Xəbər lenti

İsveçrənin cinayət işləri üzrə federal məhkəməsi iyulun 31-də Özbəkistanın mərhum prezidentinin qızı Gulnara Kərimovanın şikayətini rədd edib. “Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə, bu, ilkin olaraq Kərimovaya məxsus 800 milyon İsveçrə frankının Daşkəndə qaytarılması prosesini sürətləndirə bilər.

Kərimova İsveçrə federal prokurorluğun bu ölkənin bank hesablarındakı 800 milyon İsveçrə frankının təxminən 700 milyonunu (hazırda 701 milyon ABŞ dolları edir – red.) müsadirə etməsinə etirazını bildirirdi. Ərizəni onun Cenevrədəki vəkili Grégoire Mangeat təqdim edib.

Prokurorluğun bu ilin mayında çıxardığı iki order Kərimovanın 800 milyon frankından 686,7 milyonunu müsadirə edib Özbəkistana qaytarmağı nəzərdə tuturdu. Həmin vəsait 2012-ci ildə İsveçrə və Sürix banklarında dondurulub.

Bu orderlərin çıxarılmasına Kərimovanın iki keçmiş yaxınının verdiyi ifadələr səbəb olub. Gayane Avakyan və Kərimovanın keçmiş sevgilisi Rustam Madumarov prokurorluğa ifadələrində deyiblər ki, bu pullar cinayət yoluyla əldə edilib və oğurlandıqları ölkəyə – Özbəkistana qaytarılsınlar. 2012-ci ildə İsveçrədə qaldırılmış cinayət işində əsas fiqurlar olan Avakyan və Madumarov müstəntiqlərdən onların işini daha tez bağlamağı da xahiş ediblər.

Bu ifadələrdən sonra hər ikisi əlavə olaraq korrupsiya və çirkli pulyumada da ittiham olunub.

Gulnara Kərimova isə istintaqla əməkdaşlıqdan imtina edib, iddia edib ki, ona məxsus olan pul, o, İsveçrədə məhkəməyə çıxarılmamışdan müsadirə oluna bilməz.

Kərimovanın vəkili şikayət ərizəsində Avakyan və Madumarovun Özbəkistan həbsxanalarında verdikləri ifadələrin dondurulmuş vəsaitin bu ölkəyə qaytarılması üçün yetərli olmadığını vurğulayıb.

Məhkəmənin qərarında isə Kərimovanın vəkilinin etirazı əsassız sayılıb. “Azadlıq” radiosunun özbək xidməti qərarın surətini avqustun 14-də əldə edib.

Vəkil bu il iyunun 21-22-də Kərimova ilə Daşkənddə üçüncü dəfə görüşüb. Onun sözlərinə görə, Özbəkistanda və İsveçrədə açılmış cinayət işlərinin tezliklə bitməsindən ötrü “Kərimova müəyyən şərtlərlə kompromisə getməyə hazırdır”.

Ancaq rəsmi Daşkənddən bu təklifə reaksiya gəlməyib.

Özbəkistan Baş Prokurorluğu ötən il iyulun 28-də keçmiş prezident Islam Kərimov-un qızına başladılmış cinayət işinin detallarını açıqlayıb. Kərimovanın 2015-ci ildə bir sıra maliyyə cinayətlərində təqsirli bilinərək 5 illik həbsə məhkum edildiyi bəlli olub.

(Azadlıq rasdiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 16-08-2018, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma