Rusiyanın müxalifət lideri Aleksey Navalnı 50 günlük həbsdən çıxandan sonra yenə polisə çağırılıb. Ona yeni ittihamın irəli sürüləcəyi güman edilir.
Navalnı Twitter-də yazıb ki, müstəntiqlər onun vəkilinə 2016-cı ildə açılmış bir cinayət işi üzrə müxalifətçiyə böhtana görə ittiham irəli sürülə biləcəyini deyiblər. O, oktyabrın 15-də Moskvada polisə getdiyini, vəkili ilə birlikdə orada 3 dəqiqə olduğunu, ona gözlənən ittihamın təqdim olunduğunu, amma rəsmən irəli sürülmədiyini yazıb.
Navalnı daha öncə videobloqunda yazıb ki, mümkün böhtan ittihamı iki il öncə ona keçmiş polis müstəntiqi Pavel Karpov tərəfindən açılmış işlə əlaqədardır.
2016-cı ildə onlayn dərc olunmuş hesabatda Navalnının araşdırıcı təşkilatı Karpovu vəkil Sergey Maqnitskinin ölümündə əli olmaqda ittiham etmişdi. Maqnitski 2007-ci ildə dövlətdən 230 milyon dolların necə oğurlanması mexanizmini üzə çıxarmışdı. O, sonradan həbsə atıldı, üzə çıxardığı cinayətlərdə əli olmaqda suçlandı və 2009-cu ildə Moskvada həbsxanada vəfat etdi.
Paylaş: