Xəbər lenti

Avropa İttifaqı və Avropa Şurası Parlament Assambleyası (AŞPA) mayın 30-da Belarusda Ali Məhkəmə tərəfindən apellyasiyaları rədd edilmiş iki nəfər barədə ölüm hökmlərinin gizli icra edilməsi barədə xəbərlərdən narahatlığını ifadə edib.

Avropa İttifaqı xarici işlər komissarının sözçüsü Maja Kocijaniçiç deyib ki, “xəbər verildiyinə görə, Viktar Liotau və Alyaksey Mixaleniya 2018-ci il mayın ortalarında məxfi şəkildə edam ediliblər”.

Minskdə mənzillənmiş “Vyasna” (“Bahar”) insan haqları mərkəzi bildirmişdi ki, Liotau Hlybokaje cəzaçəkmə kaloniyasında kamera yoldaşını öldürdüyünə görə ötən ilin sentyabrında barəsində ölüm hökmü çıxarılmışdı.

“Vyasna” bildirib ki, Mixaleniya 2016-cı ildə öz qonşularını öldürdüyünə görə ən yüksək cəzaya layiq görülmüşdü.

Kocijançiç deyib ki, ölüm hökmlərinin davamlı icrası Belarusun beynəlxalq icma və Avropa İttifaqı ilə əlaqələrini yaxşılaşdırmaq vədləri ilə ziddiyyət təşkil edir.

Onun sözlərinə görə, Belarus ölüm hökmlərinin icrasına moratorium qoyulacağına söz vermişdi.

Sözçü habelə barələrində bu il ölüm hökmü çıxarılmış daha iki belarus – Veçslav Sukxarka və Aleksandr Zilnikaunun gələcək talelərindən narahatlıq ifadə edib.

Kocijançiç deyib ki, mayın 30-da Belarusun Ali Məhkəməsi onlar barədə çıxarılmış hökmləri qüvvədə saxlayıb.

AŞPA-nın ölüm hökmlərinin ləğvi üzrə baş məruzəçisi Yives Kruxten, habelə qurumun Belarus üzrə keçmiş məruzəçisi Andrea Rigoni də son edamları pisləyiblər. Onlar deyiblər ki, hökmlərin gizli icra edilməsi dərin narahatlıq doğurur.

Kruxten və Rigoni Belarus Milli Məclisini bu məsələyə təcili baxılmasına və ölüm hökmlərinin icrasına moratorium qoyulması üçün addımların atılmasına çağırıblar.

“Amnesty International” insan haqları təşkilatı bu yaxınlarda ölüm cəzaları ilə bağlı hesabatında qeyd edir ki, bütün dünya boyunca bir çox ölkələrdə edam olunacaq şəxslərin ailələrinə bu barədə heç bir bildiriş verilməməsi narahatlıq doğurur.

Belarus Avropa və Mərkəzi Asiyada ölüm hökmünün qüvvədə olduğu yeganə ölkədir.

“Amnesty” bildirib ki, onların barəsində ölüm hökmü məxfi çıxarılıb.

azadliq.org

 




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 31-05-2018, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma