ABŞ-ın birinci xanımı qanunsuz mühacir ailələrindən alınan uşaqları ziyarət edib.
“Amerikanın Səsi” radiosu bildirir ki, o, imkan daxilində uşaqların tez bir zamanda valideynlərinə verilməsinə çağırıb. Melania Tramp “New Hope Children’s Center”ə prezidentin uşaqların ailələrinə qaytarılmasına dair sərəncam imzalamasından bir gün sonra səfər edib. Onun daha bir sığınacağa baş çəkəcəyi gözlənilir.
Donald Tramp deyib ki, 17 aylıq prezidentlik dövründə ən böyük siyasət dəyişikliyi edib. O deyib ki, “biz ailələrin birlikdə qalmasını istəyirik”.
Prezident bunun vacibliyini önə çəkərək bildirib ki, imzaladığı sənəd məhz buna xidmət edəcək. Tramp administrasiyası körpələr və uşaqları valideynlərindən ayıraraq, Texasın cənubundakı sığınacaqlara göndərir. Meksika sərhədlərinə yaxın bu bölgədə “kövrək yaş” adlandırılan 3 sığınacaq açılıb.
Rio Grande sığınacağını ziyarət edən qanunvericilər və tibb işçiləri məktəbəqədər yaşlı uşaqların göz yaşlarını böhran kimi qiymətləndirib. Ağ Evin “sıfır tolerantlıq” siyasətini elan etməsindən sonra 2300-dən artıq uşaq valideynlərindən alınıb.
Hökumət qəfəsdə saxlanılan uşaqların şəkilləri yayıldıqdan sonra ciddi tənqidlərlə üzləşib.
Paylaş: