Xəbər lenti

ABŞ prezidenti Donald Tramp əcnəbilərin ABŞ seçkilərinə müdaxiləyə görə cəzalandırılmasını nəzərdə tutan fərman imzalayıb.

Sentyabrın 12-də imzalanmış bu fərmandan əvvəl Tramp administrasiyası ABŞ seçkilərinə müdaxilə hədəsinin mövcud olduğuna əhəmiyyət verməməkdə günahlandırılırdı.

ABŞ milli təhlükəsizlik idarəsinin rəhbəri Dan Coats deyib ki, Birləşmiş Ştatlar hələki 2016-cı il seçkisinə Rusiya müdaxiləsi qədər güclü müdaxilə hiss etmir. Coats bunu da əlavə edib ki, sözü gedən fərman yalnız Rusiyaya aid deyil, Çin, Şimali Koreya və İran da mümkün təhlükə mənbəyi hesab olunurlar.

ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, prezident fərmanı Dövlət Departamenti və Ədliyyə Nazirliyinə mümkün sanksiyaların qoyulması səlahiyyətini verir. Bu sanksiyalara aktivlərin dondurulması, ABŞ maliyyə sisteminə girişin məhdudlaşdırılması və səfər məhdudiyyətlərinin qoyulması daxildir.

Amerikanın hərbi və hüquq-mühafizə qurumları xəbərlıq ediblər ki, noyabrın 6-da keçiriləcək Konqres seçkisinə xarici müdaxilə riski mövcuddur. Bu seçkidə hansı partiyanın Nümayəndələr Palatasına nəzarət edəcəyi müəyyənləşəcək.

Tramp indiyədək Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi barədə iddialara əhəmiyyət vermədiyini bildirib. Buna baxmayaraq Konqres Rusiya üzərinə ağır sanksiyalar nəzərdə tutan qanunu qəbul edib.

Hazırda Konqresdən keçməkdə olan yeni qanun layihəsi Rusiyaya qarşı daha sərt maliyyə sanksiyalarının qoyulmasını nəzərdə tutur.

Tramp habelə xüsusi prokuror Robert Mullerın Rusiyanın seçki müdaxiləsinə dair araşdırmasını tənqid edir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 359          Tarix: 13-09-2018, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma