Xəbər lenti

Birləşmiş Ştatlar Bosniyanın seçki prosesindəki qüsurlardan narahatlıq bildirib, eyni zamanda sabit və çiçəklənən Bosniya və Herseqovinanı dəstəklədiyini də dilə gətirib.

Oktyabrın 7-də keçirilmiş seçkidə Bosniyanın parçalanmasına tərəfdar olan serb millətçi ölkənin üçyerlik prezidentliyində yer qazanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Heyzə Nauert oktyabrın 8-də axşam bildirib ki, Birləşmiş Ştatlar ATƏT-in seçkini müşahidə missiyasının, beynəlxalq müşahidə missiyalarının və yerli qeyri-hökumət təşkilatlarının seçki prosesi barədə səsləndirdiyi narahatlıqları bölüşür:

“Buraya seçici siyahısının dəqiqliyi, seçki müşahidəçilərinin qərəzsizliyi, mediaya bərabər çıxış, dövlət resurslarından sui-istifadəylə bağlı narahatlıqlar daxildir”.

Nauertin səsləndirdiyi narahatlıqlar arxasında nəyin durduğu bəlli deyil. Amma “AP” agentliyi xəbər verir ki, prezidentlikdə yer qazanmış Bosniyanın serb lideri Milorad Dodikin opponentləri saysız pozuntuların baş verdiyini iddia edərək səslərin yenidən sayılmasını istəyir.

ATƏT isə ümumilikdə seçkinin nəticəsini müsbət dəyərləndirib. Bosniya prezidentliyində müsəlmanları Sefik Cəferovic, xorvatları isə Zelijko Komsic təmsil edəcək. (azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 9-10-2018, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma