Britaniya, Fransa, İtaliya və Almaniya qırıcıları Qərbi Avropa üzərində uçuşlar keçiriblər. Bu, NATO manevrləri çərçivəsində gerçəkləşdirilir, məqsəd Rusiya təyyarələrinin alyansın hava məkanına daxil olmasını əngəlləməkdir.
Sentyabrın 12-də başlanan təlimlər Rusiyanın ən təkmil havadan müdafiə sistemlərini sərgiləməsi ilə eyni vaxta təsadüf edir.
Bu arada Rusiyayla Qərb arasında gərginlik dərinləşməkdədir. Moskvanın Ukrayna və Suriyadakı hərəkətləri, Birləşmiş Ştatlar və Avropa ölkələrində seçkilərə müdaxilə iddiaları bu gərginliyi artırıb.
NATO təlimləri zamanı alyans üzvlərinin pilotları İspaniyaya uçan Belçika hərbi nəqliyyat təyyarəsini aşkarlamağı imitasiya ediblər.
NATO-nun hava məkanını 60 qırıcı təyyarə daim qoruyur. 2016-cı ildə Baltik regionunda Rusiya təyyarələrinin aşkarlanması ilə bağlı rekord sayda – 870 hal qeydə alınıb.
Alyansın Avropadan olan üzvləri müdafiə öhdəliklərini sərgiləməyə çalışırlar. Bu arada ABŞ prezidenti Donald Tramp NATO üzvlərini alyansa yetərincə maliyyə töhfəsi verməməkdə qınayır.
Hazırda blok elə bir razılaşma əldə etmək istəyir ki, üzvlərin hər birinin hava qüvvəsi digərinin hava məkanını “vahid səma” konsepsiyasına uyğun müdafiə etsin.
İndilik, hər bir ölkə öz hava məkanını qoruyur. Ancaq bütün üzvlər Baltik ölkələrinin hava məkanını da müdafiə edirlər, çünki bu ölkələrin yetərincə qırıcı təyyarəsi yoxdur.
NATO oktyabr-noyabr aylarında Norveçdə son 16 ilin ən böyük manevrlərini gerçəkləşdirəcək.
Təlimlərə alyansın üzvü olmayan Finlandiya və İsveç də daxil, 40 min hərbçinin qatılacağı gözlənir.
Rusiya hal-hazırda mərkəzi və şərq regionlarında irimiqyaslı hərbi təlimlər keçirir. Müdafiə Nazirliyi bu təlimlərə 300 minlik heyətin qatıldığını bildirir.
Sentyabrın 12-də təlimlərdə Rusiya ən yeni S-400 havadan müdafiə sistemini sərgiləyib. NATO bu sistemləri öz təyyarələrinə təhlükə sayır.
Moskva ötən il Türkiyəyə S-400 sistemlərinin satışı üzrə kontrakt imzalayıb. Bu addım NATO və Birləşmiş Ştatların qəzəbləndirib. Vaşinqton Ankara F-35 təyyarəsinin çatdırılmasını dayandırmaqla hədələyib.
(Azadlıq radiosu)
Paylaş: