaldılmayacaq, hətta, cüzi də olsa artırılacaq. Aİ-də qalan ölkələr isə daha çox ödəniş etməli olacaqlar. Vahid Avropanın büdcəsinə ildə 35 milyard avro ödəyən Almaniya üçün əlavə xərclər ildə 11-12 milyard avro olacaq. Ettingerin sözlərinə görə bu məbləğin 3,5-4 milyard avrosu Britaniyanın əvəzinə ödənişlər hesabına, həmçinin Avropada sərhəd nəzarətinin gücləndirilməsinə sərf ediləcək, qalan məbləğ isə inflyasiya əlaqədar xərclərin adi artımıdır.

Lakin 2021-2027-ci illərdə bütün məsrəf maddələri üzrə xərclər artmayacaq. Günter Ettinger kənd təsərrüfatı sahəsinə və infrastruktur baxımından geridə qalan regionlara subsidiyaların təqribən beş faiz azaldılmasını planlaşdırır. Bu o deməkdir ki, həmin büdcə maddələri üzrə dotasiyalar alan Polşa, Macarıstan və Yunanıstana, habelə bir qədər aşağı dərəcədə İrlandiyaya dotasiyalar azaldılacaq.

Həmin ölkələrin nümayəndələri artıq indidən yeni büdcə layihəsinə veto qoyacaqları barədə hədə-qorxu gəlirlər. Bəzi ekspertlər isə hesab edirlər ki, bu maddələr üzrə dotasiyalar qəsdən şişirdilib. Onların fikrincə, ən yaxşı yol – kənd təsərrüfatına dotasiyaları azaltmaq və ekologiyanın qorunması kimi başqa layihələrə investisiyaları artırmaqdır.

 




Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 3-05-2018, 15:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma