Xəbər lenti

Nina Xruşşova

“Project Syndicate”

 

Media hakimiyyətin nəzarətində olduğundan millətçiliyi körükləyən Rusiya prezidenti Vladimir Putin həmişə yüksək etimad reytinqləri ilə öyünə bilirdi. Ancaq rusların həyatı, xüsusilə Qərb iqtisadi sanksiyalarından sonra heç yaxşılaşmır və Putin asta-asta nüfuzunu itirir.

Aprel ayında Kremlin keçmiş rus ikili agenti Sergei Skripal və qızını Britaniyada zəhərləməsinə cavab olaraq tətbiq olunan sanksiyaların ardınca rubl çökməyə başlayıb. İyun ayında Rusiyada keçirilən Dünya çempionatı dövründə hökumət təqaüd yaşını kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-dək qaldırmağı təklif edib. Nəticədə, ümumilikdə hökumətə etimad reytinqi kəskin şəkildə 15 pillə azalıb – bu, Putinin 18 illik hakimiyyəti dövründə ən böyük enişdir.

Bundan əlavə, Putinin özünə etimad təxminən 60%-dən 48%-ə düşüb. Halbuki hətta 2012-ci ildə, Putinin üçüncü dönəminin başlanğıcında belə, yəni baş nazirlikdən prezidentliyə qayıtdıqdan sonra kütləvi etiraz aksiyası keçirildikdə, rusların 60%-i ona etibar etdiyini söyləyirdilər.

O dövrdə Putin özünü Rusiyanın müdafiəçisi kimi təsdiqləyib. ABŞ prezidenti Barak Obama Suriyada “qırmızı xətt” tətbiq etmək istəmədiyi zaman (prezident Bəşər Əsəd kimyəvi silahdan istifadə edərkən) Kreml irəli atılaraq Əsədin müdafiəçisi olub.

Rusiyanın ABŞ-ın iradəsinə əyilməyəcəyini ifadə edərək, Putin Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudenə sığınacaq verib. Rusiya daxilində isə Putin yeni körpülər və yolların tikilməsi, infrastrukturun təkmilləşdirilməsi və parklar, fəvvarələr və kafelər, bir sözlə, ictimai yerlərin yenilənməsini təmin edib.

Bütün bunlar, öz azadlıqlarını daha da genişləndirmək daxil olmaqla, ruslara iqtisadi cəhətdən kömək etməsə də, Putini “Böyük Rusiya”nın çarı kimi tanıdıb. Rusiyanın Ukrayna ərazisini işğal və 2014-cü ilin martında Qərbə meydan oxuyaraq Krımı ilhaq etməsindən sonra onun etimad reytinqi ümumilikdə 87%-ə çatıb.

Mart ayında Putin prezident seçkilərində dördüncü müddəti, qismən digər tərəfdə güclü namizədlərin yoxluğuna görə, 76% səslə təmin edib. Seçkidən dərhal sonra, onun etimad reytinqi 82% səviyyəsində idi.

Amma tezliklə başlayan Dünya çempionatı bu reytinqi daha da yüksəldib. Ölkəyə 700 mindən çox əcnəbi qonaq gətirərək, turnir Rusiyanın əhəmiyyətini və onun liderini təsdiqləyib. Xatırladaq ki, Xorvatiya və Fransa prezidentləri Putinin çətiri altında yağışdan gizləniblər.

Bu vaxt rus xalqı qonaqpərvərliliyi ilə dünyanı heyran edib. Bar sahibləri, qatar bələdçiləri və ingilisdilli könüllülər qonaqları səmimiyyətlə qarşılayıblar.

Pensiya islahatı elan ediləndən sonra, sentyabrın 3-dən əhalinin 53%-i etiraz etməyə hazır olduğunu bildirib. Sentyabrın 9-da yerli seçkilər keçirilərkən, on minlərlə rus seçki günlərində siyasi təşviqatın qadağan edilməsinə qarşı çıxan, antikorrupsiyaçı hüquqşünas və müxalifət lideri Aleksey Navalnının təşkil etdiyi aksiyalara qatılıb.

Navalnı özü əvvəlki icazəsiz nümayişə görə həbs olunduğundan aksiyaya qatıla bilməyib. Amma bu, ən azı 2500 nümayişçinin Moskvanın Puşkin meydanına toplaşmasını dayandırmayıb, polislə şiddətli qarşıdurmada “Net puti – Yol yoxdur”  “Putin, təqaüdə çıxma vaxtıdır” kimi şüarlar dalğalanıb.

Etirazçılar yalnız pensiya islahatına qarşı çıxanlar deyil, Putin rejiminə qəzəblənən bir çox gənclərə meydan verib. Bir çoxları Putinin Rusiyanın “böyük güc” statusunu bərpa etdiyinə biganə olmasa da, korrupsiya və s. problemləri qabardır. Gənclər rejimi köhnəlmiş sayır və onların firkincə, Putinin özü dəyişikliklərə mane olur.

Amma Putinə rus iş adamları da etiraz edir, çünki sanksiyaların təsiri ilə planlaşdırılan vergi artımı ilə əlaqədar qəzəblidirlər. Gənc rusiyalılar kimi, sahibkarlar da Putinin keçmişdə daxili dəstək, davakar milliyyətçi siyasəti ilə formalaşan iddialı xarici siyasətini Rusiyanın artan iqtisadi və siyasi izolyasiyasının səbəbi sayır.

Putin mövqeyinin kövrək olduğunu bilir. Buna görə də, yüzlərlə etirazçı polis tərəfindən həbs edilib. Kreml yalnız mitinqlərdən yox, həm də biznesmenlərdən ibarət müxalifətin güclənməsindən qorxur, çünki onlardan bəziləri Rusiyanın güclü elitasıdır.

Regional hakimiyyət orqanları da Kremlin qərarlarını sabotaj etməyə başlaya bilər. Putinin Rusiyanın böyüklüyünün qoruyucusu və ümidi olması simvolu ayaq altından sürüşür və onun populyarlığını yeniləmək üçün bircə üsulu, məsələn, qonşu bir ölkə ərazisini Rusiyaya birləşdirmə və ya vətəndaş müharibəsinə müdaxilə praktikası var. Əgər o, Rusiyada real dəyişikliklər etməzsə, etimad reytinqi sürətlə aşağı enəcək və sonuncu dövrün, 2024-cü ilin başa çatmasına qədər prezident postunu tərk edəcək.

 Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 539          Tarix: 15-09-2018, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma