Oktyabrın 15-də Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında yüksək səviyyəli danışıqların növbəti mərhələsi keçiriləcək.
Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, tərəflər sərhədyanı Panmuncom qəsəbəsinin Cənubi Koreyaya aid hissəsində yerləşən Sülh sarayında görüşəcəklər. Nazirlər səviyyəsində keçiriləcək görüşdə tərəflər iki ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrası yollarına dair məsləhətləşmələr aparacaqlar.
Birgə hərbi komitənin yaradılması planı, Şimali Koreyanın avtomobil yollarının və dəmir yolu şəbəkəsinin modernləşdirilməsi layihəsinin hazırlanması, Koreya müharibəsi nəticəsində ayrılan ailələrin üzvlərinin görüşünün təşkili məsələsi də görüşün gündəliyindədir. Tərəflər, həmçinin Pxenyanın incəsənət truppasının Seulda konserti, 2020-ci il Yay Olimpiya Oyunlarında vahid Koreya komandasının iştirakı, 2032-ci il Olimpiya Oyunlarına birgə ev sahibliyi mövzularında da fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, KXDR lideri Kim Çen In və Koreya Respublikasının Prezidenti Mun Ce-in sentyabrda Pxenyanda görüşərək, iki ölkə arasında gərginliyin azaldılması, əlaqələrin genişləndirilməsi və Şimali Koreyanın nüvə silahı proqramının dayandırılmasına dair razılıq əldə etmişdilər.
Paylaş: