Xəbər lenti

Filippin Prezidenti Rodriqo Duterte ABŞ-dan “F-16” qırıcı təyyarələrini almaqdan imtina edərək, onları tamamilə faydasız adlandırıb.

Azərtac xəbər verir ki, bu barədə məlumat verən “Sputnik International” agentliyi R.Dutertenin Davo şəhərində hərbçilər qarşısında çıxışından sitat gətirərək yazır: “Bizə “F-16”lar lazım deyil. Lakin onlar bizi təhqir etmələrinə baxmayaraq, bu məsələni bir daha qaldırırlar”.

Məlumatda qeyd edilir ki, dövlət başçısının bu cür reaksiyasına ABŞ-ın müdafiə naziri Ceyms Mettisin, dövlət katibi Mayk Pompeonun və ticarət naziri Uilbir Rossun imzaladıqları birgə məktub səbəb olub. R.Dutertenin sözlərinə görə, Vaşinqtonun bu addımı Filippin hökumətinə qarşı çoxsaylı çıxışlardan sonra “barışıq” cəhdi təsiri bağışlayır.

Filippin Prezidenti qeyd edib ki, “F-16”ların əvəzinə Filippinə qiyamçılarla mübarizə aparmaq üçün yüngül, porşenli təyyarələr lazımdır. O, həmçinin ABŞ-ı ölkənin silahlı qüvvələrinin müasirləşməsinə maneə yaratmaqda günahlandırıb.

Bununla yanaşı, R.Duterte vurğulayıb ki, Vaşinqton ilə Manilanı dost adlandırmaq çətindir: “Biz dostuq, lakin unutmaq lazım deyil ki, bu, illər əvvəl bizim müstəmləkə olmağımızla bağlıdır. Biz belə dostluğa razılıq verməmişik”.

Xatırladaq ki, ötən ilin mayında R.Duterte ordu ilə yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra cənubda yerləşən Mindanao əyalətində fövqəladə vəziyyət elan edib. Döyüşlər əsasən Maravi şəhərində gedib. Həmin döyüşlər zamanı 160 hərbçi həlak olub, 1700 nəfər yaralanıb və 800 yaraqlının məhv edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 25-08-2018, 18:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma