AFR 2021-ci ildən Avropa İttifaqının (Aİ) büdcəsinə üzvlük haqqını 15 milyard avro artırmalı olacaq. Bu, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlıdır. Məlumatı “Frankfurter Allgemeine Zeitung” ölkənin Maliyyə Nazirliyinə istinadla yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iqtidarda olan Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı bloku ilə Almaniya Sosial Demokrat Partiyasının bağladığı koalisiya müqaviləsində bildirilir ki, AFR-in yeni hökuməti Aİ büdcəsinə üzvlük haqqını artırmağa hazırdır.
Büdcə məsələləri üzrə Avropa komissarı Günter Ettinger 2021-2027-ci illər üçün Aİ-nin maliyyə çərçivəsini təqdim edəndə AFR-in üzvlük haqqının 12 milyard avro artacağını güman edirdi. İndi isə söhbət 15 milyard avrodan gedir. Almaniya yeddi il üçün 45 milyard avro ödəməli olacaq. Üzvlük haqqının artması “Brexit”, habelə xarici sərhəd və təhlükəsizliyin mühafizəsi ilə bağlı yaranan əlavə xərclərdən irəli gəlir.
Paylaş: