Xəbər lenti
27-11-2024, 19:25

Donald Tramp polad və alüminiuma gömrük rüsumlarının tətbiq edilməsi ətrafında qızışan mübahisələri daha bir ay müddətinə uzatmaq qərarına gəlib. Avropa Komissiyasının fikrincə, Avropa İttifaqı Birləşmiş Ştatlar Prezidentinə tabe olmamalıdır.

ABŞ Avropadakı ticarət tərəfdaşlarını polad və alüminiuma gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyir. Bu məsələ ilə bağlı xoşagəlməz hadisələr artıq yeni şəkil alıb. Rüsumların tətbiqi üçün Donald Trampın özbaşına təyin etdiyi müddət başa çatandan bir az əvvəl ABŞ Prezidenti bu qeyri-müəyyən vəziyyəti daha dörd həftə müddətinə uzadıb. Belə ki, həmin müddətdə öz şərtlərinin yerinə yetirilməsinə nail olmaq istəyir. Gözlənilməz dəyişikliklər və gərgin sonluq vəd edən bu ticarət siyasəti D.Trampın uzun illər apardığı televiziya şousunun ssenarisinə bənzəyir. Əsas məsələ budur ki, reytinqi saxlanılır, insanlar ona Ağ Evdə oturan və öz ölkəsini yenidən qüdrətli etməyə hazırlaşan coşqun vətənpərvər kimi baxırlar.

Hətta Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Angela Merkelin bu yaxınlarda ona verdikləri öyüd-nəsihət də nəticəsiz qalıb. ABŞ Prezidenti onları da vaxtilə özünün apardığı “Namizəd” televiziya şousunun iştirakçıları kimi sadəcə evlərinə yollayıb. Onun üçün yalnız özü əhəmiyyət kəsb edir. D.Trampın şousu davam etməlidir, hətta Birləşmiş Ştatlara iqtisadi ziyan vurulması ilə nəticələnsə belə.

Brüssel hesab edir ki, Avropa İttifaqı Ağ Evin şantaj cəhdlərinə əsla boyun əyməməlidir. Yolverilməz rüsumların tətbiq olunacağı ilə hədələməklə, öz iqtisadiyyatı üçün proteksionist kvotalar müəyyən etmək heç bir işə yaramaz. Bu səbatsız Prezidentə yalnız bunu təklif etmək olar: hazırda Avropanı hədələdiyi rüsumların tətbiqindən tamamilə imtina edəcəyi təqdirdə, iqtisadiyyatın bütün sektorları üçün gömrük rejimi barədə sazişə gəlməyi.

Ekspert Bernd Rigert isə “Deutsche Welle”yə (“Alman dalğası“) müsahibəsində deyib: “Avropa İttifaqı ilk növbədə vahid cəbhədən çıxış etməlidir. Əgər D.Trampın polad və alüminium planı işləyərsə, bu zirək prezident heç bir vicdan əzabı çəkmədən iqtisadiyyatın başqa sahələrində də, məsələn, avtomobil ticarətində də belə bir plan reallaşdırmağa cəhd göstərə bilər. Məhsulları amerikalılar tərəfindən alınmayan ABŞ-ın polad sənayesini kvotaların köməyi ilə qorumaq mənasız addımdır. Hətta ABŞ müəssisələri də D.Trampın gömrük siyasəti kötəyinin əleyhinədirlər”(azərtac).

 




Ana səhifəyə qayıt        Baxış: 562          Tarix: 3-05-2018, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma