Vaşinqton Avropa İttifaqının İranın ABŞ sanksiyalarından yayınmasını nəzərdə tutan planını sərt tənqid edib. Həmin planın məqsədi İranın Avropa şirkətləri ilə ticarəti üçün alternativ yollar yaratmaqdır.
ABŞ dövlət katibi Mayk Pompeo sentyabrın 25-də Nyu Yorkda keçirilən konfransda deyib ki, o, plan barədə eşidəndə dərindən narahat və məyus olub. Plan barədə açıqlamanı bir gün öncə Avropa və İran rəsmiləri verib.
“Bu, regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı ağlagələn ən qeyri-səmərəli addımlardan biridir”, – deyən Pompeo Aİ-ni İranın mövqeyini terroru maliyyələşdirən bir nömrəli dövlət kimi möhkəmləndirməkdə ittiham edib.
Pompeo deyib ki, İranın pozğun ayətullalarının təklif olunan ödəniş sistemi barədə xəbəri eşidəndə necə güldüyünü təsəvvür edir.
Avropa ölkələri İranla 2015-ci ildə imzalanmış nüvə sazişinə əməl etməyə çalışırlar. Birləşmiş Ştatlar isə mayda sazişdən çıxıb və Tehrana sanksiyaların bərpa olunduğunu bildirib. Planın hədəfi də şirkətlərin ABŞ sanksiyalarından yan keçməklə İranla ticarəti davam etdirə bilməsidir.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Pompeo ilə eyni forumda çıxışı zamanı Aİ-nin planını detalları açıqlanmadığına görə tənqid edib. Bolton deyib ki, Birləşmiş Ştatlar sanksiyaların bərpasında qətiyyətli davranacaq. Sanksiyalar noyabrın 4-də tamamilə qüvvəyə minir. Onun deməsinə görə, Vaşinqton İranın neft müştərilərindən gözləyir ki, o vaxtadək idxalı sıfıra salsınlar.
Xatırladaq ki, Aİ-nin xarici siyasət rəhbəri Federika Mogerini sentyabrın 24-də axşam İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə çıxış edib. O deyib ki, sanksiyalardan yayınma planı qlobal sülhə xidmət edir. Mogerini BMT müfəttişlərinin İranın nüvə sazişinə əməl etməsinə dair açıqlamasını əsas gətirib.
Xarici işlər nazirləri birgə bəyanatlarında “Xüsusi Hüquqi Şəxs” yaratdıqlarını, məqsədin İranla ticarətdə ödənişləri asanlaşdırmaq olduğunu bildiriblər. Almaniyanın xarici işlər naziri Heiko Maas jurnalistlərə deyib ki, ABŞ sanksiyalarının təsirini minimuma endirməkdən ötrü Avropa və İran arasında güclü birlik var.
Neft və digər qlobal əhəmiyyətli malların ticarəti adətən ABŞ dolları ilə aparılır, amma ABŞ sanksiyaları İranın biznes məqsədilə dollardan istifadəsimi yasaqlayır.
Aİ, İran, Hindistan və Çin İrandan neft ixracını saxlamağa çalışırlar. Amma Beynəlxalq Maliyyə İnstitutunun sentyabrın 25-də açıqlamasına görə, İrandan neft ixracı artıq ciddi azalıb. Bu ilin aprelindən sentyabrınadək İrandan xam neft və kondensat ixracı günə 800 min barel azalaraq 2 milyon barrelə düşüb.
(Azadlıq radiosu)
Paylaş: