ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında bütün ölkələri İranın təcrid edilməsinə çağırdıqdan bir gün sonra, BMT Təhlükəsizlik Şurasındakı çıxışında da Tehranın tənqidini davam etdirib.
Tramp sentyabrın 26-da etdiyi çıxışda deyib ki, İran özünün ballistik raket proqramı üçün həssas materialların qanunsuz əldə olunmasını davam etdirir və bu raketləri Yaxın Şərq boyunca yayır:
“Bu rejim dünyada terrorun aparıcı sponsorudur və region boyunca, habelə ondan uzaqlarda münaqişələri qızışdırır”.
Lakin onun bütün ölkələrə İrana qarşı ABŞ sanksiyalarına qoşulmaq çağırışı 2015-ci il nüvə sazişinin digər imzaçıları tərəfindən rədd edilib. Bunlar Britaniya, Fransa, Rusiya, Çin və Almaniyadır.
Bu arada İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının toplantısı əsnasında jurnalistlərə deyib ki, Tehran, bu, onun ölkəsi üçün faydalı olacağı müddətdə sazişə sadiq qalmaqda davam edəcək.
Tramp Təhlükəsizlik Şurasına deyib ki, o bu sazişin İrana nüvə silahı yaratmaq imkanı verdiyinə inandığına görə ABŞ-ı 2015-ci il sazişindən çıxarıb. O iddia edib ki, 2015-ci il sazişi imzalanandan bəri İranın təcavüzü yalnız artıb.
Tramp deyib ki, bu birtərəfli razılaşma İrana nüvə bombası istiqamətində irəliləmək imkanı verib, habelə rejimə onun ən çox ehtiyacı olduğu bir vaxtda valyuta axını yaradıb.
Tramp deyib ki, onların vəziyyəti çox-çox ağır idi, onlara pul lazım idi və biz bu pulu verdik. ABŞ prezidenti habelə İranla biznes edəcək bütün şirkətlərin cəzalandırılacağına dair hədəsini təkrar edib.
Bundan bir gün əvvəl 2015-ci il sazişini imzalamış digər beş ölkə İranla ticarətin davam etdirilməsi üçün xüsusi ödəniş sistemi yaradacaqlarını elan etmişdi.
Lakin Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Tereza Mey Trampın İranla sazişi qiymətləndirməsi ilə razılaşmadıqlarını bildiriblər. Onlar israr ediblər ki, bu saziş Tehranın nüvə silahı yaratmasının qarşısını alıb. Mey deyib ki, kütləvi qırğın silahlarının yayılmasının qarşısı yalnız “2015-ci il sazişini əldə etmiş kollektiv liderliyə bənzər bir liderliklə alına bilər.
Britaniya baş naziri əlavə edib ki, 2015-ci ilin nüvə sazişi İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün ən yaxşı vasitə olaraq qalır.
Makron deyib ki, Tramp ABŞ-ı bu sazişdən çıxarmaqla çox ciddi etimad böhranı yaradıb. O əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi bu sazişə Təhlükəsizlik Şurasının bütün üzvləri tərəfindən ehtiram göstərilməsi zəruridir. Makron onu da qeyd edib ki, İranın ballistik raket proqramının doğurduğu narahatlıqla bağlı yeni danışıqlar üçün bazanın mövcud olması lazımdır:
“BMT Təhlükəsizlik Şurasının üzvləri kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq rejimə və bu rejimi dəstəkləyən beynəlxalq təsisatlara hücum etməməlidirlər”. Makron deyib ki, nüvə sazişi 2015-ci ildə imzalanandan bəri onu imzalayanların yolları ayrılıb.
Tereza Mey İranı da tənqid edərək deyib ki, raketlərin və təkmil hərbi texnologiyaların Livandakı Hizbullah kimi qruplara və ya Yəməndəki şiə huti qiyamçılarına ötürülməsi Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun deyil.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasındakı çıxışında deyib ki, Trampın İran sazişindən çıxmaq qərarı kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq rejimə təhlükə təşkil edir. O deyib ki, Rusiya Avropa İttifaqı, Çin və İranla birlikdə 2015-ci il sazişinin qorunub saxlanmasına çalışır.
Çinin xarici işlər naziri Vang Yi deyib ki, İranla nüvə müqaviləsi çoxtərəfliyin çətin əldə etdiyi nailiyyətdir. O qeyd edib ki, mükəmməl beynəlxalq razılaşma yoxdur, lakin İranla nüvə sazişi BMT-nin Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilib. Çin naziri İranı nüvə sazişinə bağlı qalmağa çağırıb.
(Azadlıq radiosu)
Paylaş: