Xəbər lenti

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Pakistanı oktyabrın 16-da 14 iranlı hərbçini bu ölkə ilə sərhəddə oğurlamış silahlılara qarşı tədbir görməyə çağırıb.

İİKK-in bu barədə verdiyi bəyanatda deyilir: “Biz Pakistanın bəzi regional ölkələr tərəfindən dəstəklənən bu terrorçu qruplara qarşı mübarizə aparacağına və oğurlanmış İran hərbçilərinin dərhal azad ediləcəyinə ümid edirik”.

Oğurlananlardan ikisinin İİKK-in kəşfiyyatçısı, yeddisinin Bəsic könüllü silahlıları, qalanlarının isə sərhədçilər olduğu xəbər verilir.

Pakistanın Xarici İşlər Nazirliyi sonradan bildirib ki, Pakistan və İran orqanları oğurlanmış hərbçilərin yerinin müəyyənləşdirilməsi üçün birlikdə işləyirlər. Nazirliyin bəyanatında deyilir ki, Pakistan İran hərbçilərinin tapılması üçün əlindən gələni əsirgəməyəcək.

İranın rəsmi IRNA agentliyi bildirib ki, hərbçilər səhər erkən saatlarında sərhədin Lüləkdan adlı ərazisində terrorçu qrup tərəfindən oğurlanıblar. Lüləkdan İranın Sistan-Bəlucistan ostanının mərkəzi şəhəri Zahedanın 150 kilometrliyində yerləşir. Hərbçiləri oğurlayan qruplaşmanın konkret adı çəkilmir.

Bu ərazidə tez-tez İran qüvvələri ilə bəluc separataçılar və narkotik maddə qaçaqmalçıları arasında toqquşmalar baş verir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 380          Tarix: 17-10-2018, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma