Xəbər lenti

Birləşmiş Ştatlardan gözlənən sanksiyalar ucbatından İran müştərilərinin bir qismini itirib, amma iymətlərin bahalığı satışın azalmasını kompensasiya edir. Bunu İranın vitse-prezidenti Eşaq Cahangiri deyib. “Bəzi ölkələrin İrandan neft almağı dayandırmasına baxmayaraq, yeni tərəfdaşlar tapmışıq”, – o, oktyabrın 15-də İranın IRIB televiziyasına deyib.

Amerika düşünür ki, bu nefti Səudiyyə Ərəbistanı verəcək. Ancaq indi İran neftinin barelinin qiyməti 80 dollara çatıb, əvvəlki ixracın yarısı qalsa da, gəlirimiz dəyişməyəcək”, – vitse-prezident vurğulayıb.

Cahangiri onu da deyib ki, İrandan neft idxalını dayandırmış bəzi ölkələr bu ölkədən enerji alışını dolayısı ilə davam etdirməyin yollarını axtarırlar. Gedişat onu göstərir ki, Birləşmiş Ştatlar İranın neft ixracını sıfıra endirə bilməyəcək, vitse-prezident vurğulayıb.

Qeyd edək ki, İranın neft ixracını hədəfləyən sanksiyalar noyabrın 5-dən qüvvəyə minir. ABŞ rəsmiləri isə İranın neft ixracını sıfır səviyyəsinə salmaq istədiklərini deyiblər. Elə Cahangirinin sözləri də ölkənin neft ixracının yarıbayarı azalmasının dolayısı yolla etirafıdır. Apreldə ixrac günə pik həddə – 2,5 milyon barrelə çatmışdı.

Beynəlxalq Valyuta Fondunun ötən həftə açıqlamasına görə, sanksiyalar artıq İranın neftə söykənən iqtisadiyyatında durğunluq yaradıb.

İran Milli Neft Şirkəti elan edib ki, dörd il öncə, qlobal sanksiyaların son raundu zamanı neft satışında istifadə etdiyi neft mübadiləsini işə salır. Neft mübadiləsi mexanizmi ABŞ sanksiyalarından yan keçməyə imkan verir. Bu, özəl şirkətlərə imkan verəcək ki, Tehranda hərracda xam neft alsınlar və onu açıq bazarda satsınlar. Sanksiyalar 2015-ci ildə nüvə sazişi imzalanandan sonra qaldırıldı. ABŞ mayda nüvə sazişindən çıxdığını, sanksiyaları bərpa etdiyini bəyan edib.

The Time of Israel” yazır ki, İran ola bilsin, ötən ay Rusiyayla da razılaşma əldə edib. Yəni, Rusiya İranın xam neftini alacaq, onu emal edib qlobal alıcılara satacaq. Bu, neftin Rusiya bazarlarında yuyulması vasitəsilə ABŞ sanksiyalarından yayınmağın daha bir üsuludur.

“Reuters”-in oktyabrın 15-də xəbər verməsinə görə, neft tankerləri İran neftini Çinə, Hindistana, Türkiyə və İtaliyaya daşımaqdadır. Oktyabrın birinci həftəsində İrandan neft ixracı günə ortalama 1,1 milyon barrel olub.

Neft təhlilçiləri apreldən bəri neftin barrelinin 80 dollaradək qalxmasını qismən İrandan neft ixracının azalmasıyla bağlayırlar. Amma Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook oktyabrın 15-də Parisdə jurnalistlərə deyib ki, bazar İran nefti olmadan da yaxşı keçinir.

(Azadlıq radiosu)

  




Ana səhifəyə qayıt        Baxış: 239          Tarix: 16-10-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma